Məhkəmə qərarları › İş №2-1(120)-1821/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1821/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1821/2024 03.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış malların müsadirə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 8,55 manat olan 19 ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********8478 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Salyan şəhəri, Ələt-Astara yolunun 130-cu km-də yerləşən, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 8,55 manat olan 19 ədəd (“Pramida” adlı) tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2022-ci il tarixli, VN-№ 000524 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2022-ci il tarixli, VN-№ 000304 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi orqanı tərəfindən aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi barədə iddia ümumi hüquq münasibətlərindən irəli gələn məsələdir. Belə ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-478/2022 nömrəli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin - vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin - vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir. İddiaçı da iddia ərizəsində özünün inzibati orqan (vergi orqanı) səlahiyyətlərinə və VM-in müvafiq müddəalarına istinad etmişdir. Vergi orqanının Vergi Məcəlləsinin 50.1.2-ci maddəsinə uyğun olaraq açdığı xx.xx.2022-ci il tarixli, **********8478 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. Çünki: 1) inzibati orqan (iddiaçı) tərəfindən qəbul edilmişdir; 2) ümumi (publik) hüquq sahəsinə (vergi qanunvericiliyinə) aid olan müəyyən məsələni (aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların aşkar edilərək edilərək götürülməsi, məsul saxlamaya qoyulması) həll etmək məqsədilə qəbul edilmişdir; 3) ünvanlandığı fiziki şəxs (cavabdeh) üçün müəyyən hüquqi nəticələr (əmlak üzərində sərəncam, istifadə və sahiblik etmək hüququndan məhrum etmə, üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilmə və sair) yaratmışdır; 4) qərar formasında qəbul edilmiş hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır. Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Müsadirənin anlayışı isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmişdir. Həmin normaya əsasən, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi, əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM-lə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPM-in 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırıldığı halda mülki prosesə tətbiq oluna bilər. Digər tərəfdən isə, müsadirə anlayışına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmiş anlayış bu cür iddialara mülki məhkəmə icraatı qaydasında baxılmasını birmənalı istisna edir. Məhkəmə qeyd edir ki, digər sahəvi qanunlarda nəzərdə tutulan prosessual hüquq normaları yalnız məhkəmə icraatının aparılması qaydalarını tənzimləyən prosessual qanunlara daxil edildikdən sonra tətbiq oluna bilər. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatının aparılması qaydaları Vergi Məcəlləsi ilə deyil, İPM-lə və İPM-də başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda isə MPM-lə tənzimlənir. Bu mənada, Vergi Məcəlləsində müəyyən edilmiş qayda prosessual qanunlara (İPM və MPMə) daxil edilməklə uyğunlaşdırılmadığından, həmin qaydaya istinadən malların müsadirə edilməsi ilə bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilməlidir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Bu baxımdan yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada məhkəmə qərarı əsasında müsadirə formasında əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması yolverilən hesab olunmalıdır. Beləliklə, Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində nəzərdə tutulmuş norma (vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq) hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müvafiq və yetərli əsas qismində təfsir oluna bilməz. Bu zaman müsadirə institutunun yuxarıda istinad olunan normalarda təsbit olunmuş anlamda tətbiqi üçün şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı əməldə təqsirli sayılması və bunun üzərindən həmin əmlakın müsadirəsi üçün tələb olunan digər şərtlərin də yerinə yetirilməsi tələb olunur. Belə iddia həm də İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi də qiymətləndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması inzibati iddiaların ilkin və əsas ümumi mümkünlük şərtidir. Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərti ödənilmədiyi üçün də iddia mümkün sayılmamalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehə məxsus aksiz markası ilə markalanmalı olan, lakin aksiz markası ilə markalanmamış malların müsadirə edilməsinə nail olmaqdan ibarətdir. Yuxarıda istinad edilən normalara əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmçinin istinad olunan normalarda inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh tədbiri qismində nəzərdə tutulmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatrı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış malların müsadirə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar