Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1855/2022 03.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh İmişli rayon Mərkəzi Xəstəxanasına qarşı “qanunvericiliyin tələbləri qozulmaqla qəbul edilmiş sözügedən əlverişsiz inzibati aktın, yəni xx.xx.2018-ci il tarixli xəstəlik vərəqəsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 noyabr 2022-ci il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh İmişli rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2 adına açılan xx.xx.2018-ci il tarixli xəstəlik vərəqəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə mərhum atası X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli "105MİDA19” nömrəli ipoteka krediti müqaviləsinə əsasən sonuncuya Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol 8, 9 saylı binada yerləşən 5 nömrəli mənzilin alınması məqsədilə həmin mənzili ipoteka ilə yüklü etməklə 48599 manat məbləğində kredit ayrılmışdır. Bu Kredit müqaviləsinin 1.4.3-cü bəndində “Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması” Borcalanın vəzifəsi kimi müəyyənləşdirilmiş və atam- X5 Kredit müqaviləsi üzrə qeyd olunan vəzifəsinin icrası məqsədilə borcverənlə razılaşdırılmış sığorta təşkilatı olan "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixli MAP- 197870 nömrəli sığorta müqaviləsi bağlamış və bu müqavilə üzrə soğrtaçı tərəfindən sığirtaolunan yuxanda göstərilən sığorta risklərindən sığortalanmışdır. Bildirilir ki, atası X5 xx.xx.2021-ci il tarixdə “Kəskin respirator çatışmazlıq-COVİD 19” xəstəliyindən vəfat etmiş, bu sığorta hadisəsinin baş verməsi halı ilə əlaqədar sığortaçı tərəfindən müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində faydalanan şəxs "xxxx" ASC-yə “İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən "xxxx" Sığorta Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 22 saylı məktuba əsasən sığortaolunan X2 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək stasionar müalicə aldığı və onun ürəyin xroniki işemik xəstəliyinə aid olan ürəyin aterosklorotik xəstəliyi diaqnozu qoyulduğu müəyyən edildiyindən sğorta predmetinin mövcud olmaması bildirilmiş və bu səbəbdən də sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Öncə qeyd edilməlidir ki, müvafiq sahə üzrə mütəxəssisdən aldığım məlumata görə qeyd edilən diaqnozun müraciət edən şəxslərə qoyulması, başqa sözlə həmin şəxslərin qeyd edilən xəstəlikdən əziyyət çəkməsinin müəyyən edilməsi üçün mütləq şəkildə Lipid spektr, koaquloqramma, CRP, EXO KQ, stress test müayinələrinin aparılması müayinələrlə həmin xəstliyin mövcud olmadığı, lakin xəstədə əlamətlərinin vizual olaraq müşahidə edildiyi, nəticədə diaqnozun dəqiqləşdirilməsi mümkün olmadığı hallarda beh əlavə olaraq Karonarangioqrafıya analizinin aparılması zəruridir. X11 Rayon Xəstəxanasından əldə edilmiş "Xəstəlik tarixi” və ona əlavə edilmiş sənədlərdən görünür ki, atası N. Vəliyev üzərində məsələyə aid olmayan və xəstəliyin qoyulması üçün kifayət etməyən müayinələr aparılsada, yuxarıda adıçəkilən zəruri müayinələrin heç biri aparılmamışdır. Dundan başqa Səhiyyə Naziliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq olunmuş "Xəstəlik tarixi ”-nin nümunəsinə əsasən Xəstə stasionar müalicəyə qəbul edildikdə ona xəstəlik tarixi açılmalı, xəstəlik tarixinə onun stasionar müalicə müddətində aparılan müayinə və müalicəsi barədə məlumatlar qeyd olunmaldır. X11 Rayon Xəstəxanasından əldə edilmiş müvafiq sənədlərdən görünür ki, sözügedən diaqnozu qoymuş həkim tərəfindən müvafiq sənədlərə yuxarıda adıçəkilən müayinələrin aparılması qeyd olunmamış, həmçinin diaqnozun təyin edilməsi zamanı yalnız vizual müşahidələrin nəticələri rəhbər tutulmuşdur. Bu isə belə ağır diaqnozun əsaslı olaraq atası Nəriman Vəliyevə qoyulmasına, o cümlədən həmin xəstəlikdən stasionar müalicə almasına əsaslı şübhələr yaradır. İstinad edilən hüquqi aktlar belə nəticəyə gəlməyə əsas verir ki, TƏBİB və onun tabeliyində olan İmişli MRX isə inzibati akt qəbul etmək səlahiyyətinə malik olan inzibati orqanlardır. Bundan başqa hesab edir ki, atası N.Vəliyev daxili işlər orqanı əməkdaşı olduğuna və məcburi dövlət sosial sığorta haqları ödədiyinə görə əgər o, həqiqətən də, stasionar müalicə almış olsaydı, ona mütləq şəkildə əmək qabliyyətini müvəqqəti itirdiyi üçün “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimata uyğun olaraq xəstəlik vərəqəsi verilməli idi. Xəstəlik vərəqələrinin verilməsi səlahiyyətinə yuxarıda göstərilən təlimata əsasən yalnız tibb müəssisələrinin həkimləri malik olduğundan bu sənəd hakimiyyət tədbiri olmaqla inzibati akt hesab edilməlidir. Tərəflərindən həmin inzibati aktın ləğv edilməsinə dair şikayət instansiyası orqanı qismində TƏBİB-ə müraciət edilmiş, lakin həmin orqan mövcud halı izah etməklə, mövqeyini əsaslandırmadan şikayətimizi təmin etməmişdir. Odur ki, qeyd olunanlara əsasən tələbləri pozulmaqla qəbul edilmiş sözügedən əlverişsiz inzibati aktın, yəni xəstəlik vərəqəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edirik. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmənin keçmiş iclasında İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, İddiaçı3 atası mərhum X2 adına açılan 651563 nömrəli xəstəlik vərəqəsi vardır, həmin vərəqəni açan həkim-terapevt X6 2020-ci ildən təqaüddədir, xəstəlik vərəqəsi ilə bağlı məlumat kitabçasına tərəfimizdən baxış keçirilsə də, arayışların tam olmadığı müəyyən edilmiş və bu barədə Tibbi Ərazi Bölmələrini X9 Hüquqi Şəxsinə bildirilmişdir. Həmçinin diaqnozu təsdiq edən müayinələrin olmadığı müəyyən olunmuş və nöqsanlarla bağlı Tibbi Ərazi Bölmələrini X9 Hüquqi Şəxsi tərəfindən iradlar bildirilmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə bağlı münasibət bildirməyərək veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin xəstəlik vərəqələri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin aktı mübahisələndirmişdir. Belə ki, xəstəlik vərəqəsinə əsasən ürəyin xroniki işemik xəstəliyinə aid olan ürəyin aterosklerotik xəstəliyi diaqnozu qoyulmuşdur ki, bunun nəticəsi olaraq sığorta müqaviləsi əsassız hesab edilmişdir. İddiaçılar iddia ərizəsində və məhkəmə iclasında bildirmişdir ki, xəstəlik vərəqələri onlara rəsmi qaydada təqdim edilməmişdir. Bu barədə məlumatı yalnız sığorta müqaviləsinə əsasən ödənişdən imtina olunduğu zaman məlumatları olmuş, dərhal xx.xx.2022-ci il tarixdə İmişli rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər və daha sonra xəstəlik vərəqələrini əldə edərək Şirvan İnzibati Məhkəməsində hazırki iddianı qaldırmışlar. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (vərəqəni) xx.xx.2018-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 651583 nömrəli xəstəlik vərəqəsi qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur: İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyi Tibbi Ərazi X1 məktubundan görünür ki, N.M.Vəliyevə xx.xx.2018xx.xx.2018-ci tarixlərdə İmişli Mərkəzi rayon Xəstəxanasında stasionar müalicə başlaması ilə əlaqədar 651583 nömrəli xəstəlik vərəqəsi açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsində görünür ki, İddiaçı3 X2 qanun üzrə vərəsəsidir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 21 iyun 2022-ci il tarixli, PHŞ/622022-3410 nömrəli məktubuna əsasən X2 xx.xx.2021-ci il tarixdə “kəskin respirator çatmamazlığı, digər virus mənşəli pnevmoniyalar, COVİD-19 “ səbəbi ilə vəfat etdiyi müəyyən edilmişdir. İş materiallarında olan DİN Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliknikanın xx.xx.2022-ci il tarixli, 239-173-1222 nömrəli məktubuna əsasən X2 xx.xx.2016-cı il tarixdən DİN-in 1 saylı poliknikaslnda tibbi qeydiyyatda olduğu, xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixlərdə poliknikada “Sağ tərəfli qasıq yırtığı” diaqnozu ilə tibbi müayinədə olduğu və başqa xəstəliklərlə bağlı poliknikaya müraciət etmədiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Sığorta Şirkətinin xx.xx.2022-ci il tarixli, O-H-2021- 0072 nömrəli məktubundan görünür ki, N.M.Vəliyevə xx.xx.2018-xx.xx.2018-ci tarixlərdə İmişli Mərkəzi rayon Xəstəxanasında stasionar müalicə başlaması ilə əlaqədar xəstəlik vərəqəsinə əsasən ürəyin xroniki işemik xəstəliyinə aid olan ürəyin aterosklerotik xəstəliyi diaqnozu qoyulduğundan MAP-197870 saylı sığorta müqaviləsinin etibarsız olduğu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən respublikanın əksər tibb müəssisələri, o cümlədən İmişli Rayon Mərkəzi Xəstəxanası daxil olmaqla 2020-ci il 01 yanvar tarixindən etibarən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, PHŞ/6-2-2022-8156 nömrəli məktubundan görünür ki, İmişli rayon sakini xx.xx.1968-ci il təvəllüdlü X2 adına açılmış xx.xx.2018-ci il tarixli xəstəlik tarixində (epikrizdə) İmişli RMX-nın terapiya şöbəsinin müdiri işləyən sabiq həkim-terapevt X6 tərəfindən "Ü.İ.X Sabit gərginlik stenokardiyası ll-ci.f.s., Ateroskelerotik kardioskleroz, hipertoniya xəstəliyi ll-ci mərhələ" diaqnozu qoyulmuşdur. Xəstəlik tarixində qeyd olunan diaqnozu təsdiq edən müayinələrin olmaması müəyyən olundu. Əlavə olaraq bildirmişlər ki, aşkarlanan nöqsanlar barədə inzibati qaydada müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. İşin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən aktın mübahisə edilməsi əsası qismində iddiaçılar X2 qeyd edilən xəstəliyinin olmadığını, verilən verəqələrin heç bir hüquqi əsasının olmadığını qeyd edir. Cavabdeh isə həmin vərəqələri verən həkimin hal-hazırda işləmədiyini, xəstəlik tarixində qeyd olunan diaqnozu təsdiq edən müayinələrin olmadığını, yalnız vərəqədə diaqnozun qeyd edildiyinə istinad edir. Məhkəmənin qənaətinə görə X3 qeyd edilən ürəyin aterosklerotik xəstəliyinin olubolmaması diaqnozlar nəticəsində müəyyən edilməlidir ki, sabiq həkim-terapevt X6 tərəfindən həmin diaqnoz qoyularkən nöqsanlara yol verilmiş, diaqnozu təsdiq edən əsaslı müayinələr aparılmamışdır. Göründüyü kimi, hal-hazırda inzibati aktın qanuniliyinin aydınlaşdırılması zərurəti vardır ki, məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlar nəzərə alınmalıdır: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun: - 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. - 12-ci maddəsinə əsasən Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial xidmət müəssisələrində göstərilir. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. - 55-ci maddəsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: - 1-ci bölməsinə əsasən Sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Müalicə həkimi olmayan yerlərdə, habelə üzən gəmilərdə feldşerə, tibb məntəqəsinin müdirinə xəstəlik vərəqələri vermək hüququ verilə bilər və bu xəstəlik vərəqələrinə aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən nəzarət olunmalıdır. - 2-ci bölməsinə əsasən Xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş şəxslərin hamısına xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra xəstəlik vərəqəsini artırmağa icazə verilə bilər. Xəstəlik uzun çəkdikdə bu müayinələr azı hər 10 gündən bir keçirilməlidir. - 6-cı bölməsinə əsasən Xəstəlik vərəqələri müəssisələrin nəzdində olan, yaxud müəssisələrin təhkim olduğu tibb müəssisələri, həmçinin işçinin yaşayış yerindəki tibb müəssisələri tərəfindən verilir. - 8-ci bəndinə əsasən Xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsi və ya səhv doldurulması üçün həkimlər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Sığorta haqqı ödəyən şəxslərə xəstəlik vərəqələrinin və arayışların verilməsi, sənədləşdirilməsinə dair həkimlərin düzgün olmayan hərəkətləri barədə şikayətlər baş həkim və ya həmin tibb müəssisəsindəki həkim-məsləhət komissiyası (əgər bu cür komissiya olarsa) tərəfindən həll edilir. Əgər sığorta haqqı ödəyən xəstə tibb müəssisəsi tərəfindən şikayətinin həlli ilə razı deyilsə, aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həmin şikayətə baxıb, onun səbəbini aradan qaldırmaq üçün ölçü götürürlər. Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 100 nömrəli əmri ilə təsdiq olunmuş Xəstəlik tarixi”nin: - Nümunəyə əsasən şəxsin stasionar nümunəyə qəbul edilməsi üçün onun şəxsiyyət vəsiqəsi, stasionar müalicəni zəruri edən tibbi müayinə sənədləri və həkim təyinatı tələb olunur. Xəstə stasionar müalicəyə qəbul edildikdə ona xəstəlik tarixi açılmalı və aparılan müayinə və müalicələr barədə məlumatlar qeyd edilməlidir. Halbuki, cavabdehin X5 barəsində mövqeyi yuxarıda adıçəkilən qanunvericiliyin kriteriyalarına uyğun olmamış, diaqnoz ehtimallara əsaslanaraq qiymətləndirilmişdir. Bu zaman, qeyd edilən xəstəlik iddiaçıların vəziyyətini onların ziyanına dəyişmişdir. Belə ki, X5 barəsində müayinələr aparılmadan yalnız vizual müşahidələrlə xəstəlik vərəqəsinin tərtib edilməsi həyata keçirilmişdir ki, məhkəmə hər nə qədər iddia tələbində ayrıca göstərilməsə belə, aktın ləğvi ilə bağlı iddia tələbinin mahiyyətinə, eləcə də işin digər faktiki hallarına da nəzər yetirdikdə müəyyən edir ki, hazırkı qərarın qəbulu şəxsin həmin xəstəlikdən əziyyət çəkib-çəkməməsi ilə birbaşa bağlıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisələndirən xəstəlik vərəqəsinin verilməsi üçün mühüm əhəmiyyət daşıyan hal X3 həmin xəstəliyin olub-olmamasının yoxlanılması da məhkəmə baxışının predmetini təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda adıçəkilən qanunvericiliyə əsasən xəstə barəsində xəstəlik vərəqəsini 6 gündən çox artırmağa xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra yol verilir. Xəstəlik uzun çəkdikdə bu müayinələr azı hər 10 gündən bir keçirilməlidir. Lakin iş materiallarında olan mübahisələndirilən xəstəlik vərəqəsinin xx.xx.2018-xx.xx.2018-ci il tarixləri əhatə etdiyi (10 gündən artıq), xəstəlik dövründə diaqnoz qoyulması üçün vacib olan müayinələrin keçirilmədiyi və xəstəlik vərəqəsinin tərtibi zamanı ciddi nöqsanlara yol verildiyi müəyyən edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən polis əməkdaşları və onların ailə üzvləri dövlət tibb xidməti ilə təmin edilir. Polis orqanlarında çalışan şəxsin sağlamlığının yoxlanılması hərbi-həkim ekspertizası əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış xüsusi-həkim komissiyası tərəfindən həyata keçirilir. Nəzərə alınmalıdır ki, DİN Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliknikanın xx.xx.2022-ci il tarixli, 239-173-1222 nömrəli məktubuna əsasən X2 xx.xx.2016-cı il tarixdən DİN-in 1 saylı poliknikaslnda tibbi qeydiyyatda olduğu, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə poliknikada “Sağ tərəfli qasıq yırtığı” diaqnozu ilə tibbi müayinədə olduğu və başqa xəstəliklərlə bağlı poliknikaya müraciət etmədiyi müəyyən edilmişdir. Belə ki, X5 polis əməkdaşı olmuş, DİN Tibb İdarəsinə bilavasitə tabe olan poliknikada qeydiyyatda olduğu 2016-cı il tarixdən vəfat edən günə kimi diaqnoz qoyulan xəstəliklə bağlı qeydiyyatda olduğu poliknikaya müraciəti olmamışdır. Həmçinin, diaqnoz qoyulan ürəyin aterosklerotik xəstəliyi Ürəyin işemik xəstəliyinin ən çox təsadüf edən səbəblərindən biridir. Ciddi ağrılara səbəb olan əlamətləri vardır. Ümumiyyətlə götürüldükdə isə həmin xəstəlikdən əziyyət çəkən şəxslər davamlı olaraq həkim kardioloqun müayinəsindən keçməli, şəxs barəsində mütləq şəkildə lipid spektr, koaquloqramma, CRP, EXO KQ müayinələrinin, karonarangioqrafiya analizinin aparılması zəruridir. Məhkəmə hesab edir ki, iş materiallarına baxış zamanı həkim-terapevt tərəfindən qeyd edilən müayinələrdən keçmədən yalnız vizual müşahidə nəticəsində həmin diaqnozun qoyulması iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi, məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, şəxs barəsində xəstəlik vərəqəsinin tərtib edilməsi şəxsdə qeyd edilən xəstəliyin olmasını təsdiq etmir. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktın, xəstəlik vərəqəsinin müayinələr olunmadan qeyd edilən diaqnoz kimi verilməsi qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, göründüyü kimi cavabdeh orqan xəstəlik vərəqəsi tərtib edən zaman həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, mayinələrin mövcud olub-olmamasını nəzərə almamışdır. Belə olan halda müayinələr ilə sübut edilməyən bir əsas üzrə şəxsə həmin diaqnozun qoyulması və şəxsdə həmin xəstəliyin olduğu hesab edilməsiilə bağlı cavabdehin hərəkətləri əsaslı hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (xəstəlik vərəqəsi) qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçılara sığorta ödənişinin verilməsindən imtina edilməsi əsası yaradır. Halbuki, müayinələr olmadan qeyd edilən xəstəliyin şəxsə diaqnozu qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xəstəlik vərəqəsi tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən aktın ləğvi üçün əsas hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçının X5 ilə bağlı cavabdehin mövqeyi ehtimallara əsaslanmış, sübut edilməmiş, qoyulan diaqnoz ilə bağlı hərəkətləri qanunsuz olmuşdur ki, həmin işin faktiki halları qərarın əsassız qəbul edilməsini birbaşa təsdiq edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, qanunvericiliyin tələbləri qozulmaqla qəbul edilmiş sözügedən əlverişsiz inzibati aktın, yəni xx.xx.2018-ci il tarixli xəstəlik vərəqəsinin ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh İmişli rayon Mərkəzi Xəstəxanasına qarşı qanunvericiliyin tələbləri qozulmaqla qəbul edilmiş sözügedən əlverişsiz inzibati akt, yəni xx.xx.2018-ci il tarixli xəstəlik vərəqəsi ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1855/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1855/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver