Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-178/2023 26.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 26 sentyabr 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2005-ci ildə verilmiş sənədlərlə reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Masallı rayon Ərkivan Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport almaq üçün 01 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Lakin onun müraciətinə 21 oktyabr 2021-ci il tarixli, **********67 saylı məktubla imtina cavabı verilmişdir. İmtinada bildirilmişdir ki, Kadastr ekpertizası zamanı məlum olub ki, sözügedən torpaq sahəsi Masallı rayonu, Ərkivan qəsəbəsinin kompleks yerquruluşu xəritəsinə əsasən 3612 kodu ilə kolluq kimi saxlanılmış ərazidən ayrılmışdır. Müraciət etdiyi ərizədə 0,06 ha həyətyanı torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport sənədini almaq istənilmişdir. Qeyd edir ki, ********** saylı ərizəyə 20 may 2005-ci ildə X11 filialında ödədiyi torpaq alqı-satqısı üçün 660.000 (altı yüz altmış min) manat qəbzin surəti, 06 iyun 2005-ci ildə qəbul edilmiş Masallı rayonu, Ərkivan bələdiyyəsinin qərarı və yerquruluşu planından çıxarış, Masallı Torpaq və Xəritəçəkmə Şöbəsinin seçim aktı, Masallı Torpaq və Xəritəçəkmə Şöbəsinin rəyi, Masallı rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin torpağın alqı-satqısına dair sənədlər də əlavə edilmişdir. Sözügedən ərazidə heç bir kolluqdan da söhbət gedə bilməz. Göstərilənlərə əsaslanaraq, torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 01 oktyabr 2021-ci il tarixli, ********** nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədini almaq üçün müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Masallı rayonu, Ərkivan qəsəbəsinin kompleks yerquruluşu xəritəsinə əsasən 3612 kodu ilə kolluq kimi saxlanılmış ərazidən ayrılmışdır. Kolluq torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu üçün həyətyanı məqsədi ilə satıla bilməz. Həmin 0,06 ha torpaq sahəsi başqa torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunan səbəbdən torpaq sahəsinin qeydiyyata alınmasından “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən 21 oktyabr 2021-ci il tarixli, **********67 saylı məktubla imtina edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı və onun nümayəndəsi X9 gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Kadastr ekpertizası zamanı məlum oldu ki, sözügedən torpaq sahəsi Masallı rayonu, Ərkivan qəsəbəsinin kompleks yerquruluşu xəritəsinə əsasən 3612 kodu ilə kolluq kimi saxlanılmış ərazidən ayrılmışdır. Kolluq torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu üçün həyətyanı məqsədi ilə satıla bilməz. Əlavə olaraq bildirirlər ki, həmin 0,06 ha torpaq sahəsi başqa torpaq sahəsi ilə üst-üstə düşür. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək sənədlərin əsli sizə qaytarılır. İş materiallarında olan 20 may 2005-ci il tarixli seçim aktından və xx.xx.2005-ci il tarixli rəydən müəyyən olunur ki, İddiaçı bələdiyyə mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün 0,06 hektar həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında ona satılması barədə ərizə ilə Masallı rayon Ərkivan bələdiyyəsinə müraciət etmiş, ərizə əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin mütəxəssisinin, Ərkivan bələdiyyəsinin sədri və üzvünün, Masallı rayon İHB Ərkivan ərazi nümayəndəsinin, "xxxx" MMC Masallı rayon şəbəkəsinin direktorunun, X5 Xidmətinin rəisinin və İddiaçı iştirakı ilə yerə baxış keçirilərək Ərkivan kəndinin Abasbəyli məhəlləsi tərəfində yerləşən, şimaldan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə, cənubdan Ceyhun Səfərova satılacaq həyətyanı torpaq sahəsi ilə, şərqdən və qərbdən yol ilə həmsərhəd olan 0,06 hektar torpaq sahəsi həmin məqsəd üçün seçilmiş, bu barədə xx.xx.2005-ci il tarixli seçim aktı tərtib olunmuş və akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən təsdiq olunmuş və sözügedən torpaq sahəsinin alqı-satqı qaydasında satıla biləcəyi barədə rəy verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin və Masallı rayon Ərkivan bələdiyyəsinin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və möhürlənmiş Ərkivan bələdiyyəsinə aid torpaqların yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı satılacaq 0,06 hektar torpaq sahəsinin yeri müəyyən edilərək təsdiq olunmuşdur. İş materiallarında olan Masallı rayon Ərkivan bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli 05 nömrəli iclas protokolundan, alqı-satqı müqaviləsindən və 20 may 2005-ci il tarixli 76 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin hazırladığı yerquruluşu sənədləri nəzərə alınaraq Ərkivan kəndinin Abasbəyli məhəlləsi tərəfində yerləşən, şimaldan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə, cənubdan Ceyhun Səfərova satılacaq həyətyanı torpaq sahəsi ilə, şərqdən və qərbdən yol ilə həmsərhəd olan 0,06 hektar torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, bu barədə Masallı rayon Ərkivan bələdiyyəsi ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin torpaq sahəsinin 660000 manat təşkil edən dəyəri İddiaçı tərəfindən Ərkivan bələdiyyəsinin hesabına köçürülmüşdür. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən iddiaçı alqı-satqı qaydasında əldə etdiyi 0,06 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna səbəb kimi həmin ərazinin kolluq torpaq sahəsi olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu və həmin 0,06 ha torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən, Masallı rayon Ərkivan Bələdiyyəsinin 05 iyun 2005-ci il tarixli qərarı ilə Masallı rayon Ərkivan Bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (kənd təsərrüfatı torpaqları, yaşayış məntəqələrinin torpaqları və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 05 yanvar 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 13 iyun 2023-cü il tarixli, 10/4158 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci və ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-44/2-2410/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən, Masallı rayon Ərkivan bələdiyyəsinin 05 iyun 2005-ci il tarixli qərarı ilə Masallı rayon Ərkivan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən İddiaçı Ələkbər oğluna fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 hektar torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən həmin torpaq sahəsinin yerini dəqiqliklə təyin etmək mümkün olmamışdır. İddiaçı Ələkbər oğlunun iddia etdiyi torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına görə digər fiziki şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin yerləşmə sxemi mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2410/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı Ələkbər oğlunun iddia etdiyi mübahisəli torpaq sahəsi 2003-cü ildə Masallı rayonu Ərkivan kəndi M.Bönyatov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və hal-hazırda Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar (kolluq) kimi qeydə alınmışdır. Cavabdeh inzibati orqanın imtinasının əsaslarından biri kimi istinad etdiyi Ərkivan bələdiyyəsi tərəfindən iddiaçıya satılmış 0,06 ha torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 13 iyun 2023-cü il tarixli, 10/4158 nömrəli ekspert rəyinə, həmçinin iş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Ələkbər oğlunun iddia etdiyi torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Torpaqların elektron kadastr uçotunun informasiya sisteminin baza məlumatlarına görə digər fiziki şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin yerləşmə sxemi mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Cavabdeh inzibati orqanın Ərkivan bələdiyyəsi tərəfindən iddiaçıya satılmış 0,06 ha torpaq sahəsinin kolluq torpaq sahəsi olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesab olunduğu və həmin torpaq sahəsinin satıla bilinməməsi barədə digər dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı Ələkbər oğluna fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha həyətyanı torpaq sahəsinin satılması barədə Masallı rayon Ərkivan bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli, 05 nömrəli qərarı həmin dövrdə torpaqlardan qanunauyğun istifadə olunmasına nəzarət funksiyasını həyata keçirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş yerquruluşu sənədləri (seçim aktı, rəy, yerquruluşu planı) nəzərə alınmaqla qəbul edilmiş və nə iddiaçı, nə də bələdiyyə orqanı bu məsələ ilə bağlı heç bir məsuliyyət daşıya bilməz. Digər tərəfdən, məhkəmə İddiaçı Ələkbər oğlunun və onun nümayəndəsi X6, ekspertlər X1 və X2 iştirakı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,06 ha həyətyanı torpaq sahəsinə yerində baxış keçirmiş, həmin torpaq sahəsinin kolluq ərazi olmadığını, şimaldan gölqırağı ərazi ilə, şərqdən məhəllə daxili yol ilə həmsərhəd olduğunu, cənubunda və qərbində yerləşən torpaq sahələrinin payıbəlli torpaq sahələri olduğunu, baxış keçirilən torpaq sahəsində mişar daşı ilə inşa edilmiş 1 otaqlı evin və 1 ədəd dəmir konteynerin yerləşdiyini müəyyən etmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin bütün zəruri sənədlər əldə olunmaqla iddiaçıya satılması, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın Masallı rayon Ərkivan bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli, 05 nömrəli qərarı ilə satılmış torpaq sahəsinə iddiaçının qanuni əsaslarla əldə etdiyi faktik mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından, həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtina edilməsinin hüquqi əsası yoxdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı Səfərov X4 rayon Ərkivan bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin hazırladığı yerquruluşu sənədləri əsasında qəbul edilmiş 06 iyun 2005-ci il tarixli, 05 nömrəli qərarı və həmin qərar əsasında tərəflər arasında alqı-satqı müqaviləsi ilə ona fərdi yaşayış evinin tikintisi üçün satılmış Ərkivan kəndinin Abasbəyli məhəlləsi tərəfində yerləşən, şimaldan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə, cənubdan Ceyhun Səfərova satılacaq həyətyanı torpaq sahəsi ilə, şərqdən və qərbdən yol ilə həmsərhəd olan 0,06 hektar torpaq sahəsinə faktik olaraq mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş bütün prosedur qaydalara əməl edilməklə heç bir pozuntuya yol verilmədən satıldığından, həmin torpaq sahəsinin satılması barədə Ərkivan Bələdiyyəsinin 05 iyun 2005-ci il tarixli, 05 nömrəli qərarı halhazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Masallı rayon Ərkivan Bələdiyyəsinin 05 iyun 2005-ci il tarixli 05 nömrəli qərarı ilə Masallı rayon Ərkivan Bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən ona fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Masallı rayon Ərkivan Bələdiyyəsinin 05 iyun 2005-ci il tarixli, 05 nömrəli qərarı ilə Masallı rayon Ərkivan Bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən ona fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-178/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-178/2023
26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver