Məhkəmə qərarları › İş №2-1(120)-1790/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1790/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1790/2022 02.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 filialına qarşı «01 mart 2022-ci il tarixdən 18 may 2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi» tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 filialına qarşı «01 mart 2022-ci il tarixdən işsizlikdən sığorta ödənişinin təyin edilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2021-ci il tarixində 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialında işaxtaran kimi qeydiyyata alınmışdır. xx.xx.2021 -ci il tarixində "xxxx" MMC-də inzibatçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.b (işçilərin sayı və ya ştatların ixtisar edildikdə) maddəsinə əsasən "xxxx" MMC-də tutduğum vəzifədən azad edimişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı A. Abdullayevin anket məlumatları təhlil edilən zaman müəyyən olunmuşdur ki, vətəndaş Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində işsiz statusunu xx.xx.2022-ci il tarixində almışdır. xx.xx.2022-ci il tarixində isə iddiaçının işsiz statusu “işaxtaran” statusu ilə əvəz edilmiş və buna səbəb iddiaçının aktiv əmək müqaviləsinin aşkarlanması olmuşdur. Belə olduğu təqdirdə vətəndaşa iddia ərizəsində qeyd edildiyi kimi 01,03.2022-ci il tarixindən etibarən işsizlikdən sığorta ödənişinin təyin edilərək ödənilməsi hüquqi baxımdan qeyri-mümkündür. Çünki işsizlikdən sığorta ödənişi üçün tələb olunan şərtlər toplusunda vətəndaşın sonuncu əmək münasibətlərinin qanunvericilikdə göstərilən maddələrlər xitam olunması, əlavə olaraq vətəndaşın sonuncu iş yeri üzrə işsizlikdən sığorta məqsədləri üçün sığortaolunan olması, habelə müvafiq olaraq işsizlikdən sığorta stajına malik olması və ən əsası işsiz statusunun olması nəzərdə tutulur. İddiaçıya münasibətdə işsiz statusu xx.xx.2022-ci il tarixində verildiyi üçün şəxsə bu tarixdən daha əvvəlki tarixə işsizlikdən sığorta ödənişinin təyinatının aparılması qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verməməkdədir. Bir digər məsələ ondan ibarətdir ki, vətəndaş işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərkən vətəndaşın anket məlumatları Nazirliyin MEİS-nin müvafiq altsistemləri vasitəsilə yoxlanılmışdır. Müvafiq yoxlanma zamanı vətəndaşın sonuncu iş yeri üzrə işsizlikdən sığorta məqsədləri üçün sığortaolunan olmadığı və müvafiq olaraq sonuncu iş yeri üzrə xeyrinə sığorta haqlarının ödənmədiyi müəyyən edilmişdir. Belə ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3- cü maddəsinə əsasən bu qanunun məqsədləri çərçivəsində sığortaolunan dedikdə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər başa düşülməkdədir. İşçilərin işsizlikdən sığorta məqsədləri üçün müvafiq sığortaçıda sığortalanmaması nəticə etibarilə onların “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsində sığorta ödənişini almaq üçün müəyyən olunmuş şərtlərdən biri olan “sığortaolunanlıq” şərtinə cavab verməməsi ilə nəticələnir ki, sözügedən şərtin varlığı da məhz Nazirliyin MEİS-nin “Sığorta” altsistemi vasitəsilə yoxlanır. İddiaçı A. Abdullayevə münasibətdə müvafiq altsistemdən istifadə edilərək araşdırma aparılan zaman yuxarıda qeyd edilən məsələyə dair müəyyən edilmişdir ki, iddiaçının sonuncu iş yeri olan "xxxx" MMC tərəfindən vətəndaşın işsizlikdən sığorta məqsədləri üçün sığorta haqları ödənilməmişdir. Belə olduğu təqdirdə vətəndaş sonuncu əmək münasibətləri çərçivəsində işsizlikdən sığorta məqsədləri üçün sığortalanmamışdır. Bu isə öz növbəsində şəxsə münasibətdə onun sonuncu əmək münasibətləri hər nə qədər də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam edilsə də, işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı fəaliyyətin həyata keçirilməsini qeyri-mümkün edən bir digər hüquqi nüansdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 filialına qarşı “hüququ yarandığı tarixdən işsizlikdən sığorta ödənişi almağına kömək göstərilməsinə dair” iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin hazırlıq icraatı mərhələsində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə iddia tələbinə «01 mart 2022-ci il tarixdən 18 may 2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi» kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək «01 mart 2022-ci il tarixdən 18 may 2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi» kimi göstərilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İmtina məktubuna nəzər yetirdikdə görünür ki, iddiaçının tələbinə qarşı cavabdehin etiraz məktubuna baxarkən imtina üçün iki əsas götürmüşdür: - Şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron X2 altsistemində işsiz statusunu xx.xx.2022-ci il tarixində almış olması və xx.xx.2022-ci il tarixindən işsiz statusunun “işaxtaran” statusu ilə əvəz edilməsi. (iddiaçının aktiv əmək müqaviləsinin aşkarlanması) - Şəxs işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərkən şəxsin sonuncu iş yeri üzrə xeyrinə sığorta haqlarının ödənilməməsi. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron X4 haqqında arayışdan görünür ki, İddiaçı 14 saylı Ərazi Məşğulluq Mərkəzinə işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə müraciət etmiş lakin cavabdeh orqan iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixdə münasibət bildirmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 14 saylı Ərazi Məşğulluq filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının son iş yeri "xxxx" MMC-də olan sığorta stajı barədə müvafiq məlumatlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində əks olunmamışdır. Bu səbəbdən ona həmin qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi təyin etmək mümkün olmamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Vergi Xidmətinin mədaxil qəbzlərindən görünür ki, İddiaçı adına Mərkəzləşmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində məlumatlar vardır. İş materiallarında olan İddiaçı xx.xx.2006-cı il tarixli, ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də inzibatçı vəzifəsinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.b (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) maddəsinə əsasən tutduğu inzibatçı vəzifəsindən azad edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubuna və şəxslərin əmək fəaliyyəti ilə bağlı məlumat arayışına əsasən İddiaçı "xxxx" MMC-də işlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrün və əmək müqaviləsinin xitamı ilə bağlı məlumatların qeyd edildiyi və Mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddianın əsaslı olub-olmaması istiqamətində araşdırmanın aparılması və qiymətləndirilməsi aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən. 13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 17.1. Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. 17.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir. 17.3. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir: 17.3.1. ilk 2 təqvim ayı üçün – 100 faiz; 17.3.2. 3–4-cü təqvim ayları üçün – 80 faiz; 17.3.3. 5–6-cı təqvim ayları üçün – 70 faiz. “Sığorta ödənişinin verilməsi” Qaydasının: 1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. 1.2. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 1.3. Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla əmək münasibətlərinə xitam verildiyi halda yaranır. 2.1. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti “İşsizlikdəın sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsi ilə tənzimlənir. Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aklarından müddəalarından göründüyü kimi işsizlikdən sığortanın əsas məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Nəzərə alınmalıdır ki, sığorta ödənişini almaq hüququna malik olan şəxslərin əhatə dairəsi konkret müəyyən edilmiş, sığorta ödənişinin verilməsinin dayandırılması əsasları isə dəqiq göstərilmişdir. Nəzərə alınmalıdır ki, şəxsin işsizlikdən sığorta ödənişinin almaq hüququ yalnız o zaman yaranır ki, o, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsi ilə müəyyən edilmiş şərtlər bir anda ödənilsin. Qanunvericilikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (hazırki iddiaçıda olduğu kimi) əsasən əmək münasibətlərinə xitam verilmiş şəxs sığorta ödənişini almaq hüquqna malik olur. Lakin, burada onun təkcə həmin əsasla əmək münasibətinə xitam verilməsi deyil, həmçinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsində dayandırma ilə bağlı səciyyələnmiş əsasların əhatə dairəsinə düşməməsi önəmlidir. Yuxarıda göstərilənləri bir ifadə ilə ümumiləşdirirək qeyd olunur ki, şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (hazırki iddiaçıda olduğu kimi) əsasən əmək münasibətlərinə xitam verilmişdir. Cavabdehin etiraz məktubunda qeyd edilən imtina hallarına münasibət bildirərək Məhkəmə diqqətə çatdırmaq istəyir ki, İddiaçı 14 saylı Ərazi Məşğulluq Mərkəzinə işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə müraciət etmiş lakin cavabdeh orqan iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixdə münasibət bildirmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı Zabil oğlu xx.xx.2021-ci il tarixdə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının müraciətinə 10 gün müddətində baxıllıb qərar verilməli olduğu halda müraciətə 8 ay keçdikdən sonra münasibət bildirilmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Vergi Xidmətinin mədaxil qəbzlərindən görünür ki, İddiaçı adına "xxxx" MMC tərəfindən işlədiyi dövr ərzində iş yeri üzrə xeyrinə sığorta haqları ödənilmiş və və Mərkəzləşmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində məlumatlar yerləşdirilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən İddiaçı adının Mərkəzləşdirilmiş elektron informasiya sisteminə işsiz kimi qanunvericiliyin normalarını pozaraq xx.xx.2022-ci il tarixdə qeyd edilməsi iddiaçının zərərinə qiymətləndirilə bilməz və cavabdeh tərəfindən mübahisələndirilməsi üçün əsas deyil. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, məhkəmə araşdırmasının gedişində göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya 01 mart 2022-ci il tarixdən 18 may 2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 filialının üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya 01 mart 2022-ci il tarixdən 18 may 2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 01 mart 2022-ci il tarixdən 18 may 2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar