Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-18/2020 30.01.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Üçüncü şəxs X2 (Cəlilabad rayonu, Məmmədcanlı kəndində yaşayan) iştirakı ilə, İddiaçı «Cavid-6» müstəqil kiçik müəssisəsinin Cavabdehnə qarşı «04.06.2014-cü il tarixli 96 saylı sərəncamın qismən ləğv edilməsi barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı «Cavid-6» müstəqil kiçik müəssisəsi Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 04.06.2014-cü il tarixli 96 saylı sərəncamının 3 ha hissəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon XDS Rəyasət Heyətinin 10 fevral 1995-ci il tarixli 02 saylı qərarı ilə «Cavid-6» MKM-nə 17,0 ha torpaq sahəsi verilmiş, yenidən həmin torpaq sahəsinə Cavabdeh 07 may 2007-ci il tarixli 576 saylı qərarı ilə uzun müddətli 20 illik icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək, «Cavid-6» MKM-nə məxsus 17,0 ha torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsini xahiş etsə də, həmin vaxt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi «Cavid-6» MKM-nə məxsus 17,0 ha torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, «Cavid-6» MKM-nə məxsus 17,0 ha torpaq sahəsindən 3,0 ha torpaq sahəsi başqa bir şəxsə, yəni Cəlilabad rayon Məmmədcanlı kənd sakini X3 verilmişdir. Cavabdeh 04.06.2014-cü il tarixli 96 saylı sərəncamı və 681 saylı icarə müqaviləsi qanunlarla tənzimlənməyən müqavilə kimi qəbul edir və ləğv olunması qanunlarla tənzimlənməlidir. Cavabdeh 04.06.2014-cü il tarixli 96 saylı sərəncamı ilə Cəlilabad rayon Məmmədcanlı kənd sakini X6 arasında bağlanmış 681 saylı icarə müqaviləsi qeyri-qanunidir, onun sahiblik hüquqlarını pozduğu üçün etibarsız sayılmalı və hüquqları bərpa edilməlidir. Qeyd edilənlərə əsasən, Cavabdeh 04.06.2014cü il tarixli 96 saylı sərəncamının 3 ha hissəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı «Cavid-6» müstəqil kiçik müəssisəsinə, Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə iddiaçının, cavabdehin və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X6 şifahi məhkəmə baxışı iclasında izahatında göstərdi ki, müraciəti əsasında Cavabdeh başçısının 4 iyun 2014-cü il tarixli 96 saylı sərəncamı ilə onun icarəsinə 10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində icarə hüququ qeydə alınmaqla daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı çıxarış verilmişdir. İcarəsinə verilmiş torpaq sahəsi 7 və 3 ha olmaqla iki hissədə yerləşir. İcarəsinə verilən tarixdən həmin torpaq sahəsini faktiki olaraq özü istifadə edir. İddiaçının tələb etdiyi torpaq sahəsinin onun icarəsinə verilmiş torpaq sahəsi ilə heç bir aidiyyəti yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin rəisi Yaşar Vəliyev tərəfindən X7 ünvanlanmış 03 may 2018-ci il tarixli məktubda göstərilmişdir ki, onun «Cavid-6» MKM-yə məxsus 17,0 ha torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, müraciətlə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisi tərəfindən yerində və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatlarına əsasən araşdırma aparılan zaman müəyyən olmuşdur ki, sözügedən sənəd üzrə 17,0 ha torpaq sahəsi yerində (naturada) faktiki 13,45 ha təşkil edir. Yerdə qalan Cəlilabad rayonu, Məmmədcanlı kəndinə 3,0 ha torpaq sahəsinə Xidmətin 8 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh Başçısının 04 iyun 2014-cü il tarixli 96 nömrəli sərəncamı və 04.06.2014-cü il tarixli 681 nömrəli icarə müqaviləsi əsasında 07 dekabr 2016-cı il tarixli **********13 reyestr nömrəli çıxarışla X2 icarə hüququ qeydiyyata alınmışdır. Yerdə qalan digər hissəsi isə çayın və yolun ərazisinə aiddir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi torpaq sahəsi üzərində yaranmış mübahisəni həll edən deyildir. Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını və daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Odur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. İş materialında olan «Cavid-6» müstəqil kiçik müəssisəsinin 12 dekabr 1994-cü il tarixli nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayonu Babalı kəndində yerləşən təsisçiləri - Cəlilabad rayonu Babalı kənd sakinləri X5, X4 və X8 olan kiçik müəssisə - kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, satışı, inşaat materiallarının emalı, alqı-satqısı, əhaliyə məişət, ictimai-iaşə xidməti və kommersiya fəaliyyəti ilə məşğuldur. İş materialında olan Cəlilabad rayon X10 Rəyasət Heyətinin 10 fevral 1995-ci il tarixli 02 №li iclas protokolundan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Respublika Ədliyyə Nazirliyində 12.12.1994-cü il tarixdə 1972-ci ildə qeydə alınmış «Cavid-6» KM-nə torpaq sahəsi verilməsi üçün N.Nərimanov adına sovxozun ƏKŞ-nın 30.12.1994-cü il tarixli 6 №li qərarı, RİH başçısının 06.02.1995-ci il tarixli 599 №li vəsatəti, akt və xəritə nəzərə alınması, müəssisəyə Korlar ərazisində şimaldan Korlar dərəsi ilə çay, cənubdan-qərbdən sovxozun əkin yeri ilə, şərqdən «Abazallı» kolxozun səddi ilə sərhədlənən 30,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Təklə kəndində N.Nərimanov adına sovxozun Korlar ərazisindən «Cavid-6» müstəqil kiçik müəssisəsinə müvəqqəti verilməsi qərara alınmışdır. İş materialında olan icarəçi «Cavid-6» müstəqil kiçik müəssisəsi ilə icarəyə verən Cəlilabad rayon XDS Rəyasət Heyəti arasında bağlanmış 07 may 2007-ci il tarixli 576 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən Cəlilabad rayon XDS-nin 10 fevral 1995-ci il tarixli 02 saylı qərar əsasında 170000 (bir yüz yetmiş min) kv.m. olan sahəni icarəçinin uzun müddətli istifadəsinə vermişdir. İş materialında olan Cavabdeh Başçısının “rayonun dövlət ehtiyat fondundan “Kamil-48” müəssisəsinə verilmiş torpağın bir hissəsindən istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin X2 istifadəsinə verilməsi barədə” 4 iyun 2014-cü il tarixli 96 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin 2 iyun 2014-cü il tarixli 255 № li vəsatəti, akt və xəritə nəzərə alınaraq dövlət ehtiyat fondundakı torpaqdan, 1-ci hissə 6,0 hektar olmaqla şimaldan Korlar dərəsi ilə, cənubdan Korlar dövlət ehtiyat fond torpağı ilə, şərqdən «Xəqani» kiçik müəssisəsinin torpağı ilə, qərbdən «Sadiq» kiçik müəssisəsinin torpağı ilə, 2-ci hissə 4,0 hektar olmaqla şimaldan Korlar çayı ilə, cənubdan «Cavid-6» kiçik müəssisəsinin torpağı ilə, şərqdən Korlar dövlət ehtiyat fond torpağı ilə, qərbdən Korlar dərəsi ilə sərhədlənən cəmi 10,0 hektar torpaq sahəsi X2 icarəsinə verilməsi və onunla icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 01 fevral 2019-cu il tarixdə məhkəməyə daxil olmuş məktubunda göstərilmişdir ki, Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsinin, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsini və İPM-nin 48.2-ci maddəsini rəhbər tuturaq iddiaçı «Cavid-6» MKM-nin direktoru X1 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hissədə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayonunun Məmmədcanlı kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 icarəsinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 07 dekabr 2016-cı il tarixdə 62 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 03 dekabr 2016-cı il tarixdə tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Cəlilabad rayon İH-nin 04.06.2014-cü il tarixli 96 nömrəli sərəncamına və 04.06.2014-cü il tarixli 681 nömrəli torpaq sahəsinin icarə müqaviləsinə əsasən Cəlilabad rayonunun Məmmədcanlı kəndində yerləşən, dövlət mülkiyyətində olan və X3 icarəyə verilmiş 3 hektar torpaq sahəsi ilə bağlı tərtib olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin C-136 nömrəli 19 iyul 2019-cu il tarixli arayışından görünür ki, cavabdeh X2 **********13 reyestr nömrəli çıxarışla icarəsinə verilmiş 3,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 07.05.2007-ci il tarixli 576 nömrəli torpaq icarəsi müqaviləsinin 1.2 bəndinə əsasən «Cavid-6» müstəqil kiçik müəssisəsinə verilməsi nəzərdə tutulmuş 17 hektar torpaq sahəsinin planının mülki işdə olmaması səbəbindən həmin mübahisəli torpaq sahəsinin 17 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşməsini və ya üst-üstə düşməsini müqayisəli tərzdə araşdırmaq və qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. İş materialında olan 15.05.2018-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, X9 tərəfindən məhkəmədə iddia qaldırılması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cəlilabad rayon XDS-nin 10 fevral 1995-ci il tarixli qərarı «Cavid-6» müstəqil kiçik müəssisəsinə 30 ha torpaq sahəsi ayrılmış, icarəyə verən Cəlilabad rayon XDS Rəyasət Heyəti ilə icarəçi «Cavid-6» MKM arasında bağlanmış 07 may 2007-ci il tarixli icarə müqaviləsi əsasında isə 170000 (bir yüz yetmiş min) kv/metr sahə əkin üçün icarəçinin uzun müddətli istifadəsinə vermişdir. Cavabdeh Başçısının 04 iyun 2014-cü il tarixli sərəncamı ilə “Kamil-48” müəssisəsinə verilmiş 15 ha torpaq sahəsinin 10 ha-dan istifadə hüququna xitam verilmiş və həmin 10,0 ha torpaqsahəsi X2 icarəsinə verilmişdir. Sonuncunun həmin torpaq sahəsinin 3 ha hissəsinə icarə hüququ 07.12.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı Cavabdeh 04.06.2014-cü il tarixli sərəncamının sözügedən 3 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını tələb edir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, lakin iddiaçı tərəfindən «Cavid-6» MKM-nə icarəyə verilmiş 17 hektar torpaq sahəsinin planı məhkəməyə təqdim olunmadığından torpaq sahələrinin üst-üstə düşməsini araşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra Torpaq Məcəlləsinin) 51-ci maddəsinin 3 və 6-cı hissələrinə əsasən, icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, «Cavid-6» müstəqil kiçik müəssisəsi ilə Cəlilabad rayon XDS Rəyasət Heyəti arasında bağlanmış 07 may 2007-ci il tarixli torpaq icarəsi müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Baxmayaraq ki, müqavilənin əsas şərti kimi 6-cı bəndində qeyd olunur ki, bu müqavilə açıqlana bilməz və icarəyə götürülmüş torpaq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən 17 ha torpaq sahəsi üzərində hüququnu qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına aldırmadığından torpaq icarəsi müqaviləsinin 6-cı bəndinə əsasən, bu müqavilə qüvvəyə minməmişdir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsində qeyd olunur ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» 2 saylı 14.02.2003cü il tarixli Qərarının 6-cı bəndinə əsasən, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüquqları), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Bundan əlavə, iddiaçı mübahisələndirilən sərəncamla onun maraqlarının pozulmasının nədən ibarət olmasını sübut etmək yükünü öz üzərinə götürməlidir. Məhkəmə araşdırması zamanı cavabadeh tərəfindən 04 iyun 2014-cü il tarixli 96 nömrəli sərəncam qəbul edilərkən iddiaçının hər hansı hüquqlarına müdaxilə olunması və ya hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.07.2008-ci il il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə predmeti olan sərəncam və torpaq sahəsi ilə bağlı hüquqlar iddiaçının qanunla qorunan hüquqlarına və maraqlarına toxunmadığından sonuncunun iddia qaldırmağa subyektiv hüquqları da yaranmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt iddiaçının qanunvericiliklə qorunan hər hansı bir hüququnu pozmadığından və ya məhdudlaşdırmadığından «Cavid-6» müstəqil kiçik müəssisəsinin Cavabdehnə qarşı «04.06.2014-cü il tarixli 96 saylı sərəncamın qismən ləğv edilməsi barədə» iddia tələbinin qanuni əsası yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68-69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: «Cavid-6» müstəqil kiçik müəssisəsinin Cavabdehnə qarşı «04.06.2014-cü il tarixli 96 saylı sərəncamın qismən ləğv edilməsi barədə» iddiası təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-18/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-18/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver