Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1803/2023 27.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixli, **********3 saylı əmrin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixli, **********3 saylı əmrin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ilin avqust ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsində məsləhətçi, 2013-cü ildən isə Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsində müdir müavini vəzifəsində işləmişdir. 21 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********3 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsində müdir müavini vəzifəsindən azad edilmişdir, 25 avqust 2016-cı il tarixdə bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 yanvar 2020-ci il tarixli, **********3 saylı əmrini qanunsuz hesab edir. Belə ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, dövlət qulluqçusu işlədiyi müddət ərzində onun heç bir nöqsanı olmayıb, rəhbərlik tərəfindən heç bir irad tutma, töhmət və ya xəbərdarlıq almamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xəstə olmuş, stasionar müalicə almışdır. Bununla əlaqədar Əmək qabiliyyətinin olmaması vərəqəsini iş yerinə təqdim etmişdir. O, uşaqlıq illərindən səhhətində olan müxtəlif xəstəliklərdən, xüsusən də böyrək çatışmazlığından əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar 2000-ci il tarixdə ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. 2020-ci ili yanvar ayında onu Nazirliyin Kadrlar şöbəsinə çağıraraq bildirdilər ki, ya işdə qalıb işləməlidir, ya da əlilliyə görə pensiya alıb işdən çıxmalıdır. O, xəstə olsa da, əlillikdən imtina edib, işdə qalmağına qərar verib. Lakin 21 yanvar 2020-ci ildə onu xəstəliklə əlaqədar işdə olmadığı halda işdən çıxardıblar. Eyni zamanda əlilliyini də ləğv ediblər. Ona qarşı edilmiş ikiqat haqsızlıq nəticəsində o, əsəb gərginliyin keçirdib. Səhhətində olan prolemlər daha da artdı. Əlavə olaraq şəkər xəstəliyi əmələ gəlib. O, dəfələrlə Nazirə, Nazir müavininə və müxtəlif dövlət orqanlarına müarciət edərək, qanunsuz işdən çıxarılmağı ilə əlaqədar bildirmişdir. Lakin çox təəsüf ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri tərəfindən ona qanunsuz işdən çıxarılmağı ilə əlaqədar hər hansı bir cavab verilməmişdir. 2020-ci ildən ölkə ərazisində COVİD-19 pandemiya başlaması səbəbindən onu Nazirlikdə qəbul etməyiblər. Göründüyü kimi o, məhkəməyə müraciət edənədək dövlət orqanlarına qanunsuz işdən çıxarılmağı ilə əlaqədar müraciətlər etmiş, yəni pozulmuş hüququnun müdafiəsi ilə bağlı müəyyən hərəkətlər etmişdir. Hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, həmin əmr qanunsuzdur və ləğv edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəsatətlə müraciət edərək bildirmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 21.01,2020-ci il tarixli **********3 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən 21.01,2020-ci il tarixindən işdən azad edilmiş və onunla son haqq-hesab aparılmışdır. iddia ərizəsindən qeyd edildiyi kimi əmr verilən tarixdə İddiaçı Nazirliyə dəvət edilərək ona tutduğu vəzifədən azad edilməsi barədə əmr elan olunmuşdur. Əlavə olaraq bildirilir ki, İddiaçı xx.xx.2021-ci il tarixində ona aid əmək kitabçasını təhvil almışdır (əmək kitabçalarının qeydiyyat kitabından çıxarış əlavə edilir). Həmçinin İddiaçı 01,07.2021-ci il tarixli müraciəti Nazirlik tərəfindən xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktubla cavablandırılmışdır (əlavə olunur). İddiaçı mübahisələndirilən əmrin məzmunundan 21.01,2020-ci il tarixindən məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1 -ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1 -ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci (iddia müddəti) maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1 -ci maddəsinə görə, Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göründüyü kimi iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. iddia müddətinin ötürülməsi ilə əlqədar oxşar hallarla bağlı Ali Məhkəmənin inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-269/2023 nömrəli qərarını və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-283/2022 nömrəli qərardadını misal göstərmək olar. Həmçinin "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublika Ali Məhkəməsinin Plenimunun 10 aprel 2015-ci il 4 nömrəli Qərarının 1,1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Qeyd edilənlərə əsasən iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli məktubları ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izah olunanların ona aydın olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iddiaçı tərəfindən iddia müddətinin ötürülərək məhkəməyə müraciət edildiyi bildirilərək məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin müdir müavini vəzifəsindən azad edildiyi barədə xx.xx.2020-ci il tarixli, **********3 saylı əmrin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanmasına dair iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə mübahisələndirilmişdir. İş materiallarına əsasən iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktla bağlı uzun müddətdir ki, məlumatının olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən bir sıra inzibati orqanlara ünvanladığı 2020-ci il və 2021-ci il tarixli teleqramın və ərizələr üzrə poçt məktublarının üzərində olan möhürün tarixindən də görünür ki, İddiaçı 2020-ci il tarixində artıq işdən çıxması barədə məlumatı olmuşdur. Həmçinin cavabdeh inzibati orqanın təqdim etdiyi qeydiyyat kitabından çıxarışa əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə əmr rəsmi qaydada təqdim edilmişdir. Qeyd edilənlərlə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı cavabdeh tərəfindən vaxtilə aldatıldığını bildirilmiş və sonuncu tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan 2020ci il tarixdə məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli 2-1(102)-269/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixli, **********3 saylı əmrin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixli, **********3 saylı əmrin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1803/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1803/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver