Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1788/2025 13.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “informasiya sorğusuna tam, düzgün və sorğuda qeyd etdiyi sənədlər əlavə olunmaqla cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “informasiya sorğusuna tam, düzgün və sorğuda qeyd etdiyi sənədlər əlavə olunmaqla cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 27 mart 2024-cü ildə Saatlı rayon İcra Hakimiyyətinə 12 sualdan ibarət informasiya sorğusu ünvanlamışdır. Bütün sualları Saatlı rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) ilə bağlı olmuşdur. Çünkü o, dəfələrlə MKTİB-nə sorğu ünvanlasa da, heç cür sorğuya cavab ala bilməmişdir. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. Lakin 7 iş günü tamam olsa da Saatlı rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab verilməmişdir. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununu məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1 -ci maddəsinə əsasənSaatlı rayon İcra Hakimiyyəti informasiya sahibi hesab edilir. Həmin Qanunun 10.1 -ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 11.2ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 14.1.3-cü maddəsinə sasən sorğuçu informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsini tələb edə bilər. İnformasiya azadlığı insan hüquq və azadlıqlarının əsas elementlərindən biridir, cəmiyyətdə baş verən dinamik proseslərdən xəbər tutmaq isə vətəndaşların əsas ehtiyaclarındandır. İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisə və faktlar barədə hər bir fərdin informasiya almaq hüququ vardır, bu hüquq vətəndaşların fikir azadlığının tərkib hissəsidir. Beləliklə hesab edir ki, Məhkəmə Saatlı rayon İcra Hakimiyyətindən ona ünvanladığı 12 sual əks edilən informasiya sorğusuna tam düzgün cavab vermək və sorğuda istədiyi sənədlərin surətini cavaba əlavə etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edəcəkdir. İddia ərizəsi təmin olunsun, cavabdeh Saatlı rayonu İcra Hakimiyyətinin üzərinə informasiya sorğusuna tam düzgün və sorğuda qeyd etdiyi sənədlər əlavə olunmaqla cavab vermək öhdəliyinin qoyulması barədə, iştirakı olmadan Məhkəmə mühakiməsi keçirilməsinə, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin cavabdeh orqan tərəfindən təmin olunduğunu və hazırki inzibati iş üzrə mübahisənin mövcud olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Saatlı rayonu Azadkənd bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 05 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin bələdiyyəyə ünvanladığınız sorğularla əlaqədar bildirilir ki: Azadkənd bələdiyyəsinin büdcəsi 20500 manat təşkil edir. Hər il Dövlət tərəfindən bələdiyyələrə büdcə kəsirinin bərpa olunması məqsədilə ayrılacaq dotasiya hər bələdiyyənin sakinlərin sayına görə dəyişməkdədir. Azadkənd bələdiyyəsinə hər il dövlət tərəfindən dotasiya 1920 manat məbləğində ayrılmaqdadır. Həmin dotasiyanın xərclənməsi barədə sizə ətraflı məlumat vermək istəyirəm. Belə ki, daxil olmuş dotasiyadan əməkhaqqına, DSMF-yə, poçt xidmətinə, asossasiyaya, audit xidmətinə və s. ayrılmaqdadır. Qeyd edirik ki, bələdiyyəyə aid torpaq sahələri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq icarələrə və mülkiyyətlərə ayrılmaqdadır. Lakin qeyd etdiyiniz illərdə (2021 və 2023) bələdiyyə tərəfindən həyətyanı, sahibkarlıq və icarə məqsədilə torpaq sahəsi ayrılmamışdır. Sakinlər bələdiyyə büdcəsinə ödənilməli olan ödənişləri (torpaq və əmlak vergisini) və icarı haqqını hər il bələdiyyənin poçt hesabına ödəyirlər. Onlardan nağd şəkildə pul alınması mümkün deyildir. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Qanun qüvvəyə mindikdən sonra əməliyyatlar bu qaydada aparılır. İllik proqnozda nəzərdə tutulan torpaq vergisi 3200 manat təşkil edir. Lakin proqnoz hər il 40-50% civarında icra olunur. Qeyd etdiyiniz dövrlərdə kənd ərazisində yaşayan imtiyazlı şəxslərə torpaq sahələri mülkiyyətə və icarələrə hüquqmüəyyənedici sənədlər olmadan onlara imtiyaz göstərilərək hərrac və ya müsabiqədən kənar ayrılmışdır. Həmçinin imtiyazlı şəxslərə hər il Qurban bayramı zamanı qurban payları da verilməkdədir. Bundan başqa onlara Milli bayramlar ərəfəsində də köməklik göstərilir. Bundan sonra da imkan olan zaman bələdiyyə vəsaiti hesabına kənd ərazisində yaşayan qazilərimizə, şəhid ailələrimizə maddi və mənəvi köməklik göstəriləcəkdir. Bələdiyyənin qulluqçusu yoxdur. Bələdiyyə ərazisində Azercell, Bakcell və ya digər şəbəkələr mövcud deyil. Habelə onlardan büdcəyə pul vəsaiti mədaxil olunmur. Məlumat üçün bildirmək istəyirəm ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə görə bələdiyyələr hər il ənazı bir dəfə iclas keçirməlidirlər. Həmin aktları da bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçiriən orqana (bizim yurisdiksiya üzrə-İmişli regional ədliyyə idarəsidir) göndərilməlidir. Həmçinin mütləq təqdim edilməli olan aktlar beş iş günü ərzində göndərilmədiyi təqdirdə sədr İXMnin 549.2-ci maddəsinə görə 400 manatdan 600 manata qədər cərimə oluna bilərlər. Azadkənd bələdiyyəsi tərəfindən hər ay keçirilən bir və ya iki akt İmişli RƏİ-nə göndərilir (Siz bələdiyyəyə yaxınlaşacağınız zaman həmin protokollarla tanış olmağınıza mütləq bələdiyyə tərəfindən şərait yaradılacaqdır). Bildiyiniz kimi bələdiyyə torpaq sahəsinin istifadəyə yalnız bələdiyyənin nəzdində təşkil edilmiş müəssəsisələrə verə bilər. Buna baxmayaraq ötən müddətdə Azadkənd bələdiyyəsinin nəzdində MMC təşkil edilməmişdir. Lakin bu məsələ bələdiyyə tərəfindən nəzarətdə saxlanılır. Gələcəkdə şərait olan zaman məsələyə bələdiyyə iclasında baxıla bilər. “Bələdiyyələrin statusu haqqında” Qanunun müvafiq maddəsinə görə bələdiyyələr hər il növbəti ilin üçüncü həftəsinin bazarertəsi günü seçicilərinə hesabat verir. Azadkənd bələdiyyəsi də hər il seçicilərə hesabat verir. Hesabata bələdiyyənin inzibati binasının qabağında olur. Seçicilərin ən azı 40-50%-i iştirak edir. Hesabatda həmin il görülən bütün işlər barədə məlumat verilir. Məsələ nə qədər mədaxil olub, nə| qədər məxaric olub. Nə dərə torpaq sahəsi və kimlərə verilir. Kimlərə maddi yardım göstərilib. Kimlər bələdiyyəyə müəyyən məsələlərlə bağlı müraciətlər ünvanlayıblar. Hər il hesabatdan sonra seçicilər bələdiyyənin fəaliyyətini yüksək qiymətləndirmişlər. Bələdiyyənin elektron poçt adresi yoxdur. Lakin qeyd etdiyiniz məsələ qısa müddətdə öz həllini tapacaqdır. Bələdiyyə büdcəsinə pul vəsaiti olan zaman kampüter avadanlığı bələdiyyə üçün alınacaq. O cümlədən elektron poçt adresi də yaradılacaqdır. Əlavə olaraq diqqətinizə çatdırmaq istəyirik ki, qeyd etdiyiniz və bizim tərəfimizdən cavablandırılmamış xüsusatlarla bağlı bələdiyyə tərəfindən bu günə kimi hər hansı bir tədbir görülməmişdir. Göstərilənlərlə yanaşı Sizə bələdiyyə rəhbərliyi və üzvləri adından təşəkkür edirik. Bələdiyyə ərazisində yaşayan seçici olmadığınıza baxmayaraq rayon sakini kimi bələdiyyə işi ilə yaxından maraqlanırsınız. Bələdiyyə işinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkilm olunmasına səy göstərirsiniz. Siz bələdiyyə işi ilə tanış olmağınız və görülən işlərin üzünün çıxarılması barədə bələdiyyəyə müraciət edəcəyiniz təqdirdə sizə mütləq bələdiyyə tərəfindən şərait yaradılacaqdır. Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Aparatının məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Saatlı rayonu Azadkənd bələdiyyəsinə ünvanladığı informasiya sorğusuna Bələdiyyə tərəfindən 13 fevral 2024-cü il tarixli 05 nömrəli məktubla cavab verilmiş və məktubun surəti rayon icra hakimiyyətinə göndərilmişdir. Saatlı rayon İcra Hakimiyyətinin Başçısının İddiaçı ünvanlanmış məktubuna əsasən, Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ünvanladığınız 12 bənddən ibarət informasiya sorğunuz cavablandırılaraq sizə göndərilir. 1 .Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin ştat vahidinə uyğun olaraq 162 nəfər işçi heyəti vardır. Hazırda onlardan 1 direktor (ali təhsilli, Mirmansur Abasov), 1 baş mühəndis (ali təhsilli,Gülməmməd Əhmədov), 1 baş mühasib (vakantdır), 1 kadrlar üzrə mütəxəssis, (Cəmilə Nəzərli, orta ixtisas), 3 iş icraçısı, 2 sahə rəisi, 1 sahə ustası, 11 nəfər abadlaşdırma fəhləsi, 11 sürücü, 2 elektrik işıqçısı, 4 traktorçu, 68 dalandar (süpürgəçi), 6 təmizləyici, 6 dizenfektor, 1 anbardar, 1 döşəmə silən, 6 gözətçi, 34 bağban, 2 dalandar çalışır. Bu sorğuda işçilər barədə fərdi məlumatlar tələb olunsa da, sorğuçunun tələb etdiyi həmin məlumatların ona hansı məqsədlə lazım olduğu, bu informasiyaları əldə etməyin zərurəti əsaslandırılmadığına görə 'İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Qanunların müvafiq maddələri rəhbər tutularaq cavablandırılmamışdır. 2. Saatlı MKTİB-ə "Dost iş Mərkəzi”ndən hazırda 294 işçi təhkim olunmuşdur. Onlardan hər biri dislokasiya üzrə işə çıxmaqla bu işçilər barədə informasiyanın sahibi "Dost iş Mərkəzi” MMC-dir. 3. Saatlı MKTİB-nin balansında hazırda 14 ədəd avtotexnika vardır, onlardan 13 ədədi saz vəziyyətdə, 1 ədədi isə texniki nasazlığa görə işləmir. Texnikaların yanacaq sərfiyyatı hər gün fərqli olmaqla görülən işlərin, həyata keçirilən xidmətlərin həcminə uyğun mövcud tələbat əsasında yerinə yetirilir. (Motorlu texnikaların adlı siyahısı əlavə olunur.) informasiya əldə etmək haqqında Qanunun 2.4-1 -ci maddəsi rəhbər tutularaq qeyd olunan sorğularda bəzi iqtisadi, maliyyəkredit və valyuta siyasəti sahəsində, şəxslərin hüquq və azadlıqların, kommersiya və digər iqtisadi maraqların qorunması nöqteyi nəzərindən cavablandırılması məqsədəuyğun hesab edilməmişdir. Bir daha qeyd edirik ki, vətəndaş hansı ictimai vəzifə naminə maliyyə ilə bağlı suallar ünvanladığını, eləcə də dövlət və ya bələdiyyə qulluqçusu olmadığı halda, bu kimi sualların hansı xidməti zərurətdən yarandığını izah edə bilməmişdir. 4. Saatlı MKTİB tərəfindən 2023-cü ildə və cari ilin 4 ayı ərzində satınalma keçirilməyib. Gündəlik işləmək üçün satın aldığı avadanlıq və ləvazimatları, maşınlar üçün ehtiyat hissələrinin "Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq tender yolu ilə həyata keçirilir və bu tenderlər sorğu edilməyən əvvəlki illərdə olmuşdur. Bundan əlavə, keçirilən tenderlərin bütün məlumatları etender.gov.az saytından əldə edə bilər və bu barədə əvvəlki illərdə ona bu mövzuda qaneedici cavablar verilmişdir. 5. Tələb olunan sorğu "İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə əsasən açıqlanmasına yol verilmədiyindən, eləcə də MKTİB-nin maliyyə siyasəti, sorğu göndərilən zaman sorğuçunun hansı ictimai vəzifəni daşıdığı qeyd olunmadığı əsas götürülərək bu sorğuya cavab verilməsi mümkün olmamışdır. 6. Saatlı MKTİB tərəfindən 2023-cü ildə 8400 manat kommunal xidmət haqqı yığılmışdır. 7. Bu bənddə də tələb olunan məlumatlar əvvəlki bəndlərdə cavablandırılmışdır. Bildiririk ki, rayon yaşıllaşdırma sahəsi, mənzil istismar sahəsi, komunal və işıqlandırma sahələri 2021 -ci ilin fevral ayında birləşdirilərək vahid Birlik yaradılmışdır. Rəhbərlik və Birliyin işçiləri barədə məlumat 1 -ci bənddə cavablandırılmışdır. 8. Saatlı MKTİB-də 4 rəhbər heyət, 3 iş icraçısı, 2 sahə rəisi, 1 sagə ustası, 11 nəfər abadlaşdırma fəhləsi, 11 sürücü, 2 elektrik işıqçısı, 4 traktorçu, 68 dalandar (süpürgəçi), 6 təmizləyci, 6 dezinfektor, 1 anbardar, 1 döşəmə silən, 6 gözətçi, 34 bağban, 2 dalandar çalışır. 9. Saatlı MKTİB-nin bağladığı müqavilələr sorğuya aid cavab məktubuna əlavə olunur. 10. Saatlı MKTİB-nin son iki il ərzində 1 texnikası nasaz olduğundan müvəqqəti olaraq fəliyyəti dayandırılırmış və hazırda həmin texnikanı işlək vəziyyətə gətirmək üçün tədbirlər görülür. Son iki ildə Birliyə yeni texnika alınmamışdır. 11. Saatlı MKTİB-nin tərkibində fəaliyyət göstərən MMC-lər yoxdur. 12. Saatlı MKTİB 2021-ci ilin fevral ayında təsis edilmişdir. Ötən il və bu ilin 4 ayı ərzində tender və katirovka sorğusu keçirilməmişdir. MKTİB-nin rəhbərliyi bir daha qeyd edir ki, tender barədə məlumatlar açıq olmaqla etender.gov.az saytında yerləşdirilir. Saatlı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli “Nuray” restoranı ilə Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında müqavilə, xx.xx.2024cü il tarixli X4 Mərkəzi ilə Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında müqavilə, Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəqliyyat vasitələrinin markaları, təyinatı, dövlət nömrə nişanı, buraxılış illəri, texniki vəziyyəti barədə cədvəl təqdim edilmişdir. Cavabdehin məhkəməyə ünvanladığı sorğuya cavabda qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2-1 (106)-447/2024 nömrəli qərarında İddiaçı Saatlı Rayon İcra Hakimiyyətinə qarşı “İnformasiya sorğusuna tam düzgün və sorğuda qeyd edilən sənədlər əlavə olunmaqla cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair informasiya sorğusunun rayon icra hakimiyyəti tərəfindən 1 və 3-cü suallarının natamam cavablandırıldığı, 5-ci sual üzrə ümumiyyətlə cavablandırılmadığı bildirilmişdir. İddiaçı informasiya sorğusunun 1-ci sualında Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində çalışan bütün işçilər barədə (hər birinin ayrı-ayrılıqda ad,soyad, ata adı, təhsili, yaşı və vəzifəsi göstərilməklə) rəsmi siyahını təqdim etməsi xahiş olunmuşdur. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 29.1.5-ci maddəsində informasiya sahibinin dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatları açıqlamalı olduğu bildirilmişdir. Yəni həmin maddədə bütün işçilər haqqında deyil, yalnız həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar verilməli olduğu bildirilmişdir. Göründüyü kimi, rayon icra hakimiyyəti “İnformasiya əldə etmək haqqında” Qanunun 29.1.5-ci maddəsinə əsasən həmin sorğunu cavablandırmışdır. İddiaçı informasiya sorğusunun 3-cü sualında Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan bütün inventarlar, motorlu və motorsuz texnikalar, onlara hər gün ayrılacaq yanacaq barədə məlumat, motorlu texnikaların adı, markası və dövlət qeydiyyat nömrəsi göstərilməklə siyahını təqdim etməsi xahiş olunmuşdur. Məsələ ilə bağlı ötən müddət ərzində İddiaçı cavab məktubu ünvanlanmışdır. Belə ki, cavab məktubunda Saatlı MKTİB-nin balansında hazırda 14 ədəd avtotexnika olduğu, onlardan 13 ədədi saz vəziyyətdə, 1 ədədi isə texniki nasazlığa görə işləmədiyi, texnikaların yanacaq sərfiyyatı hər gün fərqli olmaqla görülən işlərin, həyata keçirilən xidmətlərin həcminə uyğun mövcud tələbat əsasında yerinə yetirildiyi bildirilmiş və motorlu texnikaların adlı siyahısı (adı, markası və dövlət qeydiyyat nişanı da göstərilməklə) əlavə olunmuşdur. İddiaçı informasiya sorğusunun 5-ci sualında Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin illik büdcəsi nə qədər olub,dövlət tərəfindən və ya Saatlı RİH tərəfindən 2023-cü ildə Birliyə nə qədər vəsait ayrılıb. Vəsaitlərin xərclənməsini özündə əks etdirən maliyyə arayışlarının sorğuya cavaba əlavə etməyi xahiş etmişdir. Tələb olunan sorğu “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə əsasən açıqlanmasına yol verilmədiyindən, həmin Qanunun 2.4-1-ci maddəsi rəhbər tutularaq qeyd olunan sorğularda bəzi iqtisadi, maliyyə-kredit, kommersiya və digər iqtisadi maraqların qorunması nöqteyi nəzərindən cavablandırılması mümkün olmamışdır. Bununla yanaşı, İddiaçı hansı xidməti zərurətdən, hansı əsasla və ya hansı ictimai vəzifə naminə maliyyə arayışlarını istədiyini izah edə bilməmişdir. «Vətəndaşların müraciətləri haqqında» Qanunun: Preambulada göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1 -ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. 3.0.1 -ci maddəsinə görə müraciət edən şəxs - fiziki və ya hüquqi şəxsdir. 3.0.2-ci maddəsinə görə müraciət - müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt - fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. 7.1 -ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdmüraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. 10.1 -ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 - 10.4- cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 - 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. 12.1 -ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Qanunun: 2.2-ci madəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 3.0.1 -ci maddəsinə görə informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. 3.0.3-cü maddəsinə görə ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. 3.0.5-ci maddəsinə görə informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. 3.0.6-cı maddəsinə görə informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən - informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. 10.1 -ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 13.1 -ci maddəsinə görə sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı üsulla təqdim edir. 16.1-ci maddəsinə görə informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; telefaksla; şifahi formada; informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. 24.1 -ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 24.4-cü maddəsinə görə əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. 27.1 -ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə, informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətinə cavabdeh tərəfindən məktublarla ətraflı və tam şəkildə cavab verilmişdir. Bundan əlavə iddiaçının 12 sualdan ibarət sorğu məktubu üzrə iddiaçının sorğusunda qeyd etdiyi 12 sualın hər biri ayrı-ayrılıqda cavablandırılmışdır və Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müqavilələri və nəqliyyat vasitələri barədə siyahı təqdim edilmişdir. İnzibati Prosessual Məcəllənin: 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 80.1 -ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. 81.1 -ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı informasiya sorğusuna tam, düzgün və sorğuda qeyd etdiyi sənədlər əlavə olunmaqla cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair tələbi cavabdeh tərəfindən təmin edildiyi üçün məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin olunmuşdur və iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 67, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “informasiya sorğusuna tam, düzgün və sorğuda qeyd etdiyi sənədlər əlavə olunmaqla cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1788/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1788/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver