Məhkəmə qərarları › İş №2-1(120)-1844/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1844/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1844/2023 24.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcəbədi rayon Polis şöbəsinə qarşı “X4 Ağcəbədi şəhəri, H.Hacıyev ev 319 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ağcəbədi rayon Polis şöbəsinə qarşı “X4 Ağcəbədi şəhəri, H.Hacıyev ev 319 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş edir və bu halı onunla əsasladırır ki, hazırki mübahisə üzrə üçüncü şəxs qismində çıxış edən şəxsin qeydiyatı formal xarakter daşıyır və qeydiyyatda qalması iddiaçının fərdi yaşayış evinə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Göründüyü kimi yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız iddiaçıya məxsusdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 118.3 kv/m olan fərdi yaşayış evi vardır. Həmin evdə o, qeydiyyatdadır. Ona məlum olmuşdur ki, mülkiyyətində olan həmin evdə başqa şəxs də qeydiyyatdadır. Həmin şəxs X5r. Həmin şəxslə hər hansı qohumluğu, tanışlığı yoxdur. Ümumiyyətlə həmin adamı tanımır və görməmişdir. X3 mülkiyyətində olan ünvan 1 ünvanında olan evdən qeydiyyatdan çıxarılması ilə bağlı mən Cavabdehnə müraciət etmişdir. Cavabdeh qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyini izah etmişdir. Hsab edir ki, X3 mülkiyyətində olan ona məxsus ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdehnə həvalə olunmalıdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, kənar şəxslərin iddiaçıya məxsus olan ünvan 5 ünvanda qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ilə qeydiyyata alınmışdır. İşdə olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 07 nömrəli arayışından görünür ki, ünvan 5 ünvanda X6 adlı şəxs yaşamır. İşdə olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli 05/76-58/13 mömrəli məktubunda görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X3 İddiaçı ilə qohumluq əlaqələri aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmişdir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 5 ünvanı İddiaçı mülkiyyətindədir. İddiaçı ünvan 5 ünvanında qeydiyyatda olan üçüncü şəxs X3 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 07 nömrəli arayışından görünür ki, ünvan 5 ünvanda X6 adlı şəxs yaşamır. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanından X3 qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanından X3 qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar