Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1806/2022 25.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, X3 katibliyi, İddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı «övladlığa götürmə barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 25 noyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlığa götürmə barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmuşdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2003-cü ildə Masallı rayonun Xıl kəndində anadan olmuşdur. Masallı rayon məhkəməsinin 23 iyul 2007-ci il tarixli qətnaməsi ilə X2 övladlığına verilmişdir. X7 27 dekabr 2020-ci ildə vəfat etmişdir. O, nənəsinin övladlığına verilməyinə baxayaraq ona Rayon Qeydiyyat Şöbəsi tərəfindən Övladlığıa Götürmə barədə Şəhadətnamə verilməməmişdir. Bildirir ki, nənəsi yaşlı adam olduğuna görə övladlığa götiirlüməsinə çox da böyük əhəmiyyət verməmişdir. Bu da onun sənədlərində uyğunsuzluq yaratmaqla yanaşı bir sıra hüquqlardan istifadə edə bilmir. Ona görə də övladlığa götürülmə barədə şəhadətnamənin verilməsi cavabdeh təşkilat üzərinə bir vəzifə kimi qoyulmalıdır. Ona övladlığa götürmə barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, 323 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Xıl kənd inzibati ərazi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 121 nömrəli arayışından görünür ki, İddiaçı Masallı rayonu, Xıl kəndində yaşayır. İddiaçı ona övladlığa götürmə barədə şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/Q-65 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Masallı rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(050)-339 saylı qətnaməsinə əsasən X1 övladlığına verilmidir. Lakin övladlığa götürülmə barədə qətnamə hazırkı vaxta kimi qeydiyyat orqanına təqdim edilmədiyindən övladlığa götürmə dövlət qeydiyatına alınmamışdır. Övladlığa götürən X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 176.2-ci maddəsinə əsasən övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmə qətnaməsinin qanunu qüvvəyə mindiyi gündən ən geci 1 ay müddətində övladlığa götürməni müvafiq icra hakimiyyəti orqanında qeyd etdirməyə borcludurlar. ‘Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının (Azərbaycan Respublikası Nazirlər Kabinetininin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmişdir) 4.2 və 4.3-cü bəndlərinə əsasən övladlıqa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onların birinin ərizəsi ilə qeydə alınır və qeydiyyat orqanı tərəfindən müvafiq akt qeydi məhkəmə qətnaməsinə və övladlığa götürənin və övladlığa götürülənin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən məlumatlar əsasında tərtib edilir. Övladlığa götürmə haqqında məhkəmə qətnaməsi qanunla müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən və hazırda övladlığa götürən öldüyündən övladlığa götürmənin dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Cavabdan narazı qaldığı halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən inzibati qaydada Azərbaycan Respublikası Şirvan İnzibati məhkəməsinə müraciət etmək hüqüqu vardır. İşdə olan xx.xx.2020-ci il tarixli AZ-İİ 144051 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Miokard infakt nəticəsində vəfat etmişdir (ölmüşdür). İşdə olan Masallı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(050)-339/2007 nömrəli qətnaməsindən görünür ki,xx.xx.2003-cü il tarixdə anadan olmuş İddiaçı X1 övladlığına verilmişdir. İşdə olan Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-339/2007 nömrəli məktubundan görünür ki, Masallı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(050)-339/2007 nömrəli qətnaməsi xx.xx.2007-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati-Prosesul Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Qaydanın 1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 4.2-ci bəndinə əsasən övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ilə övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır. Qaydanın 4.3-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsində və övladlığa götürənlərin və övladlığa götürülənin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən məlumatlar əsasında tərtib edilir. Qaydanın 4.5-ci bəndinə əsasən Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğum haqqında akt qeydinə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında ilkin şəhadətnamə verilir. Qaydanın 9.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə əsasən, təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydanın 9.8-ci bəndinə əsasən, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Ailə Məcəlləsinin 118.20-ci maddəsində 27 dekabr 2021-ci il tarixli 464-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər qeyd edilmişdir ki, Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Məcəllənin 118.21-ci maddəyə əsasən Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır. Ailə Məcəlləsinin 128-ci maddəsinə əsasən Uşağı faktiki tərbiyə edən şəxs öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında müəyyən oluna bilər, yalnız o şərtlə ki, yetkinlik yaşına çatmayanlar ailədə doğma uşaq kimi qəbul edilsin, eləcə də övladlığa götürən sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş olsun. Həmin Məcəllənin 130.5-ci maddəsinə əsasən Övladlığa götürülmüş uşaq 10 yaşına çatdıqda onun arzusu ilə müvafiq icra hakimiyyəti orqanı onun övladlığa götürülməsi ilə bağlı məlumatları ona təqdim edir. Həmin Məcəllənin 131-ci maddəsinə əsasən Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə, övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə, övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda və Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla övladlığa götürməni ləğv edə bilər. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri , uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci 1 ay ərzində övladlığa götürməni müvafiq icra hakimiyyəti orqanında qeyd etdirməyə borcludurlar. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının “qətnamənin müəyyən edilmiş müddətdə” təqdim olunmamasını və “hazırda övladlığa götürənin” ölməsini əsas gətirsə də, qeyd edilən halların iddiaçının səhvi nəticəsində olmadığını nəzərə almamışdır. Belə ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 339/2007 saylı məktubuna əsasən ərizəçi X1 uşağın övladlığa götürülməsi tələbinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(050)-339/2007 saylı qətnaməsi olmuş və həmin qətnamə xx.xx.2007-ci il tarixdə qanuni qüvvəsini almışdır. Övladlığa götürmənin ləğvi ilə bağlı müraciətlər olmamış və tərəflər məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olduğundan, həmçinin Ailə Məcəlləsinin 118.20-ci maddəsində göstərilən tələblərə əsasən hüquqlarının qeydə alındığını zənn etmişlər. Həmçinin həmin vaxt iddiaçının 3 yaşı olmuşdur. Övladlığa götürənin ölməsi iddiaçıya şəhadətnamə verilməsinə mane olan hal kimi nəzərə alına bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və imtinanı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı övladlığa götürmə barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 73-cü, 75-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı övladlığa götürmə barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1806/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1806/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver