Məhkəmə qərarları › İş №2-1(120)-1797/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1797/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1797/2024 19.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Birinci Qarabağ müharibəsinin veteranı kimi Prezident təqaüdünün hüququnun yarandığı gündən,yəni 2019-cu ilin aprel ayından təyin edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Birinci Qarabağ müharibəsinin veteranı kimi Prezident təqaüdünün hüququnun yarandığı gündən,yəni 2019-cu ilin aprel ayından təyin edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddələrinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İş üzrə təyin olunmuş şifahi məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak edir. İddiаçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1991-1994-cü illərdə Azərbaycan Respublikası DİN-nin Kürdəmir rayon X3 serjantı vəzifəsində xidmət edərkən, Birinci Qarabağ müharibəsi zamanı Ağdam və Füzuli rayonlarında düşmənə qarşı aparılan döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-ci il tarixli qərarı ilə müharibə veteranlarına Prezident təqaüdünün verilməsi sahəsində ardıcıl müraciətləri əsasında xx.xx.2023-cü il tarixdə Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi ona “Müharibə veteranı” vəsiqəsi təqdim olunmuş və həmin vaxtdan Prezident təqaüdü alır. Məlum Prezident qərarına əsasən, Prezident təqaüdünün verilməsi 2019-cü ilin aprel ayından tətbiq edilir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən həmin təqaüd ona aprel 2023-cü il tarixdən təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunanları nəzərə alaraq, ona Prezident təqaüdünün məlum qərarın qüvvəyə mindiyi tarixdən, yəni 15 aprel 2019-cu ildən təyin edilərək verilməsinə göstəriş verilməsini xx.xx.2023-cü il tarixli ərizə ilə xahiş etmişdir. Cavabdeh, Mərkəzi Filial xx.xx.2023-cü il tarixli cavab məktubunda “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsini əsas tutaraq, Prezident təqaüdünün 3 il geriyə şamil olunmasından imtina edilmişdir. Bununla razılaşmayaraq, təkrarən cavabdehə xx.xx.2023-cü il tarixdə 2-ci ərizə göndərərək onun diqqətinə çatdırdı ki, məlum Prezident qərarına əsasən, Prezident təqaüdünün verilməsi 2019-cü ilin aprel ayından tətbiq edilir. Lakin buna baxmayaraq, tərəfinizdən həmin təqaüd ona aprel 2023-cü il tarixdən təyin edilmişdir. X2 tərəfindən imtinaya əsas gətirilən “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinin izahı səhv şərh edilməklə yanaşı, təhrif edilmişdir. Belə ki, cavabdeh tərəfindən əsas gətirilən maddədə qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu maddədə həmin təqaüdün ödənilməsinin hüququn yarandığı gündən icrasına qadağa qoyulmamış və qeyd olunanları nəzərə alaraq, ona Prezident təqaüdünün məlum qərarının qüvvəyə mindiyi tarixdən, yəni 15 aprel 2019-cu ildən təyin olunmasına göstəriş verməsini təkrarən cavabdehdən xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda əvvəlki cavab məktubundakı eyni məzmunlu ifadələr yazmaqla, tələbinin icrasından imtina etmişdir. Qeyd olunanlara əsasən,iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərək etirazda qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, hesab edirlər ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında İddiaçı xx.xx.2023-cü il tarixdən müharibə veteranları üçün nəzərdə tuulan təqaüd ödənilmiş və hazıradək ödənilməkdədir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. xx.xx.1994-cü il tarixdən qüvvədə olan "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001- ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir, ikinci Qünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir". Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Bu qəbildən olan işlərdə veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi ücün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Beləliklə, iddiaçının əvvəlki illər üzrə müavinətin hesablanıb birdəfəlik ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Günəş Yusifqızı qızı məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir.Hazırki iş üzrə cavabdeh inzibati orqanın yurisdiksiyası bütün Respublika ərazisini əhatə edir və İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə uyğun olaraq hüquqlarına müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır.İddiaçı Kürdəmir rayonu, Şilyan kəndində yaşayır. Və Məhkəmə- Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir və təmin edilməməlidir. Belə ki, iddiaçı veteran vəsiqəsini aldığı gündən əvvəlki illər üzrə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş, Kürdəmir rayonunun Şilyan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 037515 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən xx.xx.2005-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş min) manat (2006cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denominasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilirdi. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2023-cü il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən). Əlavə olaraq bildirirlər ki, veteran vəsiqəsi xx.xx.2023-cü il tarixində verildiyindən iddiaçıya ərizəsində qeyd etdiyi dövrlər üzrə təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı sənədlərinə Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının xx.xx.2023-cü il tarixli protokoluna əsasən vətəndaş İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən xx.xx.2005-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş min) manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denominasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilirdi. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Bildirirlər ki, İddiaçı xx.xx.2023-cü il tarixindən müharibə veteranları üçün nəzərdə tutulan təqaüd qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən). Eyni zamanda veteran vəsiqəsi xx.xx.2023-cü il tarixində verildiyindən əvvəlki üç il üçün təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən, müavinətlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli Fərmanının 1-ci və 1.9cu bəndlərinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə-55 manat sosial müavinət müəyyən edilmişdir. Göründüyü kimi “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Ancaq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir.Həmin Qanunun 4-cü maddəsində təqaüd sosial müavinat növlərindən biri kimi müəyyən edilməmiş və Qanunun 9.1-ci maddəsində təsbit olunan geriye 3 illik ödəmə aparılmasının təqaüdə münasibətdə şamil olunması nəzərdə tutulmamışdır. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1inədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir və nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə verilir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə, müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx.xx.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2019cu il tarixindən sonra, yəni xx.xx.2023-cü il tarixdə müharibə veteranı statusu aldığından ona yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.Odur ki, müvafiq vəsiqənin verildiyi tarixdən əvvəli üç illik dövrə görə müavinat ödənilməsi qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1133/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən,iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Birinci Qarabağ müharibəsinin veteranı kimi Prezident təqaüdünün hüququnun yarandığı gündən,yəni 2019-cu ilin aprel ayından təyin edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar