Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1818/2022 06.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi ilə, İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 06 dekabr 2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək ona mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia dəyişdirilərək “mənzil növbəsinə götürülməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Müdafiə Nazirliyinin “mayor” rütbəli ehtiyatda olan zabitidir. 1999-cu ilin avqust ayından 2022-ci ilin mart ayınadək Azərbaycan Silahlı Qüvvələrində 22 (iyirmi iki) il 6 (aytı) ay müddətində həqiqi hərbi xidmət keçmişdir. 2022-ci ilin fevral ayında Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) ehtiyata buraxılmışdır. Hərbi xidmət keçdiyi dövrdə və ehtiyata buraxıldıqdan sonra daimi yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. Belə ki, 4 (dörd) nəfərlik ailə üzvlərilə birgə hal-hazırda kirayədə qalır. Vətən Müharibəsinin iştirakçısı və veteranıdır, ’’Qüsursuz xidmətə görə” 1-ci dərəcəli müdalla, “Fizulunun azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və "Şücaətə görə” medallarla təltif olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları daimi yaşayış sahəsi olmayan hərbi qulluqçuları ehtiyata və istefaya buraxıldıqdan sonra mənzil uçotuna götürməli, mənzillə təmin etməli və onlara mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərini ödəməlidirlər. O, da bu məqsədlə Beyləqan rayon İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət etmişdir. Həmin qurumdan daxil olmuş xx.xx.2022-ci il tarixli, 6-Ə-63-068 nömrəli məktubda qeyd olunrur ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-d maddəsinin (Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ) 7-ci bəndində deyilir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. Qanunvericiliyin də tələblərindən göründüyü kimi, mən Azərbaycan Silahlı Qüvvələrində 22 (iyirmi iki) il 6 (altı) ay, yəni 15 ildən artıq xidmət etdiyimdən yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülmə, mənzillə təmin olunma, mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququna malikəm. Cavabdeh isə çox absurd bir arqument gətirərək bu hüququmu gerçəkləşdirməyimə mane olur. Cavabdehin gətirdiyi arqumentə aydınlıq gətirərək bildirir ki, cavabdehin istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndində həmçinin qeyd olunur ki, vasa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçılar» mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Qanunvericilyin bu müddəasi adı çəkilən bəndlərlə ehtiyata buraxılmış şəxslərin ilk növbədə təmin olunmasını qeyd edir. Yəni, qanunvericinin bu tezisi digər bəndlərlə ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə götürülərək kirayə haqqı ilə təmin edilmələrini qadağan etmir. Ali Məhkəmənin İstinad olunan xx.xx.2020-ci il tarixli 2-1(102)- 1542/2020 saylı oxşar işlə bağlı Qərarından da göründüyü kimi, cavabdehin imtinası əsassızdır, qanunsuzdur, cavabdeh tərəfindən mənim mənzil uçotuna götürülməyimdən və mənə kirayə pulunun ödənilməsindən imtina etməsi onun hüquqi normalarım öz bildiyi kimi yozmaqla onun hüquqlarını kobud şəkildə pozduğunu təsdiq edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Beyləqan şəhəri, SMD-4 qəsəbəsi ünvanında yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyətinə daxil olmuş müraciəti əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tərəfindən təqdim olunmuş məktubdan məlum olmuşdur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursant vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında zabitlərin həqiqi hərbi xidmətini keçmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0116 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə" haqqında Əsasnamənin 156-cı maddəsini “j” bəndinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunduğu kimi İddiaçı yaşa, xəstəliyə və ştatların ixtisarına görə deyil “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “J” bəndi ilə öz arzusu ilə ehtiyata buraxılmışdır. Bu səbəbdən də yuxarıda göstərilən Qanunun 12-ci maddəsinin tələbləri İddiaçı şamil olunmamışdır. Müraciəti ilə əlaqədar İddiaçı Beyləqan rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/Ə-63-068 nömrəli məktubda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin (hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ) 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarada digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun 5 ilindən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarada digər silahlı birləşmələrin sıralarında xidmət edibsə müvafiq İcra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda da yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. İddiaçı nəzərinə çatdırılmışdır ki, qeyd olunduğu kimi İddiaçı yaşa, xəstəliyə və ştatların ixtisarına görə deyil, “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “J” bəndi ilə öz arzusu ilə ehtiyata buraxılmışdır. Bu səbəbdən də yuxarıda göstərilən Qanunun 12-ci maddəsinin tələbləri İddiaçı şamil olunmamışdır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Lakin, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulan şəxslərin sırasında bu güzəştlə buraxılmış zabitlər göstərilməmişdir. Bu baxımdan iddiaçının yaşayış yeri üzrə Beyləqan Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətinin müsbət həlli mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil kirayə xərcinin ödənilməsinə köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 6/Ə-63-068 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 20 təqvim ilindən artıq müddətdə hərbi xidmət keçmiş və “Hərbi xidmətkeçmə" haqqında Əsasnamənin 156-cı maddəsinin “J” bəndi ilə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. ‘'Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin (Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ) 7-ci bəndində deyilir ki. Yaşma, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər əgər Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ilindən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. Qeyd olunduğu kimi o, yaşa, xəstəliyə və ştatların ixtisarına görə deyil “Hərbi xidmətkeçmə'’ haqqında Əsasnamənin 156-cı maddəsinin “J” bəndi ilə öz arzusu ilə ehtiyata buraxılmışdır. Bu səbəbdən də yuxarıda göstərilən Qanunun 12-ci maddəsinin tələbləri Sizə şamil olunmur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 46 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə" haqqında Əsasnamənin 156-cı maddəsinin “J” bəndi ilə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X2 ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən mənzili kirayəsi üçün hər ay 250 manat məbləğində pul ödəmək şərtilə İddiaçı kirayə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası üzrə İddiaçı adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat yoxdur. ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında İddiaçı adına Beyləqan rayonu, Təzəkənd kəndində ümumi-birgə 3.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 367 nömrəli arayışından görünür ki, həqiqətən İddiaçı, xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursant vəzivəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında zabitlərin hərbi xidmətini keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 0116 nömrəli əmrinə əsasən “Hərbixidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə) ehtiyata təxris olunmuşdur. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Mənzil İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 103 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, İddiaçı ailəlidir, həyat yoldaşı X3, oğlu X5 qızı X4r. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N aprel 2022-ci il tarixli, 1759 saylı arayışına əsasən İddiaçı N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi davam edən Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İddiaçı “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarla, Azərbaycan Respublikası Müdafiə nazirliyinin əmrləri ilə “Şücaətə görə”, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 16711 saylı arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 1998 nömrəli göndərişi ilə müayinə olunduğu və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının qərarına əsasən xroniki allergik konyuktivit, görmə itiliyi 1,0 olmaqla, qarının ön divarının soltərəfli varikoselektomiya əməliyyatından sonraki bərkimiş dəri çapığı xəstəliyinin olduğu müəyyən edilmişdir. Arayışda nəticə olaraq “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” qeydi aparılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2022-ci il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuş, beləliklə, 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla) (maddə 41.0.1); yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda (maddə 41.0.2); xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda (maddə 41.0.3); ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) (maddə 41.0.4); ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə (maddə 41.0.5); xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) (maddə 41.0.6); Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) (maddə 41.0.7); törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) (maddə 41.0.8); öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər (maddə 41.0.9); Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə (maddə 41.0.10). Qeyd edilən normaların tələbinə əsasən mənzil növbəsinə qəbul edilmək üçün tələb olunur: -hərbi qulluqçu azı 15 təqvim ili xidmət etməli; -hərbi qulluqçu xidməti mənzillərdə yaşayan olmalı və ya yaşayış sahəsi olmamalıdır. İş materialları ilə iddiaçının 15 təqvim ilindən artıq xidmət etməsi tam sübut olunur. Belə ki, iddiaçının hərbi bileti, Səfərbərlik və Hərbi Xidmnətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin sorğuya cavab məktubu ilə müəyyən olunur ki, iddiaçı 1999-cu ildən 2022-ci ilədək hərbi xidmətdə olmuş və Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 0116 saylı əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndi ilə - öz arzusu ilə ehtiyata buraxılmışdır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsində hərbi qeydiyyatdadır. Cavabdehin həm imtinasının, həm də etirazının əsas dəlili ondan ibarətdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun adıçəkilən 12-ci maddəsində öz arzusu ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd etdiyi bu dəlil iddiaçının müraciətinin təminindən imtinaya əsas hesab edilə bilməz. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin yuxarıda istinad edilən 2-ci bəndinin 1-ci abzasının tələbindən də göründüyü kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçının tələb hüququ da məhz “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci bəndinin 1-ci abzasının tələbindən irəli gəlir. Normaların məzmunundan göründüyü kimi cavabdehin istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndi iddiaçının həmin maddənin 2-ci bəndi ilə nəzərdə tutulmuş hüquqlarına təsir etmir (Oxşar məhkəmə təcrübəsi bu istiqamətdə formalaşmışdır). Beləliklə, hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün birinci şərt ödənilir. İddianın təmin edilməsi üçün tələb olunan ikinci şərt, yəni iddiaçının yaşayış sahəsinin olmamasına gəlincə qeyd edilməlidir ki, hərbi qulluq haqqında qanunvericilik yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olması, həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləmir. Yaşayış sahəsinə ehtiyac meyarı Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. İşin sadalanan hallarından, eləcə də Beyləqan rayon İcra Hakimiyyəti Mənzil İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 103 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, İddiaçı ailəlidir, həyat yoldaşı X3, oğlu X5 qızı X4r. İddiaçının və onun ailə üzvlərinin adlarında hazırkı halda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak (qeydə alınmış mülkiyyət və ya istifadə hüquqları) mövcud deyildir, eləcə də müvafiq bələdiyyə tərəfindən iddiaçı və ailə üzvlərinə torpaq sahəsi ayrılmamışdır. Həmçinin, xx.xx.2019-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X2 ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən mənzili kirayəsi üçün hər ay 250 manat məbləğində pul ödəmək şərtilə İddiaçı kirayə verilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Həmçinin, həmin qərardadda qeyd edilmişdir ki, “...ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardadında hazırki mübahisənin predmeti ilə eynilik təşkil edən mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Belə ki, qərardadda qeyd edilmişdir ki, ümumi yuridiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü istisna edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 16711 saylı arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 1998 nömrəli göndərişi ilə müayinə olunduğu və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının qərarına əsasən xroniki allergik konyuktivit, görmə itiliyi 1,0 olmaqla, qarının ön divarının soltərəfli varikoselektomiya əməliyyatından sonraki bərkimiş dəri çapığı xəstəliyinin olduğu müəyyən edilmişdir. Arayışda nəticə olaraq “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” qeydi aparılmışdır. Xəstəliyi nəticəsində, eləcə də təqdim edilən söhbət vərəqinə əsasən fiziki və zehni yorğunluq nəticəsində hərbi xidmətini davam etdirə bilməməsi, İddiaçı iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hərbi, mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mənzil növbəsinə götürülməsi barədə öhdəliyi cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mənzil növbəsinə götürülməsi barədə öhdəliyi cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1818/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1818/2022
06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver