Məhkəmə qərarları › İş №2-1(120)-1851/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1851/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1851/2022 31.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi xx katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat Şöbəsinə “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı 31 avqust 1972-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. Məlum hadisələrə görə 1993-cü ildə məcburi köçkün düşmüşlər. Ona doğum haqqında şəhadətnamə lazım olduğundan C\brayıl rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin xx.xx.1972-ci il tarixli, 86 nömrəli doğum akt qeydində adının Nübarək kimi qeyd edildiyini görmüşdür. Halbuki, onun bütün hüquqmüəyyənedici sənədlərində adı Azər kimi qeyd edilmişdir. İddiaçı bununla əlaqədar cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə əsaslanaraq, onun (iddiaçının) doğumu haqqında tərtib edilmiş xx.xx.1972-ci il tarixli 86 saylı akt qeydində adının “Nübarək”dən “Azər”ə düzəliş edilməsi və həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğum haqqında akt qeydində adının “Nübarək”dən “Azər”ə dəyişdirilməsi olsa da, o, hazırda ona məxsus çoxlu sayda rəsmi sənədlərdə adının “Azər” kimi göstərildiyini əsas gətirərək, doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsində, “Xətai-21” Mənzil Mülkiyyətçilərinin Müşətərək Cəmiyətinin 27 may 2022-ci il tarixli arayışında, 048968 nömrəli məcburi köçkün vəsiqəsində, Azərbaycan Respublikası 4 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən 1068 nömrəli, xx.xx.2014cü il tarixli nikah haqqında şəhadətnamədə, ИТ-l ******* nömrəli, xx.xx.1989-cu il tarixli əmək kitabçasında, 649040 nömrəli, 1972-ci il tarixli orta təhsil atestatında, Azərbaycan Respublikası Nef Akademiyası tərəfindən verilən 0213 qeydiyyat nömrəli, 2002-ci il tarixli diplomda iddiaçının adı İddiaçı kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (xx.xx.1972-ci il təvəllüdlü) istər adının “Nübarək”dən “Azər”ə dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı doğumu haqqında tərtib edilmiş xx.xx.1972-ci tarixli 86 saylı akt qeydində adının “Nübarək”dən “Azər”ə dəyişdirilməsi (düzəliş edilməsi) və həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü İddiaçı doğumu haqqında tərtib edilmiş xx.xx.1972-ci tarixli 86 saylı akt qeydində adının “Nübarək”dən “Azər”ə dəyişdirilməsi (düzəliş edilməsi) və həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar