Məhkəmə qərarları › İş №2-1(120)-179/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-179/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-179/2023 02.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi X2, İddiaçı2 hüquqi varisi X6, Cavabdeh Saatlı rayonu Saatlı Bələdiyyəsinin nümayəndəsi X13, Üçüncü şəxs X3 nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Saatlı rayonu Saatlı Bələdiyyəsinə qarşı “0,0024 ha torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Saatlı rayonu Saatlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı şəhər Bələdiyyəsi tərəfindən hərrac və ya müsabiqə yolu ilə satılmaq məqsədi ilə 0.0024 ha torpaq sahəsinin ayrılması barədə qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu tarixdən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddia tələbi üzrə X5 zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 torpaq sahəsini mülkiyyətinə almaq və övladlarına həmin torpaq sahəsində ev inşa etdirmək üçün 01,12.1999-cu ildə mərhum oğlu X7 adından Saatlı rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsinə müraciət etmiş, Saatlı rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsi Saatlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 211 saylı sərəncamını və Saatlı şəhər İnzibati Ərazi Vahidinin torpaqayırma Komissiyasının xx.xx.1997-ci il tarixli aktını nəzərə alaraq xx.xx.1999-cu il tarixdə fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha (faktiki 0.09 ha) torpaq sahəsinin X8 ayrılması barədə sərəncam imzalamış və torpaq sahəsi sonuncuya təhvil verilmişdir. X14 2001 -ci ildə dünyasını dəyişmişdir. Torpaq sahəsi xx.xx.1999-cu i tarixdən ailə başçısı İddiaçı2 istifadəsindədir. 2020-ci ilə qədər bu torpaq üzərində istifadə hüququ nə İcra Hakimiyyəti, nə Saatlı Bələdiyyəsi, nə də ki digər şəxslər tərəfindən mübahisələndirilməmişdir. 2009-cu ildə faktiki 0.09 ha torpaq sahəsinin 0.05 ha hissəsi üzərində qızı və onun ailəsi üçün fərdi yaşayış evi inşa etdirmişdir. İmkanı olmadığı üçün yerdə qalan hissəsi üzərində digər övladı üçün fərdi yaşayış evi tikdirə bilməmişdir. Saatlı bələdiyyəsinin işçisi, İddiaçı2 qonşusu, X9 adlı şəxs bu torpaq sahəsinin vətəndaşın qanuni istifadəsində olduğunu biləbilə, yerdə qalan faktiki 0.04 ha torpaq sahəsinin hasarla əhatəyə alınmadığından, torpaq sahəsinin sərhədlərinin şərti olduğundan istifadə edərək işçsisi olduğu Bələdiyyə ilə əlbir olub bu torpaq sahəsinin daxilində yerləşən 24 kv.metr torpaq sahəsini öz ailə üzvünün adına sahibkarlıq məqsədilə özəlləşdirmək məqsədi iləərizə ilə Bələdiyyəyə müraciət etmişdir. Bələdiyyə torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək və hərracdan satmaq üçün prosedur işlərinə başlamaq barədə qərar qəbul etmişdir. Bundan sonra müvafiq qərarlar almaq üçün müvafiq orqanlara müraciət etmiş, lazımi rəyləri almışdır. Lakin bundan sonrakı zəruri hərəkətləri etməmiş, çıxarış alaraq hərracdan torpaq sahəsini satmamışdır. Torpaq sahəsi üzərində hər hansı bir tikili inşa edilməmiş, torpaq sahəsi istifadəyə götürülməmişdir. Bütün bunlar torpaq sahəsinin qanuni istifadəçisi olan İddiaçı2 xəbərsiz baş vermiş, vətəndaşın hüquqi savadının olmamasından sui-istifadə edilmişdir. 2019-cu ilin noyabr ayında İddiaçı2 qanuni istifadəsində olan 0.09 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha hissəsini 4500 manat müqabilində İddiaçı1 satmış, sonuncu da öz növbəsində bu barədə Saatlı Bələdiyyəsinə bu barədə şifahi məlumat verərək bu torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə başlamışdır. Saatlı Bələdiyyəsindən isə bununla bağlı hər-hansı bir narazılıq, xəbərdarlıq edilməmiş, əksinə tikintiyə və torpaq sahəsindən istifadəyə şifahi razılıq bildirilmişdir. Narazılıq və iddialar fərdi yaşayış evinin dam örtüyünün quraşdırılmasının başa çatmağına az qalmış, yəni tikintiyə sərf edilməli məbləğin yarıdan çoxunun xərclənməsindən sonra şifahi olaraq bildirilmişdir. Saatlı Bələdiyyəsinin yazılı xəbərdarlıqlar isə 2020-ci ilin 22 iyun və 13 avqust tarixlərində edilmişdir. Bundan sonra Bələdiyyə onlara qarşı cavabdehlərin Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsindən qanunsuz istifadələrinin dayandırılaraq cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinin iddiaçıya qaytarılmaları tələbi ilə məhkəməyə müraciət etmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(055)- 951/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bu qətnamədən apellyasiya şikayəti verilmiş və mülki mübahisə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Saatlı Bələdiyyəsinin M.F.Axundov küçəsində yerləşən 0.0024 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək və hərracdan satmaq üçün prosedur işlərinə başlamaq barədə qərarı qanunsuzdur. Yuxarıda qeyd edildiyi kimi M.F.Axundov küçəsində yerləşən 0.0024 ha torpaq sahəsi Saatlı rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsinin xx.xx.1999cu il tarixli sərəncamına əsasən İddiaçı2 mərhum oğlu X7 adına ayrılmış 0.10 ha (faktiki 0.09ha) torpaq sahəsinin daxilində yerləşməklə başqa fiziki şəxsin istifadəsindədir. Sözügedən torpaq sahəsi üzərində istifadə hüququna xitam verilmədikcə bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlaya bilməzdi. Göründüyü kimi ərizəçinin 0.0024 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə bələdiyyəyə 2017-ci il tarixdə müraciət etməsinə baxmayaraq Saatlı bələdiyyəsi qanunla müəyyən edilmiş prosedur qaydalarına riayət edərək prosedur hərəkətləri başa çatdırmamış, 2020-ci il tarixə qədər hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyətinə müraciət etməmiş, hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərməmişdir. Saatlı şəhər Bələdiyyəsi tərəfindən hərrac və ya müsabiqə yolu ilə satılmaq məqsədi ilə 0.0024 ha torpaq sahəsinin ayrılması barədə qəbul edilmiş qərarın ləğv edilməsi ilə əlaqədar Saatlı bələdiyyəsinə iki dəfə müraciət etmiş və ikinci xx.xx.2021-ci il tarixli müraciətə Saatlı bələdiyyəsi tərəfindən cavab verilərək həmin 0.0024 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması və qanunlara hörmətlə yanaşılmasının tövsiyyə edildiyi qeyd edilmişdir. Bələdiyyənin tövsiyyəsinə ehtiyac duymayaraq (belə ki, öz tövsiyyələrinə riayət etmiş olsaydılar bu mübahisə baş verməzdi) bu cavabı 0.0024 ha torpaq sahəsinin ayrılması barədə qəbul edilmiş qərarın ləğv edilməsindən imtina kimi qəbul edərək sözügedən qərarın ləğv edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qaldılar. Cavabdeh orqan müraciətinə bu cür laqeyd münasibət göstərməsi, ətraflı araşdırma aparmaması, əsassız və qanunsuz tələblərə əsaslanaraq cavab verməsi süründürməçiliyə gətirib çıxarmaqla konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh Saatlı rayonu Saatlı Bələdiyyəsi tərəfindən verilmiş mülahizəyə əsasən, mübahisəsi gedən torpaq sahəsi Bələdiyyənin mülkiyyətindədir. Bələdiyyə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyəti üzərində qanuna uyğun şəkildə sərəncam verə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbi irəli sürən iddiaçılara bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadənin dayandırılmasına dair dəfələrlə xəbərdarlıq etməyimizə baxmayarq, mübahisəli torpaq sahəsində tikinti işləri apardıqlarından Saatlı rayon məhkəməsinə müraciət etmiş və məhkəmə tətəfindən yuxarıda qeyd edilən qətnamə qəbul edilmişdir. Cavabdeh Saatlı Bələdiyyəsi belə nəticəyə gəlir ki, tərəflər eyni olmaqla istər mülki işdə, istərsə də, inzibati icraat qaydasında irəli sürülən tələblər üzrə mahiyyət baxımından eyni iddia irəli sürməklə məhkəmə mübahisələrinə rəvac vermişlər. Hazırda tərəflər arasında davam edən mübahisəyə mülki icraat qaydasında qiymət verildiyindən və bu mübahisəyə apellyasiya qaydasinda baxıldığından, iddiaçıların irəli sürdükləri tələbə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməməlidir.İddiaçılar İddiaçı1 və İddiaçı2 Saatlı şəhər Bələdiyyəsinə qarşı “0,0024 ha torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddialarının mümkün hesab edilməməsinə dair qəradad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, İddiaçı2lə aralarında şifahi qaydada torpaq sahəsinin satılması barədə müqavilə bağlanmış, aralarında “kişi sözü” aparıldığını, rəsmi qaydada rəsmiləşdirilmə aparılmamış, lakin İddiaçı2 pulla ödəniş etmiş, qızı üçün torpaq sahəsində yaşayış sahəsi tikilən zaman üçüncü şəxsin atası A.Fətullayev tərəfindən maneə və mübahisələr başlanmışdır, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 hüquqi varisi X15 iddia tələbini müdafiə edərək, mübahisəli torpaq sahəsinin mərhum atası tərəfindən şifahi müqavilə qaydasında İddiaçı1 satıldığını, İddiaçı1 tərəfindən həmin ərazidə yaşayış sahəsini tikən zamana qədər heç kim tərəfindən torpaq sahəsinin mübahisələndirilmədiyini bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iddia ərizəsini qəbul etməmiş və bildirmişdir ki, həmin torpaq sahəsi Bələdiyyənin mülkiyyətindədir, iddiaçılar tərəfindən qanunsuz olaraq həmin torpaq sahəsindən istifadə edilmişdir, hal-hazıradək hərrac və ya müsabiqə yolu ilə keçirilməsi barədə qərar qəbul edilməmişdir, ona görə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X3 nümayəndəsi X10 iddia ərizəsini qəbul etməyərək, Gülnarə tərəfindən 2014-cü il tarixdə mübahisəli torpaq sahəsinin alınması barədə Saatlı rayonu Saatlı Bələdiyyəsinə müraciət etmiş, həmin ərazidən keçən zaman tikinti aparıldığını görmüş və aralarında mübahisə düşmüşdür, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyətinin İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamına əsasən, X8 10 sot fərdi yaşayış sahəsi tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Saatlı rayonu Saatlı Bələdiyyəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması, oradan çıxarma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Saatlı rayonu Saatlı Bələdiyyəsinin mülkiyyətində olan saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsindən qanunsuz istifadələri dayandırılaraq onların həmin torpaq sahəsindən çıxarılması və həmin 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(055)-564/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti verildiyi üçün mülki iş xx.xx.2023-cü il tarixdə AR Ali Məhkəməsinə göndərilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1040 saylı ekspert rəyinə əsasən, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edildi və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin küçəsində yerləşən 0.10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edildi və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Mütəxəssis rəyinə və rəyə əlavə olunmuş sxemə əsasən iddiaçı tərəfin mübahisələndirdiyi Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bütövlükdə Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir. İşdə olan Saatlı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Saatlı Bələdiyyəsinin mülkiyyətinə aid olan və sahibkarlıq məqsədilə hərraca çıxarılması nəzərdə tutulan 0.0024 ha torpaq sahəsinin ƏMDX-nm müvafiq qurumları tərəfindən Kadastr planı hazırlanmış və müsbət rəy verilmişdir. O, cümlədən sözügedən torpaq sahəsinin Saatlı şəhərinin Baş planına uyğunluğu barədə torpaq sahəsinin Saatlı şəhərinin Baş planına uyğunluğu barədə Saatlı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən müsbət rəy verilmişdir. Sadalanan bu sənədlər Saatlı Bələdiyyəsinin qərar və məktubu da əlavə edilməklə torpaq sahəsinin çıxarış və plan ölçüsünün alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestrinin Şirvan Ərazi şöbəsinə təqdim olunmuş və dövlət rüsumu ödənilmişdir. Bələdiyyənin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ tanındıqdan sonra hərrac və ya müsabiqəyə çıxarılacaqdır. Saatlı bələdiyyəsinin mülkiyyətinə aid olan 0.0024 ha torpaq sahəsi heç kimin istifadəsində deyildir. Sözügedən torpaq sahəsini almaq məqsədilə Saatlı şəhər sakini X5 2014-cü ildə rəsmi şəklidə Bələdiyyəyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi marağı Bələdiyyənin 0,0024 ha torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması barədə qərarın ləğv edilməsindən ibarətdir. İddiaçı2 mübahisəli torpaq sahəsinin Saatlı Rayon İcra Hakimiyyətinin İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsinin xx.xx.1999-cu il tarixli sərəncamına əsasən, oğlu X8 10 sot fərdi yaşayış sahəsi tikilməsi üçün torpaq sahəsi ayrıldığını iddia etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq iddiaçı F.X1 qanuni vərəsəlik üzrə varisi olmadığını müəyyən etmişdir. Həmçinin İddiaçı1 adına mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin olmadığı və iddiaçılar arasında şifahi qaydada alqı-satqı həyata keçirildiyi müəyyən edilmişdir. Həmçinin iddia tələbində 0,0024 ha torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması barədə qərarın ləğv edilməsi xahiş edilmiş, iş materialları araşdırılan zaman qərarın mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmənin qənaətinə görə qanunla qorunan hüquq və maraqlarınızın pozulduqu təqdirdə iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyini, və yaxud hər hansısa bir inzibati akt qəbul olunmuşdursa həmin inzibati aktı mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Odur ki, İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkəmə tərəfindən məhkəmə iclaslarında iştirak edən iddiaçının hüquqi marağı qiymətləndirilərək. ona hüquqi yardım göstərilmiş, tələbin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş ərizə verilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir və 0,0024 ha torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması barədə qərar mövcud deyildir. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Saatlı rayonu Saatlı Bələdiyyəsinə qarşı “0,0024 ha torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə satılması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar