Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1833/2023 14.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixli, 130 saylı sərəncamının ona aid olan hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixli, 130 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək “xx.xx.2016-cı il tarixli, 130 saylı sərəncamının ona aid olan hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 26 yanvar 2015-ci il tarixli, 14 saylı sərəncamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Neftçala rayonu ərazisindəki 12 saylı qış-otlaq sahəsindən 60 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və ayrılmış torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinə tapşırılmışdır. Sərəncama uyğun olaraq Cavabdeh Başçısı ilə xx.xx.2015-ci il tarixli, 01 saylı Torpağın icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. Sərəncama əsasən torpaq sahəsinin sərhəddi yerdə (naturada) işarə qoymaqla müəyyən edilmiş və istifadə hüququna dair şəhadətnamə verilmişdir. AKT əsasında torpaq sahəsi ölçülərək ona təhvil verilmişdir. Həmin tarixdən torpaq sahəsi təyinatı üzrə onun istifadəsində olmuşdur. Eyni zamanda Cavabdeh Başçısının digər sərəncamı ilə adı çəkilən torpaq sahəsinin ona icarəyə verilməsinə dair Neftçala rayon İcra Başçısının xx.xx.2015-ci il tarixli, 14 saylı sərəncamı və xx.xx.2015-ci il tarixli, 01 saylı icarə müqaviləsi ləğv edilərək torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Hesab edir ki, Cavabdeh Başçısının adıçəkilən sərəncamı əsassızdır. O səbəbdən ləğv edilməlidir. Belə ki, qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Neftçala rayonu ərazisindəki 12 saylı qış-otlaq sahəsindən 60 hektar torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli 14 saylı sərəncamına əsasən bağlanılmış xx.xx.2015-ci il tarixli 01 saylı Torpağın icarəyə verilməsinə dair müqavilə öhdəliklərini heç bir zaman pozmamış, torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, bütün ödənişləri vaxtında ödəmiş və torpaq sahəsinin istifadəsi ilə bağlı heç bir qanun pozuntusuna yol verməmişdir. Belə olan halda Cavabdeh Başçısının adıçəkilən sərəncamı ilə istifadəsində olan torpaq sahəsindən istifadə hüququna xitam verilməsi əsassızdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 130 saylı sərəncamından iddiaçının xəbəri olmamış yalnız ona aid torpaq sahəsindən başqa şəxslər istifadə etdiyi zaman xəbəri olmuş və Şirvan İnzibati Məhkəməsində hazırki iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncamını) xx.xx.2016-cı il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsimaraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə mübahisələndirilən xx.xx.2016-cı il tarixli, 130 nömrəli sərəncam qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Cavabdeh başçısının 26 yanvar 2015-ci il tarixli 14 nömrəli sərəncamdan görünür ki, İddiaçı müraciətinə əsasən ona qoyunçuluqla məşğul olmaq məqsədi ilə rayonun 12 saylı qış-otlaq ərazisindən 60.0 hektar qış-otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Neftçala rayon şöbəsinin 23 yanvar 2015-ci il tarixli 62 nömrəli rəyindən görünür ki, rəydən İddiaçı rayonun 12 saylı qış-otlaq ərazisindən 60.0 hektar qış-otlaq sahəsi 15 il müddətinə icarəyə verilməsinə etiraz edilməmişdir. İş materiallarında olan 23 yanvar 2015-ci il tarixli aktdan görünür ki, İddiaçı rayonun 12 saylı qış-otlaq ərazisindən 60.0 hektar qış-otlaq sahəsi 15 il müddətinə icarəyə verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Neftçala rayon şöbəsinin müdiri və şöbənin məsləhətçiləri tərəfindən məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 26 yanvar 2015-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında torpaq icarə müqaviləsi bağlanmış İddiaçı rayonun 12 saylı qış-otlaq ərazisindən 60.0 hektar qış-otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının 28 dekabr 2016-cı il tarixli 130 nömrəli sərəncamdan görünür ki, Cavabdeh başçısının 26 yanvar 2015-ci il tarixli 14 nömrəli sərəncamı ilə İddiaçı qoyunçuluqla məşğul olmaq məqsədi ilə rayonun 12 saylı qış-otlaq ərazisindən 60.0 hektar qış-otlaq sahəsindən 15 il müddətinə icarəyə verilmiş torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı qoyunçuluqla məşğul olmaq məqsədi ilə rayonun 12 saylı qış-otlaq ərazisindən 60.0 hektar qış-otlaq sahəsindən 15 il müddətinə icarəyə verilmiş torpaq sahəsinə dair Cavabdeh başçısının 26 yanvar 2015-ci il tarixli 14 nömrəli sərəncamı, sonradan Cavabdeh başçısının 28 dekabr 2016-cı il tarixli 130 nömrəli sərəncamı ilə ləğv edilməsi qərara alınmışdır. Mübahisəli sərəncamın məzmunundan görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4. 6. 7-ci abzasına, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü maddəsinə əsasən verilmiş torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Hazırda iddiaçı Cavabdeh başçısının 28 dekabr 2016-cı il tarixli 130 nömrəli sərəncamı ilə razılaşmayaq onun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli sərənсam Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4. 6. 7-ci abzasına, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü maddəsinə əsasən torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Qəbul olunmuş inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, sərəncamda göstərilən dəlillərlə bağlı iddiaçının özü və ya nümayəndəsi çağrılaraq dinlənilməmiş və qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmənin qənaətinə görə ümumiyyətlə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edib-etməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Məhkəmə qeyd etməlidir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları (torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması, həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən, eləcə də ”Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanından görünmür. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin 2.14cü bəndinə görə tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf “...müvafiq orqanlar və ya məhkəmə qaydasında iddia qaldırır. Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Digər tərəfdən, qeyd olunmalıdır ki, mübahisələndirilən sərəncam cavabdeh tərəfindən əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 130 saylı sərəncamı İddiaçı aid olan hissəsində ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1833/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1833/2023
14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver