Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-187/2025 27.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin nümayəndəsi Qanuni nümayəndə, Üçüncü şəxs X5 və onun vəkili X4 iştirakı ilə, İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(120)-1567/2023 nömrəli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1567/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7627 nömrəli ekspert rəyi verilərək, qeyd olunan inzibati iş Şirvan İnzibati Məhkəməsinə qayrarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin nümayəndəsi Qanuni nümayəndə hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 hazırkı iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs nümayəndəsi-vəkili X6 hazırkı iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin iddiası mümkün sayılmamalıdır. İddiaçının hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarının etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan JN-353, kod 91003018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə 2.54 ha torpaq sahəsi X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7627 nömrəli ekspert rəyinin və Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 13 saylı saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38-2-2334/2024 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki:
1. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
2. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsinin ayrılarkən hansı baza məlumatlarına istinad olunması tərəfimizdən araşdırılması mümkün deyil. Halhazırda baza məlumatlarında xüsusi mülkiyyətdə olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin torpaq sahəsi kimi qeyd olunmuşdur.
3. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil.
4. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir.
5. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsinin koordinatları digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.
6. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsinin koordinatları daxilində SOCAR-a məxsus ləğv olunmuş neft quyusu mövcuddur və rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş fakitiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus torpaq sahəsinin kordinatları iddiaçıya məxsus torpaq sahəsinin bütövlükdə üzərinə qeydiyyata alınsın. Lakin, iş materiallarında olan sənədlərdən (mütəxəssis və ekspert rəyindən) müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən qərarla üçüncü şəxsə verilmiş torpaq sahəsinin SOCAR-a məxsus ləğv olunmuş neft quyusu mövcud olması torpaq sahəsinin bütövlükdə (2.54 ha) iddiaçı ilə heç bir bağlılığı yoxdur. Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilən zaman neft quyusunun işlək olmaması, ümumiyyətlə neft quyusu ləğv edildikdən sonra həmin ərazidən hər hansı neft məhsulunun hasil olunması müəyyən edilməmişdir. Məhkəmə müəyyən edir ki, hazır ki, iş üzrə üçüncü şəxs X7 iddiaçı SOCARın “Azneft” İstehsalat Birliyinə qarşı konpensasiyanın ödənilməsi tələbinə dair iddiası ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət etmiş, bundan sonra iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyini hazırki tələblə inzibati qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisəli əraziyə baxış keçirən zaman neft quyusunun 1991-ci il tarixdən işlək vəziyyətdə olması, həmin buruğdan hər hansı məişət tullantılarının ətrafa axıdılması və Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı qəbul edildiyi vaxtdan hazır ki, vaxta kimi, iddiaçı və üçüncü şəxs tərəfindən həmin ərazidə hər hansı təsərüfat işlərinin aparılması müəyyən edilməmişdir. Yəni torpaq ayrıldığı vaxtdan hazır ki, vaxta kimi quyunun işlək vəziyyətdə olmaması, üçüncü şəxs tərəfindən isə torpaq sahəsi ona verildiyi vaxtdan hər hansı kənd təsərüfatı məhsullarının becərilməsi müəyyən edilməmişdir. Üçüncü şəxsə Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə torpaq sahəsi ayrılarkən ləğv olunmuş quyu həmin ərazidə mövcud olmuş, üçüncü şəxs həmin torpaq sahəsini qəbul edərkən quyu istismara yarasız olmuş, hazırdada əvvəl olduğu ki istismara yarasız olduğu iddiaçı isə təlimata uyğun olaraq təhsükəsizlik baxından müəyyən edilmiş vaxtlarda ləğv olmuş quyunun istismara yararlı olub-olmasını müəyyən etmək üçün həmin quyuya baxış keçirmişdir. Məhkəmə araşdırması zamanı, iddiaçının və üçüncü şəxsin hüquqi marağına toxunulacaq hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçının maraqlarına zidd qərar qəbul edən müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuş və Hacıqabul rayon İcra Hakimiyyəti Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi razılaşmadığı Astara rayon Aqrar İslahat Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda hazırda islahat işləri sona çatmış və iddiaçının qərarından narazı qaldığı müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuşdur. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə həmçinin qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları baxımından, həm xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)- 1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1(102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Məhkəmə xüsusi olaraq qeyd edir ki, ümumiyyətlə cavabdehin daha doğrusu Astara rayon Aqrar İslahat Komissiyasının mübahisələndirilən inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsi olmamışdır. Belə ki, həmin qərar iddiaçıya yönələn yəni iddiaçı üçün hər hansı hüquq və vəzifə yaradan inzibati akt olmamışdır. Odur ki, iddiaçının həmin qərardan sonradan xəbər tutmasını rəhbər tutaraq, qərardan şikayət vermə müddətini ötürmədiyini iddia etməsi və yaxud 24 (iyirmi dörd) ildən artıq müddətdən sonra mübahisələndirməsi əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 2-1(120)- 3914/2024 nömrəli hüquqi yardım məktubu göndərilsə də, o, hüquqi yardım məktubuna münasibət bildirməmiş və məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, iddia müddətinin ötürülməməsinə, subyektiv hüququnun olmasına, iddiaçının mübahisələndirdiyi qərarla üçüncü şəxsə ayrılmış torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahələrinin üst-üstə düşməsinə dair sübutlarının, Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların olmasının zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997ci il tarixli, 20 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyərləri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyindən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarının etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şahəli Musayev