Məhkəmə qərarları › İş №2-1(120)-1809/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1809/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1809/2021 26.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası bütövlüyü uğrunda İ Qarabağ döyüşlərində iştirak etdiyi üçün müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası bütövlüyü uğrunda İ Qarabağ döyüşlərində iştirak etdiyi üçün müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2-1(112)-9093/2021 nömrəli qərardadı ilə iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi işi aidiyyəti üzrə göndərərkən İddiaçı hal-hazırda Beyləqan şəhəri, Magistral küçəsi, bina 1, ev 20-də yaşadığına əsaslanmış və mübahisəyə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən aidiyyəti üzrə göndərmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən işin Şirvan İnzibati Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi düzgün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məcəllənin qeyd olunan normasının məzmunundan göründüyü kimi, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı mübahisəyə aidiyyəti üzrə baxılması qaydası xronoloji ardıcılllıqla müəyyən edilmişdir. Həmin ardıcıllıqdan isə göründüyü kimi, belə iddialara ilk öncə iddiaçının xidməti yaşayış sahəsi varsa, həmin yaşayış sahəsinin belə yaşayış sahəsi olmadıqda isə iddiaçının yaşayış yerinin məhkəməsi (belə yaşayış yeri olmadıqda isə inzibati orqanın yerləşdiyi yerin məhkəməsi ) tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin birinci hissəsi ilə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: -Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; -Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə -Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; -Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi Həmin maddənin 2-ci hissəsinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qanunun qeyd olunan xüsusi normasının tələbindən göründüyü kimi şəxsin yaşayış yerini müəyyən edən sənədlərin tam dairəsi sadalanmışdır və həmin sənədlərdən biri də şəxsin şəxsiyyət vəsiqəsidir. İddiaçı elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, onun yaşayış yeri Bakı şəhəri. Xətai rayonu, Məhəmməd Hadi küçəsi 75-dir. Deməli, onun şəxsiyyət vəsiqəsinə əsasən qeydiyyatda olduğu yer, elə onun yaşayış yeri hesab olunur. Belə olan halda, İPM-in 8.1.3-cü maddəsinin tələbi baxımından, hazırkı mübahisənin ərazi üzrə məhkəmə aidiyyəti Bakı şəhəri ərazisinin aid olduğu inzibati məhkəmədir. Eyni zamanda iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 30.04.2021-ci il tarixli, 1990 nömrəli arayışından görünür ki, İddiaçı M.Hadi küçəsi, 152 saylı evin 75 nömrəli mənzilində yaşayır. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə təcrübəsində hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən analoji işlərdə də inzbati mübahisəyə fiziki şəxsin (iddiaçının) qeydiyyatda olduğu yerin inzibati məhkəməsində baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşın yaşadığı yer barədə məlumat şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilir. Qanunvericiliyin tələblərinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəlmişdir. Belə ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir... Məhkəmələr inzibati xətalar haqqında iş üzrə qərardan verilmiş şikayətə baxmağa hazırlıq zamanı İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində qeyd olunan şikayət verən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında əks olunan məlumata əsaslanaraq məhkəmə aidiyyəti məsələsini həll etməlidirlər. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov rayon ərazisi - Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Odur ki, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası bütövlüyü uğrunda İ Qarabağ döyüşlərində iştirak etdiyi üçün müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası bütövlüyü uğrunda İ Qarabağ döyüşlərində iştirak etdiyi üçün müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar