Məhkəmə qərarları › İş №2-1(120)-1753/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1753/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1753/2025 12.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiyasının yenidən hesablanıb birdəfəyə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müaricət etdiyi tarixdən üç il əvvəlki tarixə, yəni xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən üç il əvvəlki tarixə, yəni xx.xx.2019-cu tarixdən təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(120)-522/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddanın təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən üç il əvvəlki tarixə, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)473/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətini qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-522/2024 saylı qərarının ləğv edilməsi, inzibati işin Şirvan İnzibati Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. İnzibati iş xx.xx.2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsin İnzibati Kollegiyası tərəfindən məhkəməyə geri qaytarılmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02 avqust 1959-cu il tarixdə doğulmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. xx.xx.1975-ci ildə X3 İdarəsinə 2-ci dərəcli avtoçilingər işinə qəbul olunmuşdur. xx.xx.1978-ci ildə hərbi xidmətə gedəcəyi üçün həmin idarədən işdən çıxmışdır. xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur.xx.xx.1980-ci ildə X1 fəhlə işinə qəbul olunmuşdur. xx.xx.1984-cü ildə həmin idarədən işdən çıxmışdır.xx.xx.1984-cü ildə Salyan 2 nömrəli Səyyar Mexanikiləşdirilmiş dəstədə 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuşdur. xx.xx.1986-cı ildə ixtisara düşdüyünə görə işdən çıxmışdır.xx.xx.1986-cı ildə Tikinti Quraşdırma İdarəsinə 4-cü dərəcəli suvaqçı işinə qəbul olunmuşdur. xx.xx.1986-cı ildə həmin idarədən işdən çıxmışdır.xx.xx.1986-cı ildə “Baqanskol” Təmir Təşkilatı Birliyinə 4-cü dərəcəli suvaqçı işinə qəbul olunmuşdur. xx.xx.1986-cı ildə işdən çıxmışdır.xx.xx.1986-cı ildə X1 fəhlə işinə qəbul olunmuşdur. xx.xx.1987-ci ildə həmin idarədən işdən çıxmışdır.xx.xx.1987-ci ildə Xüsusi Səyyar Mexanikləşdirilmiş Dəstəyə 5-ci dərəcəli suvaqçı işinə daxil olmuşdur. xx.xx.1988-ci ildə həmin idarədən işdən çıxmışdır.xx.xx.1988-ci ildə Təmir-Tikinti İdarəsi Sənaye Müəssisəsinə 2-ci dərəcəli fəhlə qəbul olunmuşdur. xx.xx.1988-ci ildən 4-cü dərəcəli bənna, xx.xx.1989-cu ildən 5-ci dərəcəli bənna, xx.xx.1989-cu ildə isə həmin idarədən işdən çıxmışdır.xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhər İstehlak Cəmiyyətinə 5-ci dərəcəli Bənna işinə qəbul olunmuşdur. xx.xx.1990-cı ildə həmin idarədən işdən çıxmışdır.xx.xx.1990-cı ildə X11 Stansiyalarının təmiri zavodunda tikinti və təmir sahəsinə 4-cü dərəcəli suvaqçı qəbul olunmuşdur. xx.xx.1990-cı ildə enerji mexaniki şöbəsinə 4-cü dərəcəli qazanqurğusu üzrə maşinist keçirilmişdir, xx.xx.1990-cı ildə isə həmin idarədən işdən çıxmışdır.xx.xx.1990-cı ildə “Xüsusi Enerji” idarəsinə 3-cü dərəcəli rəngsaz işinə qəbul olunmuşdur. xx.xx.1990-cı ildə həmin idarədən işdən çıxmışdır.xx.xx.1990-cı ildə Cənub Xüsusi Enerji Tikinti İdarəsində 3-cü dərəcəli izolyasiyaçı işinə qəbul olunmuşdur. xx.xx.1993-cı ildə həmin idarədən işdən çıxmışdır.xx.xx.1993-cü ildə Xüsusi Enerji Mühafizə Tikinti müəssisəsində 3-cü dərəcəli izolyasiyaçı işinə qəbul olunmuşdur. xx.xx.1997-ci ildə həmin idarədən işdən çıxmışdır.xx.xx.1997-ci ildə X6 X9-Bayramlı sahəsinə anti-korroziya sexinə 3-cü dərəcəli izolyasiyaçı işinə qəbul olunmuşdur. xx.xx.1997-ci ildə 4-cü dərəcəli izolyasiyaçı, xx.xx.1998-ci ildə 5-ci dərəcəli izolyasiyaçı işləmişdir. xx.xx.2001-ci ildə həmin idarədən işdən çıxmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3-17-1/2-35177/2023 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pesiyasının təyin edilməsini xahiş etsə də, iddia ərizəsində inzibati aktı qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Cavabdeh orqa tərəfindən iddiaçıya ünvanlana xx.xx.2022-ci il tarixli **********8 nömrəli güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında mətubunda İddiaçı DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalında müraciətinə baxılması üçün lazımi sənədlər təqdim etmədiyi qeyd olunmuşdur. Daha sonra cavabdeh inzibati orqan xx.xx.2026-cı il tarixdə 3-17-1/2-29187/2026 saylı ərizə təqdim edərək göstərmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-522/2024 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən üç il əvvəlki tarixə, yəni xx.xx.2019-cu il tarixindən təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(106)-473/2024 nömrəli qərardadına əsasən cavabdeh inzibati orqanın apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1 (120)-522/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır.Məhkəmənin mövqeyinə əsasən cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi baxımından təftiş edilməsi üçün əslini tələb etməkdə haqlı olmuş və bununla iddiaçının hüquqlarını məhdudlaşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müvafiq araşdırma aparması üçün vaxt verilsə də, qeyd olunan sənədin təqdim edilibedilməməsi halına diqqət yetirməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçı müxtəlif dövrlərdə ümumilikdə 11 fərqli müəssisədə işləmiş, həmin dövrlərin güzəştli hesab edilə biləcək hissəsi ilə bağlı yuxarıda qeyd olunan Qaydaya 2 nömrəli Əlavədə göstərilmiş müvafiq arayışları inzibati orqana, eyni zamanda məhkəməyə təqdim etməmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin müəssisələrin hazırda fəaliyyətdə, olub-olmaması araşdırılmamış, müsbət halda həmin müəssisələrdən arayışın əldə edilməsi, fəaliyyətdə olmadığı təqdirdə isə analoji fəaliyyətlə məşğul olan digər müəssisələrdən iddiaçının işlədiyi peşələrin zərərli olub-olmaması ilə bağlı məlumatların əldə edilməsini təmin etməmiş, sadəcə iddiaçının işlədiyi peşələrin adlarının müvafiq siyahıda olan kodlara uyğun gəlməsini müəyyən etməklə kifayətlənmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi özünün 16 aprel 2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi (“güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən üç il əvvəlki tarixə hesablanıb ödənilməsi”) barədə ərizəni icraata qəbul etsə də, ərizədə pensiya təyinatı aparılması barədə tələbin olmamasına diqqət yetirməmiş, iddianın yenidən dəqiqləşdirilməsi barədə iddiaçıya hüquqi yardım etməmiş, buna baxmayaraq yekun qərar qəbul edərkən tələbdən kənara çıxamaqla iddiaçıya pensiya təyin edilməsi ilə bağlı iddianın təmin edilməsi qənaətinə gəlmişdir. İddiaçı məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli **********8 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında” məktubunda İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə baxılması üçün lazımi sənədlər təqdim etmədiyi qeyd olunmuşdur.Həmin məktubda təqdim edilməsi zəruri olan sənədlərin siyahısı da qeyd olunmuşdur :şəxsiyyət vəsiqəsinin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.);“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli;pensiya təyin edilməsi ilə bağlı ərizə. Cavabdehin məktubunda İddiaçı əmək kitabçasının əsli və güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının təqdim olunması və bu sənədlər təqdim olunduqdan sonra müraciətə baxıla biləcəyi qeyd olunmuşdur.Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1959-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: НЗ seriyalı, ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək SSR ordusunda hərbi xidmətdə olmuşdur ( 2 il 15 gün). İddiaçı Sulatn oğluna məxsus xx.xx.1975-ci ildə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Sulatn oğlu aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1975-ci ildə ştat üzrə ikinci dərəcəli avto/çilingər vəzifəsinə qəbul olunmuşdur (Əmr № 106/15, xx.xx.1975); xx.xx.1978-ci ildə Sovet Ordusuna hərbi xidmətə getməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur (Əmr 39/k, xx.xx.1978); ( 2 il 7 ay 25 gün) xx.xx.1980-ci ildə Əli Bayramlı komplektasiya bazasına fəhlə vəzifəsinə qəbul olunub ( Əmr № 86, xx.xx.1980); xx.xx.1984-cü ildə işdən azad olunub (Əmr № 130-1, xx.xx.1984); ( 4 il 3 ay 14 gün) xx.xx.1984-cü ildə X4 dəstəsi 2 Əli Bayramlı sahəsinə birinci dərəcəli fəhlə qəbul olunub (Əmr № 102-k, xx.xx.1984); xx.xx.1986-cı ildə ixtisara düşməsi ilə bağlı işdən azad olunub ( Əmr №-16-k, xx.xx.1986); ( 1 il 4 ay) xx.xx.1986-cı ildə Azərbaycan SSR Tikinti Quraşdırma İdarəsinə 4-cü dərəcəli suvaqçı vəzifəsinə qəbul edilmişdir (Əmr № 3, xx.xx.1986); xx.xx.1986-cı ildə öz ərizəsi ilə işdən azad edilmişdir (Əmr № 48, xx.xx.1986); ( 1ay 22 gün) xx.xx.1986-cı ildə Baqanski Rayon İstehsalat Birliyi “X10” 4-cü dərəcəli suvaqçı işinə qəbul olunmuşdur ( Əmr № 21, xx.xx.1986); xx.xx.1986-cı ildə işdən azad edilmişdir (Əmr № 25, xx.xx.1986); ( 25 gün) xx.xx.1986-cı ildə Əli Bayramlı komplektasiya bazasına fəhlə vəzifəsinə qəbul edilmişdir ( Əmr 51-3, xx.xx.1986); xx.xx.1987-ci ildə işdən azad edilmişdir ( Əmr № 6, xx.xx.1987); (7 ay 20 gün) xx.xx.1987-ci ildə Kür Araz çaylar Bənd atma İdarəsi ixtisaslaşdırılmış səyyar mexanikləşdirilmiş dəstəsinə 4-cü dərəcəli suvaqçı təyin olunmuşdur (Əmr № xx.xx.1987ci il); xx.xx.1988-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr №52k/, xx.xx.1988); ( 1 il 2 ay 8 gün) xx.xx.1988-ci ildə Sənaye müəssisələri İB TTİ 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr № 10, xx.xx.1988); xx.xx.1989-cu ildə işdən azad olunmuşdur ( Əmr № 73, xx.xx.1989); ( 1 il 6 ay 25 gün) xx.xx.1989-cu ildə Əli Bayramlı ŞİC (QORPO) müəssisəsinə 5-ci dərəcəli bənna kimi işə qəbul olunmuşdur (Əmr № 34, xx.xx.1989); xx.xx.1990-cı ildə işdən azad edilmişdir (Əmr № 52, xx.xx.1990); ( 27 gün) xx.xx.1990-cı ildə Əli X18 Stansiyalarının təmiri zavoduna Tikinti və təmir sahəsinə 4-cü dərəcəli suvaqçı vəzifəsinə qəbul olunmuşdur (Əmr №10, xx.xx.1990); xx.xx.1990-cı ildə işdən azad edilmişdir (Əmr № 50, xx.xx.1990); ( 2 ay 14 gün) xx.xx.1990-cı ildə “Xüsusi enerji” İB 3-cü dərəcəli tikinti-rəngsazı işinə qəbul olunmuşdur (Əmr № 13, xx.xx.1990); xx.xx.1990-cı ildə işdən azad olunmuşdur ( Əmr № 27; xx.xx.1990); ( 28 gün) xx.xx.1990-cı ildə Xüsusi enerji mühafizəsi idarəsi X12 İdarəsinə üçüncü dərəcəli izolyasiyaçı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 173, xx.xx.1990); xx.xx.1993-cü ildə işdən azad olmuşdur (Əmr №93, xx.xx.1993); ( 3 il 4 ay 6 gün) xx.xx.1993-cü ildə Azərbaycan-X8 “Xüsusi Enerji Mühafizə müəssisəsi” Əli- Bayramlı sahəsinə üçüncü dərəcəli izolyasiyaçı vəzifəsinə qəbul edilmişdir (Əmr №23, xx.xx.1993); xx.xx.1997-ci ildə işdən azad olunmuşdur (Əmr № 139, xx.xx.1997); ( 3 il 5 ay 22 gün ) xx.xx.1997-ci ildə “Azərenerjiistilikizoliyasiya” İstehsalat İdarəsi Əli Bayramlı sahəsinə paslanmaya qarşı qoruması sexinə 3-cü dərəcəli izopliyasiyaçı vəzifəsinə qəbul edilmişdir (Əmr 9-k, xx.xx.1997); xx.xx.2001-ci ildə öz xahişi ilə işdən azad olunub (Əmr № 18/k, xx.xx.2001). ( 4 il 4 ay 19 gün). (hərbi xidmət daxil 25 il 6 ay) X13 Filialının xx.xx.2019-cu il tarixli 26 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, mühafizə olunan Salyan rayon X5 (MES) və Meşə Meliorativ stansiyasının 1984-1986-cı illərə aid əmr və əmək haqqı cədvəllərində İddiaçı işləməsi; Əmr № 102-k10, xx.xx.1984- Əli Bayramlı sahəsi üzrə 1-ci dərəcəli fəhlə qəbul edilmiş götürmə iş üsülü ilə əmək haqqı verilsin. xx.xx.1984-cü ildən; Əmr №16-k, xx.xx.1986-Əli Bayramlı sahəsində yerləşən üzən nasos-stasiyalarının qaldırılıb təmir edilməsi tikinti obyekti Sabirabad UXCM-nə təhvil verildiyi üçün İddiaçı-1-ci dərəcə fəhlə ixtisara düşüdüyü üçün 10.02.86-cı il tarixdən işdən azad edilmişdir ( 1984-cü il üzrə oktyabr-dekabr; 1985-ci il üzrə yanvar-noybar; 1986-cı il üzrə yanvar-fevral ayları üzrə əmək haqqı ödənildiyi qeyd olunmuşdur). SOCAR “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1975-ci ildə Əli X7 İdarəsinə avtomobillərin təmiri üzrə 2-ci dərəcəli çilingə işinə qəbul edilmişdir xx.xx.1978-ci ildə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. X14 Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 30 №-li cavab məktubunda qeyd olunmuşdur ki, X17 Avadanlıqların komplektləşdirmə bazasının 1980- 1984-cü illərə aid əmək haqqı hesablama cədvəlləri, 1987-1988-ci illərə aid ixtisaslaşdırılmış səyyar mexanikləşdirmə dəstəsinin sənədləri, Melorasiya Nazirliyinin tikinti idarəsinin 1988-1989-cu illərin sənədləri, Əli Bayramlı ŞİÇ (QORPO) müəssisəsinin 1989-1990-cı illərin sənədləri, Əli X18lar stansiyasının 1990-cı illərin sənədləri, Əli Bayramlı xüsusi enerji idarəsinin 1990-1993-cü illərin sənədləri, Əli Bayramlı xüsusienerjimühafizə idarəsinin 1993-1997-ci illərə aid sənədləri, Azərenerjiistilikizolyasiya müəssisəsinin 1986-cı ilin iyun-dekabr, 1987-ci ilin yanvar ayı üzrə; 1997-2001-ci illərin əmrlər kitabı X19 Filialına təhvil verilməyib. Filialda mühafizə olunan X17 Avadanlıqların Komplektləşdirmə bazasının 1980-1984, 1986-1987-ci illərin əmrlər kitabından çıxarış təqdim olunmuşdur. Məktuba əlavə olunmuş əmək haqqının aylar üzrə məbləği 1997-ci ilin aprel-dekabr ayları, 1998-ci ilin yanvar-dekabr, 1999-cu ilin yanvar-dekabr, 2000-ci ilin yanvar-dekabr, 2001-ci ilin yanvar-avqust ayları üzrə ödəniş aparıldığı qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: X14 Filialının 3-48-DA-14F/2-07/2025, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1975-xx.xx.1978-ci il Əli X7 İdarəsinin (sonradan “Azneft” İB Əli X7 İdarəsi), xx.xx.1986-xx.xx.1986-ci il SSR Tikinti-Quraşdırma İdarəsinin, xx.xx.1987xx.xx.1988-ci il Kür-Araz çaylar bənd atma İdarəsi ixtisaslaşdırılmış səyyar mexanikləşdirilmiş dəstəsinin, xx.xx.1988-xx.xx.1989-cu il Sənaye müəssisələri İB TTİ-nin, xx.xx.1989-xx.xx.1990-cı il Əli Bayramlı ŞİC (QORPO) müəssisəsinin və xx.xx.1990xx.xx.1990-cı il Əli X18 Stansiyalarının təmiri Zavodunun sənədləri, həmçinin Əli Bayramlı (indiki Şirvan) “Komplektasiya bazası”nın 1980-1984-cü illərə aid əmək haqqı hesablama cədvəlləri kitabları Azərbaycan Respublikası X19n filialına təhvil verilməyib. Azərbaycan Respublikası X19n filialında mühafizə olunan Əli Bayramlı (indiki Şirvan) “Komplektasiya bazası” nın 1980, 1984, 1986, 1987-ci illərə aid əmrlər kitabında və iyun 1986-cı ildən yanvar 1987-ci ilə qədər əmək haqqı cədvəlləri kitablarında vətəndaş İddiaçı adına aşkar olunan əmrlərin və cədvəllərin müvafiq qaydada təsdiq olunmuş surətləri təqdim olunur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın **********8 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli və güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli təqdim olunarsa onun müraciətinə baxıla bilər. Tətbiq edilən hüquq. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasının: ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə; Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (bənd 1). İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır (bənd 3). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: … Maddə 11.Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. … Maddə 19. Mötəbərlik prezumpsiyası. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

Məhkəmənin mövqeyi.

Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Qanunvericiliyin tələbinə görə hazırki iş üzrə iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 57 yaşı tamamlanmalı, azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müəyyən olunmuş işlərdə çalışmalıdır. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1959-cu il təvəllüdlü iddiaçının xx.xx.2016-ci il tarixində, yəni 57 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq ümumi iş stajına da daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları bildirir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X16) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İddiaçının məhkəməyə təqdim etdiyi, НЗ seriyalı, ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən xx.xx.1975-ci ildə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə təsdiq edilmiş surətindən onun 23 il 5 ay 15 əmək stajı və 2 il 15 gün hərbi xidməti müəyyən olunur. İddia ərizəsinə və işin digər materiallarına əsasən müəyyən olunur ki, konkret halda iddiaçının əmək kitabçası mövcud deyil, iddiaçının deməsinə görə əmək kitabçasını qeyrimüəyyən şəraitdə itirmişdir və işlədiyə müəssisələr hal-hazırda fəaliyyət göstərmir. Bu baxımından, iddiaçının əmək fəaliyyətininə dair yalnız arxiv məlumatlarının tədqiq olunması zərurəti yaranmış, bununla bağlı aparılan məhkəmə araşdırması zamanı isə aşağıdakılar müəyyən olunmuşdur. X14 Filialının 3-48-DA-14F/2-07/2025, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1975-xx.xx.1978-ci il Əli X7 İdarəsinin (sonradan “Azneft” İB Əli X7 İdarəsi), xx.xx.1986-xx.xx.1986-ci il SSR Tikinti-Quraşdırma İdarəsinin, xx.xx.1987xx.xx.1988-ci il Kür-Araz çaylar bənd atma İdarəsi ixtisaslaşdırılmış səyyar mexanikləşdirilmiş dəstəsinin, xx.xx.1988-xx.xx.1989-cu il Sənaye müəssisələri İB TTİ-nin, xx.xx.1989-xx.xx.1990-cı il Əli Bayramlı ŞİC (QORPO) müəssisəsinin və xx.xx.1990xx.xx.1990-cı il Əli X18 Stansiyalarının təmiri Zavodunun sənədləri, həmçinin Əli Bayramlı (indiki Şirvan) “Komplektasiya bazası”nın 1980-1984-cü illərə aid əmək haqqı hesablama cədvəlləri kitabları Azərbaycan Respublikası X19n filialına təhvil verilməyib. Azərbaycan Respublikası X19n filialında mühafizə olunan Əli Bayramlı (indiki Şirvan) “Komplektasiya bazası” nın 1980, 1984, 1986, 1987-ci illərə aid əmrlər kitabında və iyun 1986-cı ildən yanvar 1987-ci ilə qədər əmək haqqı cədvəlləri kitablarında vətəndaş İddiaçı adına aşkar olunan əmrlərin və cədvəllərin müvafiq qaydada təsdiq olunmuş surətləri təqdim olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Beləliklə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı digər şərtlərlə yanaşı ümumi iş stajı şərtini ödəmişdir. Bununla yanaşı məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti ödəməmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdır.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar