Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-182/2021 17.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X1 (Cəbrayıl şəhəri, S.Vurğun küçəsi, ev 13-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına qarşı müharibə veteranlığına görə verilən müavinətin xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranlığına görə verilən müavinətin xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə veteran statusu almışdır. Müharibə veteranlığına görə verilən müavinətin xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sabirabad rayon filialına müraciət etmiş, lakin cavabdeh bu məbləği ödəməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddia əsassızdır. Fond öz fəaliyyətində hüquqi əsası olmayan, sosial təminat sahəsində qanunvericiliyin normalarına söykənməyən əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımların təyinatına dair əsassız müraciətlərdən imtina edir, yaxud da məhkəmə müstəvisində etirazını bildirir. İddiaçı müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək üç illik dövrə görə sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən müavinət təyin edilmişdir. Daha sonra məlum olmuşdur ki, ona məxsus veteran vəsiqəsi etibarsız hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X6 xx.xx.2020-ci il tarixli 024-4157-1220 nömrəli məktubunda xx.xx.1975-ci il təvəllüdlü İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli 032580 nömrəli müharibə veteranı vəsiqəsinin etibarsız olduğu göstərilmişdir. Eyni zamanda sözügedən məktuba əsasən Fondun 4 saylı regional ərazi filialı tərəfindən vətəndaş İddiaçı veteran kimi aldığı 80 manat təqaüd xx.xx.2020-ci il tarixdən dayandırılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2020ci il tarixədək qanunsuz almış olduğu 1803,87 manat vəsaitin dövlət büdcəsinə geri ödənilməsi üçün ünvanına bildiriş göndərilmişdir. Odur ki, qeyd olunanlar nəzərə aınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X6 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 024-4157-1220 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən “Müharibə veteranı, Silahlı qüvvələr veteranı, Əmək veteranı adlarının və müvafiq veteran vəsiqələrinin verilməsi üzrə Komissiya”nın protokollarında xx.xx.1975-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olan İddiaçı adı aşkar edilməmişdir. Aparılmış yoxlama zamanı İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli, 032580 nömrəli müharibə veteranı vəsiqəsinin etibarsız olması müəyyən edilmiş və bu istiqamətdə lazımi tədbirlərin görülməsi üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sabirabad rayon filialına rəsmi məktub göndərilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 4 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Sabirabad rayonu, Qalağayın kənd sakini İddiaçı Qarabağ müharibəsi iştirakçısı kimi aldığı 80 manat müavinəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X6 xx.xx.2020-ci il tarixli 024-4157-1220 nömrəli məktubuna əsasən dayandırılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən “Müharibə veteranı, Silahlı qüvvələr veteranı, Əmək veteranı adlarının və müvafiq veteran vəsiqələrinin verilməsi üzrə Komissiya”nın protokollarında xx.xx.1975ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olan İddiaçı adı aşkar edilməmiş, İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli, 032580 nömrəli müharibə veteranı vəsiqəsinin etibarsız hesab olması müəyyən edilmiş və bu istiqamətdə lazımi tədbirlərin görülməsi üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sabirabad rayon filialına rəsmi məktub göndərilmiş və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sabirabad rayon filialı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X6 xx.xx.2020-ci il tarixli 024-4157-1220 nömrəli məktubuna əsasən İddiaçı Qarabağ müharibəsi iştirakçısı kimi aldığı 80 manat müavinəti dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən İddiaçı subyektiv hüququnun pozulduğu müəyyən olunmur. Başqa sözlə, iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx xxxxxx 2021-ci il tarixli, 2-1(120)-182/2021 nömrəli məktubla cavabdeh tərəfindən subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları məhkəməyə təqdim edilməsi ilə bağlı yardım olunsa da, iddiaçı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-182/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-182/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver