Məhkəmə qərarları › İş №2-1(120)-1846/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1846/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1846/2024 07.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia tələbini iddiaçı onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1974-cü il tarixdə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 2023-cü ilin iyul aynda qonşu ölkələrdən birinə səyahətə hazırlaşarkən onun şəxsiyyət vəsiqənin etibarsız olduğu məlum olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, buna səbəb şəxsiyyət vəsiqəsində olan doğum haqqında məlumatların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumat bazasında olan məlumatlardan fərqli olmasıdır. Bildirir ki, X rayonunun Erməni qəsbkarları tərəfindən işğalı zamanı X rayonu Qeydiyyat şöbəsində olan sənədlər yanğın nəticəsində məhv olmuş və sənədlərin əslini tapmaq qeyri mümkün olmuşdur. Buna baxmayaraq onun bütün hüquqi sənədləri tərəfindən qorunub saxlanılmış və onun həqiqətən də xx.xx.1974-cü il tarixdə doğulduğunu təsdiq edir. Belə ki, Cavabdeh tərəfindən 03 iyul 1975-ci il tarixdə 27 saylı qeydiyyat nömrəsi ilə verilmiş Doğum haqqında şəhadətnamədə, 4 noyabr 1990-cı il tarixdə verilmiş ********* nömrəli Komsomol biletində, 17 yanvar 1991-ci il tarixdə verilmiş 221639 nömrəli Çağırış məntəqəsində qeydiyyata alınmağı haqqında vəsiqədə, 29 iyun 1991-ci ildə verilmiş Orta təhsil haqqında Attestatda, 07 iyul 2001-ci il tarixdə 204 qeydiyyat nömrəsi ilə verilmiş Nikahın bağlanması haqqında Şəhadətnamədə, 14 fevral 2016-cı il tarixdə Ordu sıralarından ehtıyyata buraxılmağıyla əlaqədar verilmiş ******* nömrəli hərbi biletdə onun doğum tarixi xx.xx.1974-cü il kimi göstərilmişdir. O, 1996-cı ildə X Məktəbini bitirmiş, 24 ildən artıq Ordu sıralarında xidmət etmiş və bu günə qədər bütün sənədlərində doğum tarixi Doğum haqqında şəhadətnamədə göstərildiyi kimi xx.xx.1974cü il tarixi kimi göstərilmişdir. Faktla bağlı Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etmiş və cavab məktubunda bildirilib ki, doğum aktı qeydində doğum tarixinə düzəliş edilməsi üçün səbəb ola biləcək doğum haqqında tibbi arayış və “forma A kartı” X Rayon Qeydiyyat Şöbəsində olmadığından doğum tarixinə düzəliş etmək X Rayon Qeydiyyat Şöbəsinin imkanı xaricindədir. Hesab edir ki, təqdim etdiyi bütün sənədlər onun həqiqətən də xx.xx.1974-cü il tarixdə doğulduğunu təsdiq edir və Cəbrayl Rayon Qeydiyyat Şöbəsində tibbi arayışın və “forma A kartı” nın olmaması, eləcə də həmin sənədlərin bərpa edlməsinin mümkün olmaması səbəbindən təqdim etdiyi sənədlər doğum aktı qeydində doğum tarixinə düzəliş etməyə tam əsas verir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh X rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Cəbrayıl rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəbrayıl rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı Fərhadov X2 rayonu X icra nümayəndəliyində xx.xx.1975-ci ildə tərtib edilmiş 27 saylı doğum akt qedyində doğum tarixinin xx.xx.1975-ci ildən xx.xx.1974cü ilə düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11/115/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 52 saylı qərarına əsasən akt qeydinə kifayət qədər əsaslar olduğu halda qeydiyyat şöbələrində düzəlişlər oluna bilər. Sizin doğum akt qeydininzdə doğum tarixinə düzəliş edilməsi üçün əsas ola biləcək doğum haqında tibbi arayış, “forma A kartı” olmadığından Cavabdeh imkanı xaricindədir. AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı doğulduğu tarixi xx.xx.1974-cü il kimi qeyd olunmuşdur. EZ № ******* nömrəli, xx.xx.2016-cı il tarixli iddiaçıya məxsus Hərbi biletdə İddiaçı doğulduğu tarixi xx.xx.1974-cü il kimi qeyd olunmuşdur. xx.xx.1975-ci il tarixli, 27 nömrə ilə qeydə alınmış iddiaçıya məxsus Doğum haqqında şəhadətnamədə İddiaçı doğulduğu tarixi xx.xx.1974-cü il kimi qeyd olunmuşdur. xx.xx.1991-ci il tarixli, A № ***** nömrəli Orta təhsil haqqında Attestatda İddiaçı doğulduğu tarixi xx.xx.1974-cü il kimi qeyd olunmuşdur. xx.xx.1991-ci il tarixli, ЗП № ***** nömrəli iddiaçıya məxsus hərbi xidmətə qeydiyyat vəsiqəsində İddiaçı doğulduğu tarix xx.xx.1974-cü il kimi qeyd olunmuşdur. xx.xx.2001-ci il tarixli, İİ-AZ № ***** nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədə İddiaçı doğulduğu tarixi xx.xx.1974-cü il kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş X16 Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-*****/23 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə X Rayon Polis Şöbəsi tərəfindən ilk dəfə AZE- 14902011 (FİN xxxxxxx) nömrəli, xx.xx.2016-cı il tarixdə X Rayon Polis Şöbəsi tərəfindən AZE-15268991 nömrəli, xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir. Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X18 " X Rayon Mərkəzi Xəstəxanasi" X14 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1993-cü ildə Cəbrayıl şəhəri işğal olunduğu zaman “X Rayon Mərkəzi Xəstəxanası” X18ə aid sənədləri gətirmək mümkün olmamışdır. Bu səbəbdən İddiaçı anası X1 1974-1975-ci illərdə dünyaya uşaq gətirib gətirməməsi barədə məlumat vermək mümkün deyildir. Azərbaycan Respublikasi X Rayon İcra Hakimiyyəti Başçisinin X Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 02 nömrəli məktubunda qeyd edilmişdir ki, X qəsəbə sakini İddiaçı hal-hazırda məcburi köçkün kimi Nərimanov rayonu, X 82, Tranvay parkının ərazisində məskunlaşmışdır. 1993-cü ildə X rayonu işğal olunarkən nümayəndəliyə aid olan sənədlərin əksəriyyəti işğal zonasında qaldığı üçün İddiaçı doğum haqqında məlumatlarını əks etdirən arxiv sənədləri hazırda nümayəndəlikdə mövcud deyildir. İşğaldan sonra isə doğum haqqında şəhadətnamələrin verilməsi Cavabdeh tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi X Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü Cəbrayıl rayonu, Xələfli kəndində anadan olmuş və X rayonu X kəndində qeydiyyatda olan İddiaçı barəsində X RPŞ-də cinayət işi və ya təqsirləndirici material olmamışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 341.1-ci maddəsini törətməkdə təqsirli bilinmişdir. xx.xx.1975-ci il tarixli, 27 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuş, atası X3, anası X4r. Azərbaycan Respublikasi X Rayon İcra Hakimiyyəti Başçısının XX Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 107 nömrəli arayışında qeyd edilmişdir ki, X rayon İHB-nın X kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən Xələfli qəsəbə sakini,xx.xx.1974-cü il təvəllüdlü İddiaçı həqiqətən inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 3 saylı təsərrüfatbaşına kitabının 110 səhifəsində 247 saylı təsərrüfatında ayrı təsərrüfat kimi qeyd olunmuşdur və ailə üzvləri vardır: X8 həyat yoldaşı (arvadı), X6 qızıdır və X7 oğludur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqnları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il taruxli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - (2.5.1.) valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; - (2.5.2.) valideynlərin nikah haqqında şəhadətnaməsi; - (2.5.3.) doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; - (2.5.4.) uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; - (2.5.5.) uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; - (2.5.6.) uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; - (2.5.7.) valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, mövcud qanunvericilik doğumun qeydə alınması üçün təqdim edilməli sənədlərin siyahına doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədi, eləcə də müvafiq sənədlər, o cümlədən tibb müəssisəsinin sənədi olmadıqda doğumla bağlı məhkəmə qətnaməsinin (qanuni qüvvəyə minmiş) olmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçının doğulması ilə bağlı əsas sənəd doğum haqqında akt qeydidir ki, həmin sənəd mövcud olmaqla yanaşı doğum tarixi də 12 yanvar 1975-ci il kimi qeyd edilmiş və 03 iyul 1975-ci il tarixdə də tərtib edilmişdir. Lakin həmin kat qeydindən sonra tərtib edilmiş iddiaçıya məxsus doğum haqqında şəhadətnamə akt qeydi ilə eyni vaxtda, yəni xx.xx.1975-ci il tarixdə tərtib edilsə də doğum tarixi xx xxxxx 1974cü il kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, doğum haqqında şəhadətnamədə həmin tarix səhvən qeyd edilmişdir və akt qeydində dəyişiklik edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki doğum tarixinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübut, yəni doğum tarixinə “xx xxxxx 1974-cü il” kimi düzəliş edilməsi üçün müvafiq tibb müəsisəsinin sənədini və ya məhkəmə qətnaməsini nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, həmçinin kifayət qədər əsas mövcud olmadığından cavabdehin imtinası qanuni hesab edilməlidir və iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ilə ümumi məhkəməyə (rayon və ya şəhər) müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar