Məhkəmə qərarları › İş №2-1(120)-1801/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1801/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1801/2023 05.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 05 aprel 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il təvəllüdlüdür. O, 1992-N-cı illərdə Azərbaycan Respublikasının Ordusunda xidmət etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N saylı hərbi hissəsinin şəxsi heyətinin tərkibində erməni qəsbkarlarına qarşı əlində silah döyüş əməliyyatlarında iştirak etmişdir. N-cı ildə N nömrəli hərbi hissədən təxris olunmuşdur. Qeyd edir ki, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 16/866 saylı məktubunda barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmişdir. Lakin döyüşlərdə iştirak etməyinə baxmayaraq o, hal-hazıra qədər müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. O, ərizə ilə Müdafıə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Həmin İdarədən cavab verilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Mtidafıə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi ona “Müharibə veteranı“ adının və vəsiqəsinin verilməsindən imtina etmişdir ki, bu imtina da onun məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh tərəfındən qeyd edilən hərəkətlə konstitutsion hüququ pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsi aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiya xx.xx.2022-ci il tarixli iclasında iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərarı barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. İddiaçı həmin qərarın, yəni inzibati aktın qəbul eilməsindən 3 ay sonra onu mübahisələndirmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunana əsasən iddiaçı inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr mümkünlük şərtlərini yoxlayarkən İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Həmin Qərarın 2.2-ci bəndində isə qeyd edilir ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-9598 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır. Döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissə komandirinin müvafıq əmri ilə xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlara daxil edilməyinə baxmayaraq sonrakı müddət ərzində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsinin məqsədə uyğun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-9907 nömrəli Arxiv Arayışından görünür ki, N №-li hərbi hıssə komandirinin xx.xx.1992-ci il tarixli 45 №-li nizami hissə üzrə əmrində (əsas: səh 24. § 3, sıra 182) İmişli RHK-dan çağırılmış İddiaçı adı xx.xx.1992-ci il tarixdən N №-li hərbi hissənin bütün növ təminatlarla təmin olunmuş şəxsi heyətin siyahısında qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin 16.09. tarixli 29 №-li nizami hissə üzrə əmrində (əsas: səh 11, sıra 24, əmrdə atasının adı yazılmamışdır) İddiaçı avqust 1993-cü il tarixi üçün 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. Bildiririk ki, əmrin verilmə ili qeyd edilməmişdir, ondan əvvəlki 28 №-li nizami hissə üzrə əmr xx.xx.1993-cü il tarixdə verilmişdir. Qeyd edirik ki, 235 №-li hərbi hıssə komandirinin X3 Arxivinə daxil olan xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il, oktyabr N-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hıssə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-94 nömrəli Arxiv Arayışından görünür ki, N №li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 45 №-li nizami hissə üzrə əmrində (əsas: §-3, səh- 24, sıra-182) İmişli RHK-dan çağırılmış İddiaçı adı xx.xx.1992-ci il tarixdən N №li hərbi hissənin bütün növ təminatlarla təmin olunmuş şəxsi heyətin siyahısında qeyd edilmişdir. Bildiririk ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-97, sıra-729) 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə İmişli RHK-dan çağırılması, xx.xx.1992-ci il tarixində şəxsi heyətin siyahısına daxil edilməsi, şəxsi heyətin siyahısından çıxarılması qrafasında N №-li hərbi hissəyə göndərilməsi barədə məlumatlar qeyd edilmiş, lakin göndərilməsində komandirin əmrinin nömrəsi və tarixi göstərilməmişdir. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () №-li hərbi hissə komandirlərinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinn oktyabr N-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildiririk ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat askar edilmədiyindən və ərizədə N №-li hərbi hissədəki xidmət dövrü dəqiq göstərilmədiyindən barəsində əlavə araşdırma apara bilmirik. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-236 nömrəli Arxiv Arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il, yanvar-dekabr 1994-cü il, oktyabr N-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci il, yanvar 18 iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-30/2- 86/2023 nömrəli arayışından görünür ki, İmişli raycnu, Yalavac kəndində qeydiyyatda olan, 1973-cü il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.N-cı il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir və yaralanması barədə Xidmətin İmişli rayon şöbəsində heç bir məlumat yoxdur. Müdafiə Nazirinin xx.xx.N-cı il tarixli, 141 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 16/866 nömrəli məktubundn görünür ki, İddiaçı barəsində Füzuli hərbi prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan İmişli rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 3-13-83/2- 1485 nömrəli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı məhkumluğu yoxdur və barəsində hal-hazırda İmişli RPŞ-də hər hansı bir təqsirləndirici materialı qeydə alınmamışdır. İş materiallarında olan iddiaçıya məxsus HЗ № ******* nömrəli hərbi biletdə onun xx.xx.1992-ci il tarixindən xx.xx.N-ci ilədək həqiqi hərbi xidmətdə olması qeyd edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-9598 nömrəli məktubu ilə döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissə komandirinin müvafıq əmri ilə xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlara daxil edilməyinə baxmayaraq sonrakı müddət ərzində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-9907 nömrəli Arxiv Arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 45 №-li nizami hissə üzrə əmrində İmişli RHK-dan çağırılmış İddiaçı adı xx.xx.1992-ci il tarixdən N №-li hərbi hissənin bütün növ təminatlarla təmin olunmuş şəxsi heyətın siyahısında qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 29 №-li nizami hissə üzrə əmrində İddiaçı avqust 1993-cü il tarixi üçün 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. Bundan əlavə İddiaçı qeydiyyat kartasına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.N-cı il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Müdafiə Nazirinin xx.xx.N-cı il tarixli, 141 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlarla iddiaçının təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar