Məhkəmə qərarları › İş №2-1(120)-1770/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1770/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1770/2025 02.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın və sərəncam əsasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 16 saylı Ucar Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 6 iyun 2024-cü il tarixli 126 nömrəli sərəncamın, onun əsasında tərtib edilmiş 6 iyun 2024-cü il tarixli 9 nömrəli icarə müqaviləsinin və DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Cavabdeh, üçüncü şəxs qismində X12 qeyd olunmaqla Cavabdeh Başçısının 06 iyun 2024-cü il tarixli 126 nömrəli sərəncamının, onun əsasında tərtib olunmuş 06 iyun 2024-cü il tarixli 9 nömrəli icarə müqaviləsinin ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə Kürdəmir rayonu, Carlı kəndində yaşayır. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə ona və 3 nəfər ailə üzvünə 2,25 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilməklə, təhvil verilmiş və 17 iyul 2006-cı il tarixdə JN-204 KOD90608018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastr və reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə almasına dair xx.xx.2023-cü il tarixli ********** və ********** nömrəli çıxarışlar verilmişdir. 1998-ci il tarixdən torpaq sahəsindən maneəsinz istifadə etmişdir. Lakin 2012-ci il tarixdə X6 və X12 torpaq sahələrinin 1,80 ha hissəsini zəbt etmişdir. Həmin şəxslərin torpaq sahəsindən məcburi qaydada çıxarılmalarına dair iddia tələbləri Şirvan Ape4llyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(106)-46/2015 saylı qərarı ilə təmin edilmişdir. Bundan sonra həmin şəxslər torpaq sahələrindən məcburi qaydada çıxarılmışdırlar. Bu ilin yay ayında X8 tərəfindən ailələrinə məxsus pay torpaq sahəsinin (1,6371 ha) 1,40 ha hissəsi zəbt olunmuşdur. Bu halla bağlı Kürdəmir rayon Polis Şöbəsinə müraciət etsə də cinayət işinin rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Rəddin əsası isə 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu olmuşdur.Bundan sonra araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh Başçısının sərəncamı əsasında X7 1,71 ha torpaq sahəsi icarəyə verilmişdir. X8 vəkalət əsasında X4 istifadəsinə verilmiş torpaq sahəsini əkir. Cavabdehnə müraciət edərək X8 tərəfindən qanunsuz hərəkətlər edilərək **********31 nömrəli çıxarışla müılkiyyətinə verilmiş 1,6371 ha torpaq sahəsinin 1,40 ha hissəsini X8 tərəfindən zəbt edildiyi qanunsuz olaraq sərəncam verildiyini və həmin sərəncamın ləğv olunmasını xahiş etdilər. Lakin müraciətləri təmin olunmadı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(120)-4777/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın tərəfindən təqdim olunmuş 5-56/2-59/2025 saylı, xx.xx.2025-ci il tarixli yazılı münhasibətdə (etirazda) göstərilmişdir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. X12 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək 2 hektar dövlət mülkiyyətinə aid olan torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Zərifə Şükürovanın müraciəti ilə əlaqədar sözügedən ərazidə Xidmətin tabeliyində olan 16 saylı Ucarə Ərazi İdarəsinin mühəndisləri tərəfindən yerquruluşu işləri aparılmış, həmin ərazinin dövlət mülkiyyətinə aid olduğu müəyyən edilərək yerquruluşu planı tərtib olunmuşdur. Tərtib edilmiş yerquruluşu planı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən İcra Hakimiyyətinə müsbət rəy verilmiş və rayon İcra Hakimiyyəti başçısının 6 iyun 2024-cü il tarixli 126 nömrəli sərəncamı ilə X7 5 il müddətinə icarəyə verilmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi ayrı-ayrılıqda izahat verərək məhkəmədən iddianın mümkün hesab edirlərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan sərəncamın və sərəncam əsasında bağlanmış icarə müqaviləsinin ləğv olunmasına nail olmaqdan ibarətdir Hazırkı halda işin hallarına nəzər salınanda görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla: Kürdəmir rayonu, Carlı kəndində yerləşən ümumi sahəsi 0,6131 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə ( ümumi birgə mülkiyyətçilər X9, X10, X11) Daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində İddiaçı adına mülkiyət hüququ qeydə alınmışdır. Kürdəmir rayonu, Carlı kəndində yerləşən ümumi sahəsi 1,6371 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə ( ümumi birgə mülkiyyətçilər X9, X10, X11) Daşınmaz əmlakın dövlət reyestrində 124 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində İddiaçı adına mülkiyət hüququ qeydə alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin 3-21-13-36/2-236/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş: Cavabdeh Başçsının 126 №-li, xx.xx.2024-cü il tarixli sərəncamından müəyyən olunur ki, X4 müraciəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 may 2024-cü il tarixli 3-21-3/2-7610/2024 nömrəli müsbət rəyinin nəzərə alınması; Kürdəmir rayon inzibati ərazisində yerləşən, dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlardan əkinçiliyin inkişafı məqsədilə 1,72 ha torpaq sahəsi əkin üçün X7 5 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli Torpaq icarə müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X12 arasında 1,72 ha torpaq sahəsinin 5 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Kürdəmir rayonu, Carlı kəndində yerləşən 1,72 ha torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli 126 nömrəli sərəncamı əsasında bağlanmış icarə müqaviləsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində X4 icarə hüququ qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 3-21-3-36/2-1291/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş İdarənin mühəndisi Asif Səfxanlı tərəfindən tərtib olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: İdarənin elektron baza məlumatlarında təqdim olunan, 1999-cu ildə tərtib olunmuş Kürdəmir rayon Carlı kəndi Şəfəq kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində göstərilən JN-204 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı, X2, X5, X3 mülkiyyətinə verilmiş iki hissədən ibarət 2,25 ha torpaq sahəsi ilə real məkan arasında uyğunsuzluq konfiqurasiya, bucaq və sürüşmə mövcud olduğu üçün 2,25 ha torpaq sahəsinin dəqiq koordinatlarının mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli (**********30 reyestr №) çıxarışa əsasən İddiaçı Abduəli oğlunun mülkiyyətində olan Kürdəmir rayonu Carlı kəndində yerləşən 0,6131 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 icarə hüququ qeydə alınmış Kürdəmir rayonu Carlı kəndində yerləşən 1,72 ha torpaq sahəsi üst üstə düşmür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli (**********30 reyestr №) çıxarışa əsasən İddiaçı Abduəli oğlunun mülkiyyətində olan Kürdəmir rayonu Carlı kəndində yerləşən 1,6371 ha torpaq sahəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən X4 icarə hüququ qeydə alınmış Kürdəmir rayonu Carlı kəndində yerləşən 1,72 ha torpaq sahəsi üst-üstə düşmür. İddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Subyektiv hüququn olmaması ilə bağlı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). Hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 3-21-3-36/2-1291/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş İdarənin mühəndisi Asif Səfxanlı tərəfindən tərtib olunmuş mütəxəssis rəyində qeyd olunduğu kimi, Cavabdeh xx.xx.2024-cü il tarixli 126 №-li sərəncamı ilə üçüncü şəxsin istifadəsinə (icarəsinə) ayrılmış Kürdəmir rayonu Carlı kəndində yerləşən 1,72 ha torpaq sahəsinin koordinatlarının iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edildiyindən iddiaçının həmin torpaq sahəsinə dair İcra Hakimiyyətinin sərəncamını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının subyektiv hüququ müəyyən olunmadığı üçün iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım hazırkı iş üzə məqsədə müvafiq hesab olunmamışdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın və sərəncam əsasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar