Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1851/2024 16.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X4 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “inzibati orqanın xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 saylı qərarın və xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarın artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına Şirvan şəhəri, Şirvan İnzibati Məhkəməsinin İnzibati binasında baxaraq, Тəsviri hissə: İddiaçı X4 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarın artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və həmin qərar əsasında iddiaçıdan tutulmuş pul vəsaitinin geri qaytarılması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-314/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və həmin qərar əsasında iddiaçıdan tutulmuş pul vəsaiti geri qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-218/2023 nömrəli qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-314/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçı X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının tutulma ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarın artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “inzibati orqanın xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 saylı qərarın və xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarın artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və xx.xx.2021ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1956-ci il tarixdə Astara rayonunun Seləkəran kəndində anadan olmuş, əmək fəaliyyətinə 1972-ci ildən başlamışdır. xx.xx.1972-ci il tarixdən Astara rayonu Azərbaycan Respublikasının 50 illiyi adına sovxozda fəhlə işləmiş, xx.xx.1975-ci il tarixdə ərizəsinə əsasən işdən azad olunmuş, yenidən xx.xx.1975-ci ildən həmin sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1980-ci ildə ərizəsinə əsaəsn işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Astara Kommunal Müəssisələri Kombinatının mehmanxanasında xadimə işləmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi X3 tibbi işçisi vəzifəsində işəmiş, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Astara Mənzil İstismar sahəsində dalandar işləmiş, xx.xx.2002-ci il tarixdən Mənzil istismar kontorunda təmizlik üzrə fəhlə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Astara şəhər 2 saylı körpələr evi uşaq baxçasına gecə gözətçəsi vəzifəsində işləmiş, xx.xx.2015-ci il tarixdən Astara MİTTİB-nin dalandar vəzifəsindən azad edilmişdir. Beləliklə əsas iş yeri Astara MİTTİB idarəsi olduğu halda əmək müqavilənin şərtləri imkan verdiyi üçün işdən sonra xx.xx.2011-ci il tarixdən xx.xx.2021ci il tarixə kimi Astara şəhər 2 saylı körpələr evində gecə gözətçisi işləmişdir. İş vaxtından sonra gecə gözətçisi işləmiş, qüvvədə olan əmək qanunvericiliyinin tələblərini pozmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə görə “Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq, başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik ürə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri əmək kitabçası saxlanan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlamlılır. Həmin Məcəllənin 58-ci maddəsinin 3 cə 4-cü bəndlərində qeyd edilir ki, İş vaxından sonra əvəzçilik üzrə iş yerlərində işləməyə əsas yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılı ilə yol verilir. Əlavə iş yerində əvəzçilik üzrə əmək faəliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla, heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün, normalar, qaydalar və müddəlar şamil edilir. Buna baxmayaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ödənilmiş 2216,20 manat pensiya pensiyasından tutulamasına Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 tərəfindən DSMF-nin Maliyyə və Münasibatlıq üzrə mərkəzi tərəfindən tutulmasına sərəncam verilmişdir. Bu qanunsuzluq aradan qaldırmaq üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən ərizsi təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir: İddiaçı xx.xx.2021-ci il tarixində Fondun 7 saylı regional filialına ərizə ilə müraciət etmiş və Fondun 7 saylı regional filialının 13 yanvar 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə İddiaçı xx.xx.2015-ci il tarixdən (işə daxil olduğu il) xx.xx.2021-ci il tarixədək artıq alınan cəmi 2216,20 manat DSMF-nun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən tutulacağı bildirilmişdir. Belə ki, “X7” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı pensiya işinə baxılan zaman məlum olmuşdur ki, onun 2015-ci ildə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda onun əmək pensiyası işdən azad olmasına görə hesablanmışdır. Nəticədə “X7” Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozulduğu üçün ona xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixəds pensiya artıq ödənilmiş və 2216,20 manat tutulma barədə sərəncam verilmişdir. İddiaçıya ünvanlanmış məktubda bu barədə məlumat verilmişdir. Beləliklə, inzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qəbul edir. Bildiririk ki, Mərkəzi filial tərəfindən vətəndaş İddiaçı əmək pensiyasından tutulmaların icrası “Pensiya” Alt Sistemində müvafiq xanalarda Fondun digər Mərkəzi filialları və regional şöbələri tərəfindən işlənilmiş xüsusi qeydlər əsasında təmin edilir. Belə ki. İddiaçı əmək pensiyasından 1 saylı Lənkəran-Astare regional ərazi filialı tərəfindən xx.xx.2021-ci il tarixdə “ötən dövr” xanasına qeyd edilmiş ümumi 2216,20 (iki min iki yüz on altı manat iyirmi qəpik) manat məbləğində artıq ödənilmiş vəsaitdər xx.xx.2021xx.xx.2021 dövrlərdə yaranmış 135.22 (yüz otuz beş manat iyirmi iki qəpik) manat əskiködəmə məbləği çıxılmış və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyasından ayda 77,08 (yetmiş yeddi manat səkkiz qəpik) manat olmaqla tutulma həyata keçirilmişdir (2216,20- 135,22-539,56 = 1541,42). Əlavə olaraq bildiririk ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli sərəncamına əsasən yenidən hesablama nəticəsində xx.xx.2021-xx.xx.2022ci il tarixində yaranmış 236,94 (iki yüz otuz altı manat doxsan dörd qəpik) manat əskik ödəmə məbləği 1541,42 manat qalıq artıqödəmədən çıxıldıqdan sonra (1541,42 - 236,94 = 1304,48) qalıq borc 1304,48 (min üç yüz dörd manat qırx səkkiz qəpik) manat təşkil etmişdir. İddiaçı Z Rzayevanın əmək pensiyasından yuxarıda qeyd edilən sərəncamlara əsasən xx.xx.2022-ci il tarixdən aylıq 81,54 (səksən bir manat əlli dörd qəpik) manat olmaqla, xx.xx.2023-cü il tarixədək tutulma həyata keçirilmiş və xx.xx.2023-cü il tarixdə yekunlaşdırıimışdır. xx.xx.2023-cü il tarixdən etibarən İddiaçı əmək pensiyasından hər hansı tutulma aparılmır. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; tərəflərindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Kalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.2022-ci il tarixli **********7 nömrəli zərərin artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və həmin qərar əsasında iddiaçıdan tutulmuş pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkə iclasında iştirak edən iddiaçı X9 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və xx.xx.2022-ci il tarixli, 203 nömrəli arayışdan görünür ki, İddiaçı Astara şəhəri, Qum küçəsi, 112A nömrəli evdə qeydiyyatda olmaqla həmin evdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2021-ci il tarixdə **********1 nömrə ilə qeydə alınmış ərizənizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 7 saylı Regional Ərazi filialında baxılmışdır. Məlumat üçün bildiririk ki, ”X7” Azərbaycan Respublikasınin Qanunun 37.3.1. maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; xx.xx.2015-ci il tarixdən (işə daxil olduğuz il) xx.xx.2021-ci il tarixədək artıq aldığız cəmi 2216.20 manat DSMF-nin Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən tutulacaqdır. İş materiallarında olan NT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Rzayeva (Mirzəyeva) Züleyxa İsaq qızı xx.xx.1980-xx.xx.1996-cı il tarixlərdə fasilələrlə müxtəlif idarələrdə işləmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərardan görünür ki, İddiaçı hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya təyin olunmuş, əmək pensiyasının hazırkı məbləği 404.43 manat, yenidən hesablanmış pensiya məbləği 431.05 manat qeyd olunmuşdur. Həmçinin həmin qərarın qeyd hissəsində vətəndaşın xx.xx.2022-ci il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixdə «X7 » Qanunun 37.3.1-ci maddəsinə əsasən iki və ya daha çox iş yeri olan və onlardan birindən azad olunduğu halda işdən azad olmaya görə hesablama aparılmışdır. Nəticədə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək pensiya artıq ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 10 may 2024-cü il tarixli, 3-17-1/2-110226/2024 nömrəli məktubuna əsasən İddiaçı pensiya işi materiallarında onun əmək pensiyasından tutulmaların aparılmasına dair yazılı razılığını təsdiq edən məlumatın aşkarlanmadığı müəyyən edilir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçıya İddiaçı hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya təyin olunmuş, əmək pensiyasının hazırkı məbləği 404.43 manat, yenidən hesablanmış pensiya məbləği 431.05 manat qeyd olunmuşdur. Həmçinin həmin qərarın qeyd hissəsində vətəndaşın xx.xx.2022-ci il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixdə «X7 » Qanunun 37.3.1-ci maddəsinə əsasən iki və ya daha çox iş yeri olan və onlardan birindən azad olunduğu halda işdən azad olmaya görə hesablama aparılmışdır. Nəticədə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək pensiya artıq ödənilmişdir. xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərar ilə 2216.20 manat pensiya məbləği ondan geri tələb edilmişdir. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “X7” Qanun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Belə olduğu halda isə ümumiyyətlə razılıq olmadan inzibati akt qəbul etmək səlahiyyətinə cavabdehin malik olub-olmamasının müzakirəsinə əsas yaranır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. inzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edibedə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi belə məhkəmə hesab edir ki, cavabdehdən ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə tərəfindən mübahisə ilə bağlı tam araşdırma aparılmış və müəyyən edilmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına səbəb xx.xx.2015-ci il tarixdən (işə daxil olduğu il) xx.xx.2021-ci il tarixədək artıq aldığı cəmi 2216.20 manat aşkarlanması olmuşdur. Buna görə də xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödəmə olduğu aşkarlanmış və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərar ilə 2216.20 manat pensiya məbləği ondan geri tələb edilmişdir. Məhkəmə qeyd edir ki, qanun cavabdehə artıq ödənilmiş müavinət məbləğin qaytarılması üçün konkret prosedur müəyyən etmişdir. Həmin prosedura əsasən inzibati orqan artıq və yaxud əsassız ödəmə ilə bağlı hal aşkar etdiyi təqdirdə bu barədə şəxsi məlumatlandırmalı, artıq ödənilmiş məbləğin geri tutulması ilə bağlı müavinət alan şəxsin razılığını almalı, belə razılıq olmadığı təqdirdə isə, məhkəmədə iddia qaldırılmalıdır. Lakin cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıdan tutulması barədə qərarlar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 10 may 2024-cü il tarixli, 3-17-1/2-110226/2024 nömrəli məktubundan İddiaçı pensiya işi materiallarında onun əmək pensiyasından tutulmaların aparılmasına dair yazılı razılığını təsdiq edən sənəd və ya məlumat aşkar edilməmişdir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçını inzibati icraata cəlb etmədən və onun razılığını almadan qərarlar qəbul edərək qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Nəticə olaraq məhkəməyə daxil olmuş müvafiq sənədlərdə artıq vermənin müəyyən edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeydin, əsasın və sübutun olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi əmək pensiyasının artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələbin həmin hissə də təmin edilməsi istisna olunmur. Yuxarıda qeyd olunanları, ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının yanlış əmək pensiyası alması ilə bağlı faktiki şərt özü-özlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə məbləğin ödənilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab edir ki, yolverilməzdir. Beləliklə, inzibati orqanın qərarının bir hissədə hüquqi nəticəsi olmaması səbəbi ilə həmin qərara əsasən tutulması nəzərdə tutulan məbləğin tutulması qadağan edilir, yəni dayandırılır və əlavə olaraq pul vəsaitinin tutulması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab olunduğundan tutulmuş pul vəsaiti geri qaytarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı iddiası üzrə inzibati orqanın xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 saylı qərarın və xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarın artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan pul məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı iddiası üzrə inzibati orqanın xx.xx.2021-ci il tarixli, 3EDQ6FV001 saylı qərarın və xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarın artıq hesablanmış pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan pul məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1851/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1851/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver