Məhkəmə qərarları › İş №2-1(120)-1836/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1836/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1836/2025 04.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı “iddiaçının adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyilması” tələbinə dair iddiası üzrə inzibati işə 04 iyun 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci ildə Cəbrayıl rayonunda doğulmuş X2 qeyd edilmiş doğum akt qeydinin Fələkzadə (Əliyeva) Pərvanə Qarsalan qızına məxsus olması faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Cəbrayıl rayon qeydiyyat şöbəsində xx.xx.1965-ci ildə tərtib edilmiş 123 saylı doğum akt qeydində uşağın ad qrafasına dəyişiklik edilərək, “Kəmalə” adının “Pərvanə” kimi yazılması öhdəliyinin cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1983-1988-ci illərdə M.F.Axundov adına Azərbaycan Respublikası Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. 1990-cı ildə X4 ilə nikaha daxil olmuşdur. 1988-ci ildən bugünədək X8 Gimnaziyada Rus dili müəllimi işləyir. Ona məxsus bütün sənədlərdə onun ad, soyad və ata adı Fələkzadə (Əliyeva) Pərvanə Qarsalan qızı qeyd edilmişdir. Lakin onun doğum haqqında şəhadətnaməsində ad, soyad və ata adı texniki səhvlik olaraq X2 qeyd edilmişdir. Bu isə onun hüquqlarının pozulmasına səbəb olur. Bununla bağlı yaranmış yanlışlığın aradan qaldırılması və doğum akt qeydində düzəliş edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Qeydiyyat şöbəsindən ona imtina məktubu verilmişdir. Həmin imtina məktubu qanunsuz və əsassızdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. İş materiallarında olan Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 24 dekabr 1965-ci il tarixli, 123 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X2 xx xxxxxx 1965-ci ildə Cəbrayıl rayonunda doğulmuş, akt qeydinin ata qrafasında X5, ana qrafasında anası X3 yazılmışdır. İş materiallarında olan Cəbrayıl rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1965ci il tarixli, АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx xxxxxx 1965-ci ildə Cəbrayıl doğulmuş, ata qrafasında X5, ana qrafasında anası X3 yazılmışdır. İş materiallarında olan Salyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, V-ЖГ № 319588 nömrəli Nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X1 arasında nikah xx.xx.1990-cı il tarixdə bağlanaraq, 24 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada “Fələkzadə” soyadı verilmişdir. İş materiallarında olan 01 iyul 1988-ci il tarixli, Г-İ № 010149 nömrəli Diplomun surətindən görünür ki, X1 1983-cü ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş və 1988-ci ildə həmin İnstitutun Rus dili və Ədəbiyyatı milli məktəblərdə ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı adının “Kəmalə”dən “Pərvanə”yə düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-16-5/8-109/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, doğum akt qeydində dəyişiklik edilərək adınızın “Kəmalə” əvəzinə “Pərvanə” yazılması ilə bağlı Cəbrayıl rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Cəbrayıl rayon qeydiyyat şöbəsində xx.xx.1965-ci ildə tərtib edilmiş 123 saylı doğum akt qeydində adınız “Kəmalə” yazıldığı aşkar edilir. Bildiririk ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən müddəaların 1-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişliklik edilməsi üçün kifayət qədər əsaslar olmadığı halda ərizə verən şəxsin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə qətnaməsi əsasında edilir. Odur ki, məhkəməyə müraciət etmək hüququnuz vardır. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur (maddə 63.4). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qeyd olunan Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 192-ci maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - övladlığa götürmə barədə məhkəmənin qərarı; - nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; - adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; - yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; - övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; - atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; - atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi; - cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi adın, o cümlədən adının və ya soyadın dəyişdirilməsi deyil, doğum akt qeydində adının düzəldilməsi ilə bağlıdır. Düzəliş edilməsi üçün isə, yetərli əsaslar mövcuddur. Belə ki, iddiaçıya məxsus sənədlərin (məhkəməyə təqdim olunmuş) hamısında onun adı “Kəmalə” deyil, “Pərvanə” kimi göstərilmişdir. Doğum akt qeydində iddiaçının doğum yeri, tarixi və valideynlərinin adı da eynilik təşkil edir. Deməli, doğum haqqında şəhadətnamə ilə doğum akt qeydi fərqli vəziyyətdə (yazılarla) qalmışdır. Digər tərəfdən də, adının dəyişdirilməsi onun qanunla müəyyən edilmiş hüququdur və 18 yaşı tamam olmuş və barəsində müvafiq (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi) hallar mövcud olmayan şəxs kimi onun adının dəyişdirilməsi cavabdeh inzibati orqan tərəfindən təmin edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmənin sorğusu əsasında Cəbrayıl rayon Polis Şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli, 3-13-70/2-3229/25 nömrəli cavab məktubunda xx.xx.1965-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı barəsində Cəbrayıl RPŞ-də heç bir təqsirləndirici material aşkar edilməmişdir. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, xx.xx.1965-ci il tarixdə Cəbrayıl rayon qeydiyyat şöbəsində Fələkzadə (Əliyeva) Pərvanə Qarsalan qızının (xx.xx.1965-ci il tarixdə doğulmuş) adına tərtib edilmiş doğum akt qeydində uşağın ad qrafasına dəyişiklik edilərək, “Kəmalə” adının “Pərvanə” kimi yazılması öhdəliyi cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 68 – 69cu, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.1965-ci il tarixdə Cəbrayıl rayon qeydiyyat şöbəsində Fələkzadə (Əliyeva) Pərvanə Qarsalan qızının (xx.xx.1965-ci il tarixdə doğulmuş) adına tərtib edilmiş doğum akt qeydində uşağın ad qrafasına dəyişiklik edilərək, “Kəmalə” adının “Pərvanə” kimi yazılması öhdəliyi cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar