Məhkəmə qərarları › İş №2-1(120)-1809/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1809/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1809/2024 20.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 iştirakı ilə, İddiaçı X16 cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə qarşı “xx.xx.1961-ci il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 151 nömrəli doğum akt qeydinin ad hissəsində “Jora” adının “Kamil” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X16 cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə qarşı “Cəbrayıl rayonu Balyand kənd icra nümayəndəliyində adına tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 12 saylı nigah akt qeydində “Jora” adında “Kamil” kimi, X6 aid xx.xx.1984-cü il tarixli 63 saylı doğum akt qeydində ata adında, X13 aid xx.xx.1986-cı il tarixli 35 saylı doğum akt qeydində ata adında, X14 aid xx.xx.1988-ci il tarixli 26 saylı doğum akt qeydində ata adında, X7 aid xx.xx.1990-cı il tarixli 48 saylı doğum akt qeydində Fatı adında və Jora ata adında Aygün və Kamil kimi, X1 aid xx.xx.1991-ci il tarixli 48 saylı doğum akt qeydində Jora ata adında Kamil kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı X28 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1961-ci il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 151 nömrəli doğum akt qeydinin ad hissəsində “Jora” adının “Kamil” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəbrayıl rayonunda məcburi köçkün olan xx.xx.1961-ci ildə Cəbrayıl rayonu Balyand kəndində anadan olmuş və həmin kənddə yaşamış.Milli inanclara görə adını valideynləri tərəfində “Jora” qoyulmuş,təxminən 1988- 1991-ci illərdə Cəbrayıl rayon Qeydiyyat şöbəsində “ Jora” adını “Kamil” adına dəyişmiş xx.xx.1983-cü ildə X21 ilə nikaha daxil olmuş və Cəbrayıl rayonu Balyard kənd icra nümayəndəliyində 18 saylı aktla rəsimləşdirilmişdir. Birgə nikahlarından xx.xx.1984-cü ildə ələkbər, xx.xx.1986-cı ildə Mirzə, xx.xx.1988-ci ildə Sabir, xx.xx.1990-cı ildə Aygün , xx.xx.1991-ci ildə Gülçiçək adlı uşaqları anadan olmuşdur.Uşaqlarının doğum akt qeydləri və doğlum şəhadətnamələri Cəbrayıl rayonu Balyand kənd icra nümayəndəliyində tərtib olunmuşdur.İddiaçı Cəbrayıl rayon Qeydiyyat şöbəsində adını dəyişmiş və ona yeni doğum şəhadətnaməsi verilmişdir.Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən ona və uşaqlarına aid olan nikah və doğum akt qeydlərində düzəlişlər edilmiş və yeni adla yəni, Kamil adı ilə nikah və doğum şəhadətnaməsi verilməsi və Respublika arxivinə bildirişlər göndərilməli və adında dəyişiliklə bağlı yeni nikah və doğum şəhadətnaməsi verilsədə nikah və doğum üzrə ilkin akt qeydi kitablarında düzəlişlər aparılmamışdır.Buna görədə ona və uşqalarına aid nikah akt qeydi kitablarından fərqlənir ki, akt qeydlərində Jora yazılmışdır. Cəbrayıl rayonu Balyand kənd icra nümayəndəliyində adına tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 12 saylı nigah akt qeydində “Jora” adında “Kamil” kimi, X6 aid xx.xx.1984-cü il tarixli 63 saylı doğum akt qeydində ata adında, X13 aid xx.xx.1986-cı il tarixli 35 saylı doğum akt qeydində ata adında, X14 aid xx.xx.1988-ci il tarixli 26 saylı doğum akt qeydində ata adında, X7 aid xx.xx.1990-cı il tarixli 48 saylı doğum akt qeydində Fatı adında və Jora ata adında Aygün və Kamil kimi, X1 aid xx.xx.1991-ci il tarixli 48 saylı doğum akt qeydində Jora ata adında Kamil kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı X28, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İV-JQ 439085 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1961-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası X27, anası X17 göstərilmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, V-JQ 263617 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X21 xx.xx.1983-cü il tarixdə Cəbrayıl rayonu Balyand kəndində nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1984-cü ildə Cəbrayıl Balyand kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası İddiaçı, anası X4 göstərilmişdir. İş materiallarında olan Xİİİ-JQ 402315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1986-cı ildə Cəbrayıl Balyand kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası İddiaçı, anası X4 göstərilmişdir. İş materiallarında olan XV-JQ 335821 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1990-cı ildə Cəbrayıl Balyand kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası İddiaçı, anası X4 göstərilmişdir. İş materiallarında olan XV-JQ 472148 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1991-ci ildə Cəbrayıl Balyand kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası İddiaçı, anası X4 göstərilmişdir. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsi almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/4-15-S-19- 6/2023 nömrəli məktubundan görünür ki, araşdırma nəticəsində doğumunuz,nikahınız, habelə övladlarınız Ələkbər Seydəliyev,Mirzə Seydəliyev və Sabir Seydəliyevin doğumu haqqında Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş akt qeydlərində adınızın “Jora”, digər uşqalarınız Aygün Seydəliyevanın və Gülçiçək Seydəliyevanın doğumu haqqında akt qeydlərində, eləcə də şəxsiyyətinizi təsdiq edən sənəddə isə “Kamil” kimi qeyd edildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların tələblərinə dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdiyi yer üzrə qeydiyyat şöbələri, aidiyyəti şəxslər arasında mübahisə olduqda iddia ərizəsi ilə məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 7 saylı Bakı “Asan xidmət” X20 tərərfindən X11 etibarnamə üzrə nümayəndəsi olan X3 ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-S-728-6/2023 nömrəli məktubundan görünür ki, S.İddiaçı şəxsiyyət vəsiqəsinin surətində ata adı “Kamil” göstərildiyi halda, Cəbrayıl rayon Balyand ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1988-ci il tarixli 35 saylı doğum haqqında akt qeydində ata adı “Jora” qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il tarixli 1 mart 52 nğmrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa bə ləğv qaydalarını müəyyən edən əsas Müddəalar” ın 1-ci bəndinə əsasən kifayət qədər əsas olmadığından ərizənin tam edilməsi mümkün olmamışdır. Həmin “Qərar”ın 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilməsi bildirilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Hakimmiyyəti Başçısının Yuxarı Çəmənli inzibati ərazi dairəsi üzrə nümayənəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-37-42/2-190/2023 nömrəli arayışından görünür ki, Cəbrayıl rayonundan məcburi köçkün İddiaçı Beyləqarayon Yuxarı Çəmənli İƏD-nin Yuxarı Çəmənli kəndində məskunlaşmış və yaşayır, ailə tərkibi 6 nəfərdən (arvadı: X21, oğlu: X15, oğlu: X22, oğlu: X23, qızı: Seydəliyeva (Hüseynova) Aygün Kamil qızı, qızı: Seydəliyeva (İmanova) Gülçiçək Kamil qızından ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cəbrayıl rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-63/2024 nömrəli məktubuna Balyand icra nümayəndəliyində xx.xx.1983-cü ildə tərtib edilmiş 12 saylı nikah, xx.xx.1984-cü ildə tərtib edilmiş 63 saylı doğum, xx.xx.1986-ci il tarixli 35 saylı doğlum, xx.xx.1988-ci il tarixli 26 saylı doğum, xx.xx.1990-cı il tarixli 48 saylı və xx.xx.1991-ci il tarixi 48 saylı doğum akt qeydlərinin surətləri əlavə edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi xx.xx.1961-ci il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 151 nömrəli doğum akt qeydinin ad hissəsində “Jora” adının “Kamil” adına dəyişdirilməsini istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, V-JQ 263617 nömrəli Nikah haqqında şəhadətnamənin, Beyləqan rayon yuxarı Çəmənli inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışının, övladları X12, X9, X2 X11 və X5 doğum haqqında şəhadətnamələrinin ata qrafasından və AZE ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, iddiaçının adı, soyadı və ata adı İddiaçı kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) istər adının “Jora”dan “Kamil”ə dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 151 nömrəli doğum akt qeydinin ad hissəsində “Jora” adının “Kamil” adına dəyişdirilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 151 nömrəli doğum akt qeydinin ad hissəsində “Jora” adının “Kamil” adına dəyişdirilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar