Məhkəmə qərarları › İş №2-1(120)-1837/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1837/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1837/2022 03.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair işə 03 noyabr 2022-ci il tarixdə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı 02 avqust 1996-cı ildə anadan olmuşdur. O, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1990-1994-cü illərdə “Dalğa” pavilyonunda 4 il 3 ay, 1987-1989-cu illərdə 2 il hərbi xidmət dövrü nəzərə alınaraq ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun mərhum atasının əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə ona əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubunda iddiaçının əmək kitabçasında qeyd olunan “Dalğa” pavilyonun Biləsuvar rayon Kooperativ Cəmiyyətində 1990-1993-cü illərə aid əmək haqqı cədvəlləri tam qaydada saxlanılmadığından mərhum atası R.N.Zeynalovun həmin dövrlərdə əmək haqqı alması faktının yoxlanılmasının mümkün olmamasını əsas gətirərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(120)-1837/2022 nömrəli qərardadı ilə iddia tələbinə “hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi baxılması qərara alınmıdır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Bеlə ki, İddiaçı xx.xx.1996-cı il tarixdə doğulmuşdur. Ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə üçüncü dərəcəli əlillik qrupu təyin edilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyin səbəbi «ümumi xəstəlik» qeyd edilmişdir. İddiaçı atası X6 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdeh inzibati orqan isə iddiaçının mərhum atası X2 xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Dalğa” pavilyonunda işlədiyi illərə aid əmək haqqı cədvəllərinin tam qaydada saxlanılmamasını əsas gətirərək, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajına malik olması, o cümlədən iddiaçının mərhum atasının əmək kitabçasında qeyd olunan illərdə (xx.xx.1990-xx.xx.1994-cü illər) ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçının mərhum atasına məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının mərhum atası X6 xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Dalğa” pavilyonunda işləməsi barədə qeydlər vardır. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 302 nömrəli arayışından görünür ki, Zeynallı X8 rayonunun Səmədabad kəndində yaşayır. İş materiallarında olan Biləsuvar rayon Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli və xx.xx.2022-ci il tarixli, 13 nömrəli arayışından görünür ki, X6 xx.xx.1990-cı il (əmr № 275) tarixdən xx.xx.1994-cü il (əmr № 25) tarixədək “Dalğa” pavilyonunda xörəkpaylayan vəzifəsində işləmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 301 nömrəli arayışından görünür ki, 1969cu il təvəllüdlü mərhum X6 xx.xx.1987-ci ildən xx.xx.1989-cu il tarixə kimi Sovet Ordusu Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 314/12 nömrəli ölüm haqqında akt qeydindən və 466497 ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli əlillik haqqında arayışdan görünür ki, X7 ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X11 filialının xx.xx.2022ci il tarixli, **********8 nömrəli arayışından görünür ki, X9 İİİ dərəcə əlilliyə görə 120,00 manat olmaqla müddətsiz sosial müavinət alır. İş materiallarında olan elektron sistemdən çıxarış edilmiş sosial arayışdan görünür ki, X10 xx.xx.2014-cü il tarixədək, yəni 18 yaşı tamam olanadək sağlamlıq imkanları məhdud uşaq kimi, xx.xx.2014-cü il tarixdən etibarən isə üçüncü dərəcəli əlil kimi qeydə alınmışdır. İş materiallarında olan 256814 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1996-cı il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında X4 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, X2 Biləsuvar rayon Kooperativ Cəmiyyətindəki əmək fəaliyyəti yoxlanılmış, onun xx.xx.1990cı il tarixli, 275 nömrəli əmr ilə X13 İdarəsinin Səmədabad qəsəbəsində yerləşən “Dalğa” pavilyonunda xörəkpaylayan vəzifəsinə təyin edilməsi, xx.xx.1991-ci il tarixli, 113 nömrəli əmr ilə “Dalğa” pavilyonunda xörəkpaylayan, müvəqqəti olaraq bufet müdiri-aşbaz vəzifəsinə keçirilməsi, xx.xx.1991-ci il tarixli, 130 nömrəli əmr ilə “Dalğa” pavilyonunda xörəkpaylayan, müvəqqəti olaraq bufet müdiri-aşbaz vəzifəsində işlədiyi üçün əvvəlki vəzifəsinə keçirilməsi, xx.xx.1994-cü il tarixli, 25 nömrəli əmr ilə “Dalğa” pavilyonu fəaliyyətini dayandırdığı üçün işdən azad edilməsi barədə əmrlər öz təsdiqini tapmış, həmçinin əmrlər kitabında qeydlərdə uyğunsuzluğun aşkar edilməməsi, faktların düzgünlüyü təsdiqini tapmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Fondun 9 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən 060199 saylı əmək kitabçasında qeyd edilən “Dalğa” pavilyonunun Biləsuvar rayon Kooperativ Cəmiyyətində 1990-1993-cü illərə dair əmək haqqı cədvəlləri tam qaydada saxlanılmadığından həmin illərin iş stajının mötəbərliyini yoxlamaq mümkün olmamış və bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi məqsədə müvafiq hesab edilməmişdir. Beləliklə, R.N.Zeynalova məxsus əmək kitabçasının surəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1022 nömrəli arayışı nəzərdən keçirilmiş və hərbi xidmət dövrü nəzərə alınmaqla 2 il 6 ay 5 gün mübahisələndirilməmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciəti əsasında təqdim etdiyi mərhum atası X2 Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1022 nömrəli arayışına əsasən xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək hərbi xidmət dövrü olmaqla mərhum R.Zeynalovun 2 il 6 gün ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (5 ildən) azdır. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək “Dalğa” pavilyonunda işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. Fondun 9 saylı regional ərazi filialı tərəfindən xx.xx.2021-ci il tarixində aparılmış xidməti araşdırmaya əsasən sözügedən müəssisənin 1990-1993-cü illərə aid əməkhaqqı cədvəlləri saxlanmadığından həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmayıb. Bu səbəbdən mübahisələndirilən 3 il 10 ay iddiaçının sığorta stajına daxil edilməyib. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, Təqdim etdiyiniz mərhum atanız X3 məxsus 060199 saylı əmək kitabçasının surətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, № 1022 saylı arayışına əsasən hərbi xidmət dövrü nəzərə alınmaqla sığorta stajı 2 il 6 ay 5 gün olmaqla tələb olunan müddətdən (5 ildən) azdır. Məlumat üçün bildiririk ki, mərhum atanız R.N.Zeynalovun 060199 saylı əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək “Dalğa” pavilyonunda işləməsi faktını araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən “Dalğa” pavilyonunun Biləsuvar rayon Kooperativ Cəmiyyətində 1990-1993-cü illərə aid əmək haqqı cədvəlləri tam qaydada saxlanılmadığından mərhum atanız R.N.Zeynalovun həmin dövrlərdə əməkhaqqı alması faktının yoxlanılması mümkün olmadığına görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən sizə mərhum atanız R.N.Zeynalovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının mərhum atasının həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının atasının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının atasının işlədiyi müəssisənin mövcud olması və iddiaçının atasının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının atasının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının atasının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı atası həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının atasının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının atasının xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının atasının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi, həmçinin məcburi sosial sığorta haqlarının ödənilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının atasının xx.xx.1990-cı ildən xx.xx.1994cü ilə kimi işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının mərhum atasının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının atasının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1.1.2-ci bəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvü 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14cü maddəsinin 14.1.1.2-ci bəndində vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olmuş 18 yaşından yuxarı əlil ailə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğu nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbi baxımdından İddiaçı ailə başçısını itirən əlil övlad kimi ailə başçısının itirilməsinə görə pensiya almaq hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar