Məhkəmə qərarları › İş №2-1(120)-1835/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1835/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1835/2025 03.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən ona təyin olunmuş ikinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsinə dair cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının bərpa olunması və həmin dövlət orqanı tərəfindən ona ilkin pensiya təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və iddia tələbinin dəyişdirilərək (dəqiqləşdirərək) “ona dövlət qulluqçusu kimi əmək pensiyasının bərpa edilməsini və pensiyasından artıq tutulmuş məbləğin ona geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməyini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və iddia tələbinin dəyişdirilərək (dəqiqləşdirərək) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən ona təyin olunmuş ikinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsinə dair cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əlilliyin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməyini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsl cavbdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini həmçinin iddia tələbinin dəyişdirilərək (tələbinin dəqiqləşdirilərək) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən ona təyin olunmuş ikinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsinə dair cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayonunun Ələsgərli kəndindən məcburi köçkün kimi Füzuli rayonu 3 saylı Qayıdış qəsəbəsi 93 saylı evdə məskunlaşmış, 2003-cü ilidən Füzuli rayonu İcra Hakimiyyətinin yerli icra nümayəndəliyində əmək fəaliyyətinə başlamışdır. Xəstəliyi ilə əlaqədar olaraq 2017-ci nilin may ayından 2-ci qrup əlilliklə dövlət qulluqçusu kimi 5 illik, yəni 2022-ci ilə qədər əmək pensiyasına çıxmış, 2020-ci ilin iyun ayından sonra dövlət qulluqçusu kimi əmək pensiyası ona heç bir rəsmi xəbərdarlıq və bildiriş olunmadan xəstəliyinin canlı müayinəsi keçirilmədən dayandırılmışdır. Həmin vaxtan pensiyası ödənilmiş məbləğ əsasız hesab olunmaqla kəsilmişdir. 2022-ci ilin oktyabr ayında TSEK-dən canlı müayinəyə çağırılmış, lakin çağrılana qədər iki il ərzində dəfələrlə TSEKƏ müraciət etmiş, 2022-ci ilin oktyabr ayında TSEK-in çağırışı əsasında canlı müayinədən keçmiş və 2023-cü ilin fevral ayından 80 faiz əliliklə əmək pensiyası adi qaydada bərpa olunmuş və ilkin pensiya kimi təyin olunmuşdur. Yəni dövlət qulluqçusu kimi pensiya təyin olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik siyasəti şöbəsindən bildirilmişdir ki, 2016-cı ildə xəstəlik vərəqəsi olmadığına görə TSEK xəstəliyini etibarsız saymışdır. Beləliklə hər hansı tibb müəssiəsinin məsuliyyətsizliyi hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğ əsassız məbləğ hesab olunmuşdur. Həmin tarixdən adi pensiyasından əsassız tutulmalar həyata keçirilir, sonra DSMF-yə müraciət olunmuş və əssasız olduğuna görə pensiyasından tutulmalar dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi şərtlər üzrə pensiya təyinatı idarəsindən bildirilmişdir ki, onun dövlət qulluğu ilə bağlı pensiya məsələsini TSEK-in həmin pensiya təyinatının etibarsız sayılması və bərpa olunan pensiyanı da ilkin pensiya təyinatı kimi hesablamasına görədir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən ona təyin olunmuş ikinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsinə dair cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni..İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 2 tip çox saylı ağırlaşmalarla. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Xroniki beyin işemiyası. Yenitörəmələrdə polinevropatiya (C00-D48), Diabetik polineyropatiya. Posttrombotik sindrom, Sağ aşağı ətrafın dərin venaları PTS 2-cili varikoz İV sinif XVX. Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə) , OU-Diabetik retinopatiya. Koronar angioplastik implantatın və transplantatın olması.. Bənd XBT kodu Meyar OFP faizi - meyar üzrə OFP faizi - amillər üzrə OFP faizi manual OFP faizi - yekun OFP müddəti Əlillik səbəbi 11.2.3.1. E11.7 - Əsas 11 .Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları=>Şəkərli diabet=>İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla=>diabetik retinopatiya, qeyri-proliferativ və ya proliferativ önü (venoz anomaliyaların qoşulması - dəqiq görmə, əyrilik, kolibr rəqsi, çoxsaylı yumşaq və sərt eksudatlar, daha böyük retinal qansızmalar) və ya proliferativ (görmə sinirinin diskinin və (və ya) torlu qişanın digər hissələrinin neovaskulyarizasiyası, retinal, periretinal və intraviteral qansızmalar/hemoftalm, qansızma sahəsində və neovaskulyarizasiya boyu fibroz toxumanın əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin 0,1-dən çox və 0,3-ə qədər olması ilə (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu 40 dərəcəyə qədər, lakin 20 dərəcədən geniş=> 35 - 60 50 50 2 il Ümumi xəstəlik. OFP yekun faizi: 50% Yekun əlillik səbəbi: Ümumi xəstəlik OFP müddəti: 2 il Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi:Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən ona təyin olunmuş ikinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsinə dair cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir ki, məhkəmə hesab edir ki, qanunvericilik tələbi iddiaçı tərəfindən pozulmamışdır. Belə ki, inzibati orqan tərəfindən yekun qərar olmamış və iddiaçı inzibati orqanın müvafiq hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş edir. Qeyd edilən növ iddialarda qanunvericiliyin xüsusi mümkünlük şərti inzibati orqana müraciət etməsidir ki, hal-hazırki iş üzrə tərəfin dəfələrlə inzibati orqana müraciət etdiyi və tələbindən imtina olunduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan xüsusi mümkünlük şərtlərinə riayət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 22 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0009 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqın qərardadn görünür ki, İddiaçı **********9 saylı, xx.xx.2022-ci il tarixli xidməti məktuba əsasən “Tibbi-sosial ekspertiza və reblitasiya alt sistemi”ndə əlilliyin etibarsız edilməsi ilə bağlı hüququ ləğv edilməsi nəticəsində artıq ödənilmiş 16476,25 manat vəsait DSMF hesabına bərpa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0010 nömrəli qərarının surətindən görünür ki, İddiaçı ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə 2 (iki) il müddətinə əliliik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ə-157146/2023 nömrəli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqın qərardadn görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 386 manat 83 qəpik müddətsiz əlilliyə görə pensiya təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-171339 nömrəli məktubunda görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq məktubuna əsasən ona təyin edilmiş əlilliyə görə pensiyası xx.xx.2020-ci il tarixindən etibarsız edilib. Nəticədə əmək pensiyası üzrə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilib. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillilik” altsistemində olan məlumatlara əsasən bildiririk ki, xx.xx.2023-cü il tarixindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğu üçün əlilliyə görə əmək pensiyanızın ödənişi həmin tarixdən 386,83 manat olmaqla bərpa olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 İsaq Bayandur oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Ə-24495/2024 nömrəli məktubundan görünür ki, sonuncu dəfə dövlət tibb müəssisəsinin F00077282JCX nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023cü il tarixində 19 nömrəli Tibbi-sosial ekspert komissiyasında qəbulda olmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X7-sosial ekspert komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, ona ilkin olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə 2 (iki) il müddətinə əliliik təyinatı aparılmışdır. Qeyd edək ki, xx.xx.2017-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə (Diaqnoz: Keçirilmiş transmural miokard infarktindan sonrakı kardioskleroz. Durğunluq ürək çatışmazlığı) əlillik təyinatınız Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız hesab edildiyindən, xx.xx.2023cü il tarixli əlillik təyinatı (Diaqnoz: Şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Diabetik retinopatiya) “ilkin” kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-32745/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildiririk ki, İddiaçı əlillik vəziyyəti Füzuli Rayon Mərkəzi Xəstəxanasının 0325003AAFG2 nömrəli göndərişi əsasında xx.xx.2017ci il tarixində electron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən (Diaqnoz: Keçirilmiş transmural miokard infarktından sonrakı kardioskleroz. Durğunluq ürək çatışmazlığı) 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, İddiaçı dair rəsmiləşdirilən 0325003AAFG2 nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi” və “Sığorta” altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilmiş və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmadığından aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur. Sonrakı dövrdə İddiaçı Füzuli Rayon Mərkəzi Xəstəxanasının R00033568GİS nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində 19 nömrəli Tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunmuşdur. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin müalicə potensialı tükənmədiyindən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə vətəndaşa dair Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən F00077282JCX nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zərurəti yaranmışdır. Bu səbəbdən vətəndaş xx.xx.2024-cü il tarixində 19 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X7-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən (Diaqnoz: Şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Diabetik retinopatiya) 2 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Vətəndaşın əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində müraciət ərizəsi xx.xx.2024-cü il tarixində Agentliyə daxil olmuş və xx.xx.2023- cü il tarixli, 3-17-4/2-Ə-24495/2024 nömrəli məktubla cavablandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-67679/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ilkin əlilliyinin etibarsız hesab edilməsi nəticəsində 16476,25 manat məbləğində artıq ödənilmiş vəsaitdən 724,18 manatın keçmiş dövr üzrə ödənilməmiş əmək pensiyası ilə əvəzləşdirildiyi, 2023-cü ilin iyun, iyul, avqust aylarında (yalnız 3 ay) hər ay 28,00 manat olmaqla, ümumilikdə 84,00 manat məbləğində vəsaitin isə əmək pensiyasından tutulduğu müəyyən edilmişdir. Pensiya işinin tərkibində tutulma barədə iddiaçının razılıq ərizəsi və tutulma qərarının iddiaçıya təqdim edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, xxxxxxx0011 nömrəli qərarının surətindən görünür ki, İddiaçı təkrar ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 (iki) il müddətinə əliliik təyin edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28-ci maddəsinə görə aşağıdakılar İnzibati icraatın başlanılması üçün əsaslar hesab olunur: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli dövlət qulluqçusu kimi əlillik təyin edilmişdir. 2020-ci ilin iyun ayından sonra dövlət qulluqçusu kimi əmək pensiyası dayandırılmışdır. İddiaçının əlilliyin etibarsız edilməsi ilə bağlı hüququ ləğv edilməsi nəticəsində artıq ödənilmiş 16476,25 manat vəsait DSMF hesabına bərpa edilmişdir. 2023-cü ilin fevral ayından iddiaçıya ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə 2 (iki) il müddətinə əliliik təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 386 manat 83 qəpik əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı təkrar ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 (iki) il müddətinə əliliik təyin edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, normativ aktla əlilliyin düzgün müəyyən edilməsini şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir.Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən, iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edilə bilərdi. Cavabdeh inzibati orqan hər bir halda Qanunun tələblərinə əsasən, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Lakin cavabdeh orqan tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir. Eləcə də, inzibati orqan tərəfindən araşdırma üçün əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması olduğu bildirilsə də, qeyd edilən halın səbəbləri əsaslandırıla bilməmişdir. İş materiallarına baxılan zaman inzibati orqan tərəfindən əlilliyin ləğvi barədə yekun qərarında olmadığı müəyyən edilir. Qeyd edilən hərəkət yalnız elektron “əlillik” altsistemində əlilliyin ləğvi olmuşdur ki, qeyd edilən hissədə də məhkəmə inzibati orqanının düzgün inzibati icraata aparmadığı qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Və beləliklə də, istinad edilən normativ aktların məcburi tələbləri təmin edilməmiş, inzibati icraat aparılmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bir çox qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Hər bir halda məhkəmə tərəfindən İddiaçı qeyd edilən xəstəliklərin mövcudluğu barəsində də tam araşdırılma aparılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, xxxxxxx0011 nömrəli qərarının surətindən görünür ki, İddiaçı təkrar ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 (iki) il müddətinə əliliik təyin edilmişdir. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən ona təyin olunmuş ikinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsinə dair cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əlilliyin bərpa edilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində ikinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsinə dair inzibati icraat çərçivəsində hərəkətləri qanunsuz və əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən ona təyin olunmuş ikinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsinə dair cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar