Məhkəmə qərarları › İş №2-1(120)-184/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-184/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-184/2021 12.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı veteran vəsiqəsini aldığı gündən əvvəlki illər üzrə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağcabədi rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, veteran vəsiqəsini aldığı gündən əvvəlki illər üzrə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-1(120)-194/2021 nömrəli qərardadı ilə hazırkı inzibati mübahisə üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağcabədi rayon filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçı veteran vəsiqəsini aldığı gündən əvvəlki illər üzrə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdehə müraciət etməmişdir. İşin faktiki halları belədir ki, iddiaçıya Azərbaycan Respubikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 086363 nömrəli müharibə vəsiqəsi verilmişdir, iddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin (təqaüdün) ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ona xx.xx.2019-cu il tarixli, 397909 nömrəli qərarı ilə müharibə veteranı vəsiqəsi aldığı tarixdən yəni, xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Habelə, iddiaçının xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona cavabdeh tərəfindən “dolayı yolla imtina məktubu” göndərildiyi qeyd edilmişdir. Şöbəyə daxil olan hər bir sənəd həmin gün ESDAS-a (X1 Avtomatlaşdırılmış Sistemi) yerləşdirilir və sənəd araşdırıldıqdan sonra cavab məktubu yenidən ESDAS-a yerləşdirilərək sistem tərəfindən cavab məktubuna avtomatik tarix və nömrə verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fonduna, həmçinin onların yerli və regional qurumlarına daxil olan bütün sənədlərin dövriyyəsi ESDAS vasitəsilə aparılır. Odur ki, nə Ağcabədi rayon şöbəsi, nə də Dövlət Sosial Müdafiə Fondunun digər hər hansı şöbəsi tərəfindən vətəndaşa “dolayı yolla imtina məktubu” göndərilə bilməz. xx.xx.2021-ci il tarixdə iddiaçı Fondun 5 saylı regiona ərazi filialının Ağcabədi rayon qəbul şöbəsinə müraciət edərək, Qarabağ veteranı olduğu üçün veteran vəsiqəsini aldığı gündən əvvəlki illər üzrə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi ilə bağlı müraciətinin qeydiyyata salınmasını bildirmişdir. Lakin onun müraciəti ilə bağlı Şirvan inzibati Məhkəməsinin icraatında 2-1(120)-1498/2020 saylı iş olduğundan onun ərizəsinin qeydə alınmasının mümkünsüzlüyü iddiaçıya bildirilmişdir. İddiaçı müharibə veteranı vəsiqəsini aldığı vaxtdan üç il əvvəlki müddətə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin məktubu ilə qanunvericiliyin tələbləri əsas gətirilərək əvvəlki illər üçün müavinət ödəməkdən imtina edilmişdir. iddianın mümkün sayılması üçün yuxarıda qeyd edilmiş hər iki halda iddiaçının ilk öncə müvafiq inzibatı orqana - Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə müraciət etməsi tələb edilir. Odur ki, məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə müraciət etməli və Şöbə imtina məktubu verəndən sonra məhkəməyə müraciət etməli idi. Belə olan halda iddiaçının qanunla nəzərdə tutulan hüquq və maraqları Dövlət Sosial Müdafiə Fondu tərəfindən pozulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının Ağcabədi rayon qəbul şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağcabədi rayonu, Avşar kənd sakini İddiaçı veteran vəsiqəsinin aldığı gündən əvvəlki illər üzrə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi ilə bağlı şöbəyə müraciət etməmişdir. Vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdən aylıq 80 manat olmaqla müharibə veteranlarına verilən prezident təqaüdü təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir edir ki, İddiaçı hazırki tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə ki, iddiaçı ilkin olaraq hazırki tələblə cavabdehə müraciət etməli, cavabdehin onun tələbinə münasibətini müəyyən etməli idi. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi ilə bağlı sənədlər (imtina məktubu) iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı tərəfindən təqdim edilmiş poçt qəbzi ilə iddiaçının məhz hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etməsini müəyyən etmək mümkün deyil. Digər tərəfdən, həmin poçt qəbzi iddia ərizəsinin məhkəmə daxil olduğu vaxtdan (xx.xx.2020-ci il tarixdən) sonraya, yəni xx.xx.2020-ci il tarixə aiddir. Halbuki, iddiaçi məhkəməyə müraciət etməzdən öncə cavabdeh inzibati orqana müraciət etməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya zəruri sənədlərin məhkəmə təqdim olunması ilə bağlı xx xxxxxx 2021-ci il tarixli məktub göndərilsə də, iddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi və eyni zamanda müvafiq sənədləri (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) məhkəməyə təqdim etmədi. İddiaçıya izah edilir ki, veteran vəsiqəsini aldığı gündən əvvəlki illər üzrə müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün o, həmin tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqan- Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinə müraciət etməlidir. Cavabdeh inzibati orqan- Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə, iddiaçı yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edə və həmin inzibati mübahisəyə mahiyyəti üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar