Məhkəmə qərarları › İş №2-1(120)-1833/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1833/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1833/2024 29.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus Ucar şəhəri, oğuz küçəsi 33 ünvanında yerləşən torpaq və torpaqda yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və ona məxsus tikilinin üzərində tikilən tikintinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus Ucar şəhəri, oğuz küçəsi 33 ünvanında yerləşən torpaq və torpaqda yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və ona məxsus tikilinin üzərində tikilən tikintinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş, icraatda olan işin Şəki İnzibati Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq icraatda olan işin Şəki İnzibati Məhkəməsinə göndərilməsi xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə tərəflərin ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi inzibati orqan kimi Cavabdehnə qarşı yönəlmişdir və iddia öhdəliyin icrasına dair iddiadır. Əvvəla qeyd olunmalıdır ki, mübahisənin təbiətinin düzgün müəyyənləşdirilməsi və aidiyyət, nəzarət meyarlarının dəqiqləşdirilməsi inzibati prosesin başlanması üçün həlledici məqam kimi çıxış edir. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrin məhkəmə aidiyyəti İPM-in 8-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Bu zaman aidiyyəti müəyyən etmək üçün iddianın növü əhəmiyyətli rol oynayır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə görə: -8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; -8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; -8.1.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. -8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, qanunvericilik aidiyyətin müəyyən edilməsini müxtəlif əsaslar ilə fərqləndirmişdir ki, bunlardan biri də inzibati orqanın yerləşdiyi yer ilə bağlı olmuşdur. Yuxarıda göstərilənləri hazırki iddia tələbinə tətbiq etdikdə məlum olur ki, iddiaçının hazırki iddia tələbi mübahisələndirmə haqqında iddia hesab olunur. Məhkəmənin qənaətinə görə, cavabdeh birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan hesab olunmadığından, tərəflər arasında yaranmış mübahisə İPM-in 8.1.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 8.1.4-cü maddəsində göstərilən (cavabdehin yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Məhkəmə bildirir ki, Cavabdeh Şəki İnzibati Məhkəməsinin dislokasiyasına aid olan Ucar şəhəri, H.Əliyev prospektində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə müəyyən etdi ki, cavabdeh təşkilatın yerləşdiyi ərazi aidiyyət baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus Ucar şəhəri, oğuz küçəsi 33 ünvanında yerləşən torpaq və torpaqda yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və ona məxsus tikilinin üzərində tikilən tikintinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə alaraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus Ucar şəhəri, oğuz küçəsi 33 ünvanında yerləşən torpaq və torpaqda yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və ona məxsus tikilinin üzərində tikilən tikintinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar