Məhkəmə qərarları › İş №2-1(120)-1873/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1873/2025

04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1873/2025 04.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiya verilməsinin həvalə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “iddiaçıya 2022-2023-cü ilin əkin mövsümü üçün ödənilməli olan 6401 (altı min dörd yüz bir) manat subsidiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiya verilməsinin həvalə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək iddia tələbinə “iddiaçıya 2022-2023-cü ilin əkin mövsümü üçün ödənilməli olan 6401 (altı min dörd yüz bir) manat subsidiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1873/2025 nömrəli qərardadı ilə iddia tələbinə “iddiaçıya 2022-2023-cü ilin əkin mövsümü üçün ödənilməli olan 6401 (altı min dörd yüz bir) manat subsidiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kənd təsərrüfatı sahəsində əkinçilikə məşğuldur. Uzun illərdir ki, pambıqçılıqla məşğul olur. 2023-cü ildə 5,46 hektar sahədə pambıq əkmişdi. Həmin sahədə pambıq əkilməsi ilə əlaqədar 12 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin Salyan Pİ və TM" filialı ilə 2023-cü il mövsümü üzrə xam-pambığın alqısatqısına dair 229 nömrəli müqavilə bağlanmışdır. Həmin sahədən 33 ton 690 kq. xam pambıq yığaraq məntəqəyə təhvil vermişdir. Tələb olunan sənədləri də müvafiq qaydada göndərmişdir. Qanunun tələbi baxımından iddiaçıya 6401 manat Agentlik tərəfindən subsidiya verilməlidir. Bu məqsədlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinə müraciət etmişdir. Həmin təşkilat tərəfindən 4 sentyabr 2024-cü il tarixli, 3-22-2/2-M-536-16-650/20214 saylı məktub göndərilərək subsidiyanın verilməsindən imtina edilmişdir. Həmin məktubu xx.xx.2024-cü il tarixdə almış və xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində hazırkı iddianı qaldırmağa səlahiyyətli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması" Qaydasının 1.2.10-cu bəndinə əsasən məhsul subsidiyasıtədarükçilərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiyadır. Həmin Qaydanırı 2.8-ci bəndinə əsasən DAİM subsidiyalarin verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1.bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir; 2.8.3.subsidiyanın verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4.subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən məhsul subsidiyası aşağıdakı qaydada hesablanır: məhsul əmsalı-bəzi bitkilər üzrə məhsuldarlığın təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici. Həmin Qaydanın 3.9-cu bəndinə əsasən fermerdən əlavə sənədlər yalnız "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada tələb edilə bilər. Həmin Qaydanın 3.14-cü bəndinə əsasən məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydaların 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyənnaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfakturaları və ya malların alış aktlarını), tədrükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatlatrı SİS-ə daxil etməlidirlər. Beləliklə, qeyd edilmiş normaların tələbi baxımından 6401 manat subsidiyanın mənə ödənilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı (bundan sonra iddiaçı) Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, subsidiya verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. Etiraz edərək bildirirlər ki, iddiaçının iddiası əsassız və qanunsuz olduğu üçün təmin edilə bilməz. İş materiallarından göründüyü kimi, iddiaçı ərizəsində qeyd etmişdir ki, pambıq əkdiyi 5,46 hektar torpaq sahəsində 12 fevral 2023-cü ildə "xxxx" MMC-nin Salyan Pi və TM filialı ilə 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 229 nömrəli müqavilə bağlamışdır. Hazırda həmin torpaq sahəsindən məntəqəyə təhvil verdiyi kondisiya çəkisi 33,690 kq olan pambıq məhsuluna görə 2022-2023-cü əkin ilinə görə ona məhsul subsidiyası ödənilməlidir. Bildirirlər ki, 2020ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na (bundan sonra Qayda) uyğun olaraq "X2" informasiya sisterni (bundan sonra EKTİS) üzərindən həyata keçirilir. Qaydanın tələblərinə əsasən, məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il "30" dekabr tarixli "05 Q" nömrəli Qərarı ilə təsdiq edilmiş "Məhsul subsidiyasının verilməsi" xidmətinə dair Reqlamentin 16-cı hissəsinə görə fermer Qaydanın tələblərini pozduqda, habelə subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır. Qeyd edirlər ki, iddiaçının 2022-2023-cü əkin ili üzrə məhsul subsidiyasına müraciəti ilə əlaqədar pambıq əkini barədə məlumatlar EKTİS-ə daxil edilməmişdir. İddiaçı sənədlərin vaxtında sistemə əlavə edilməsində lazımi məsuliyyət göstərməmiş, eyni zamanda subsidiya verilməsinin mexanizmini tənzimləyən qanunvericilik normalarının tələblərini pozmuş və bu səbəbdən, qanunvericiliyin tələbləri nəzərə alınaraq ona həmin məhsula görə subsidiya ödənilməmiş və ödənilməməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı Adığözəl oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən: 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X2” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.3. X5 (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra-DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-Agentlik) həyata keçirir. 15. İddiaçı qeyd edilən Qaydaların məqsədləri üçün SİS-də qeydiyyata alınan hüquqi şəxs kimi fermer hesab olunur. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1956-cı ildə Neftçala rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Neftçala Rayonu İcra Hakimiyyəti Başçısının Xol Qarabucaq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 425 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, Məlikov X1 rayon Xol Qarabucaq kənd İƏD üzrə nümayəndəliyinin Dördlər kəndində yaşayır. 2023-cü il mövsümü üzrə Xam-Pambığın alqı-satqısına dair 229 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin surətinən müəyyən olunur ki, Alıcı “X3 Kompleksi” MMC ilə Fermer İddiaçı Adığözəl oğlu arasında Fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 5,46 ha torpaq sahəsində pambıq əkib yalnız Alıcıya satmağı, Alıcı isə Fermerin İstehsal etdiyi xam pambığı (çiyiddən ayrılmamış lifli kütlə) qəbul etməyi və onun dəyərini bu Müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə Fermerə ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 04 sentyabr 2024-cü il tarixli, 3-22-2/2-M-536-16-650/2024 nömrəli məktubunun surətindən müəyyən olunur ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X2 İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Qaydaların tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Dekabırın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2ci rübündə aparılır.2022-2023-cü əkin ili üzrə məhsul subsidiyasına müraciətlə əlaqədar pambıq əkini barədə məlumatları EKTİS-ə daxil edilmədiyi üçün təhvil verilən pambıq məhsuluna görə məhsul subsidiyasının ödənilməsi mümkün olmamışdır. “X3 Kompleksi” MMC-nin X4 və Tədarükü Məntəqəsi filialının 13-5-1-11/2002/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, 2022-2023-cü il mövsüm ilində Neftçala rayon Dördlər kəni sakini İddiaçı Adığözəl oğlunun "xxxx" MMCnin X4 və Tədarükü Məntəqəsinə təhvil verdiyi xam pambığın Pambıq qəbulu qəbzlərini və məlumatlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 22 aprel 2025-ci il tarixli, 3-22-2/2-669/2025 nömrəli məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tələblərinə əsasən məhsulun subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. 2021-2022-ci əkin ili üzrə İddiaçı EKTİS-ə daxil edilmiş 8 ədəd pambıq qəbulu qəbzinə və 4 hektar pambıq əkini barədə bəyanına əsasən istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi ümumi 20242,77 kq (kondisiya çəkisində) pambığa görə hesablanmış 3441,27 (üç min dörd yüz qırx bir manat iyirmi yeddi qəpik) manat məhsul subsidiyası onun kart hesabına ödənilmişdir. (pambıq qəbulu qəbzlərinin surətləri əlavə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 71-ci maddəsinin 7-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8- ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən "Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti (maddə 1.2.1), fermer - kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxsdir (maddə 1.2.6). Həmin Qaydaların 1.2.9-ci bəndinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən təqvim ili ərzində fermerə ayrılan, lakin istifadə edilməyən əkin subsidiyası eyni il ərzində aparılan sonrakı əkinlər üçün istifadə edilə bilər. Həmin Qaydaların 3.12-ci maddəsinə əsasən əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. Həmin Qaydaların 3.15-ci maddəsinə əsasən fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir. Həmin Qaydaların 3.16-cı maddəsinə əsasən bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. Həmin Qanunun 5.1-ci maddəsinə görə subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır. Həmin Qanunun 5.1.1-ci maddəsinə görə çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; Həmin Qanunun 5.1.2-ci maddəsinə görə yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; Həmin Qanunun 5.1.3-cü maddəsinə görə yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. Həmin Qanunun 5.2-ci maddəsinə görə bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir: 5.2.1. fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir; 5.2.2. fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır; 5.2.3. fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir; 5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir. 5.6. Agentlik subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin edir. 5.7. Agentlik subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini, o cümlədən növbəti il üçün kvota və bitkilər üzrə əmsalları Nazirliyə və Şuraya təqdim edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı təqdim etdiyi sənədlər əsasında iddiaçıya ödənilməli olan 2022-2023-ci ilin əkin mövsümü üçün 6401 manat subsidiya məbləğlərinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı 5,46 hektar sahədə pambıq əkməsi, həmin sahədə pambıq əkilməsi ilə əlaqədar 12 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin Salyan Pİ və TM" filialı ilə 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 229 nömrəli müqavilə bağlaması və göstərilən sahədən 33 ton 690 kq. xam pambıq yığaraq məntəqəyə təhvil verməsi iş materialları ilə sübuta yetirilmiş və cavabdeh tərəfindən həmin hallar mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən “iddiaçının 2022-2023-cü əkin ili üzrə məhsul subsidiyasına müraciəti ilə əlaqədar pambıq əkini barədə məlumatlar EKTİS-ə daxil edilməmiş, iddiaçı sənədlərin vaxtında sistemə əlavə edilməsində lazımi məsuliyyət göstərməmiş, eyni zamanda subsidiya verilməsinin mexanizmini tənzimləyən qanunvericilik normalarının tələblərini pozmuş və bu səbəbdən, qanunvericiliyin tələbləri nəzərə alınaraq ona həmin məhsula görə subsidiya ödənilməməsi” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “X3 Kompleksi” MMC-nin X4 və Tədarükü Məntəqəsi 2022-2023cü il mövsüm ilində Neftçala rayon Dördlər kəni sakini İddiaçı Adığözəl oğlunun "xxxx" MMC-nin X4 və Tədarükü Məntəqəsinə təhvil verdiyi xam pambığın Pambıq qəbulu qəbzlərini və məlumatları EKTİS-ə daxil edilməsi ilə cavabdeh inzibati orqana təqdim edilməsi tədarakçünün öhdəliklərinə daxil edilmişdir. Məhkəmə müəyyən edir ki, 2021-2022-ci əkin ili üzrə İddiaçı EKTİS-ə daxil edilmiş 8 ədəd pambıq qəbulu qəbzinə və 4 hektar pambıq əkini barədə bəyanına əsasən istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi ümumi 20242,77 kq (kondisiya çəkisində) pambığa görə hesablanmış 3441,27 (üç min dörd yüz qırx bir manat iyirmi yeddi qəpik) manat məhsul subsidiyası iddiaçının kart hesabına ödənilmişdir. Məhkəmə prosesində iddiaçı bildirmişdir ki, əvvəlki illərdə olduğu kimi o, əkinlə bağlı sənədlərini müqavilə bağladığı tədarükçü "xxxx" MMC-yə təqdim etmişdir. Lakin "xxxx" MMC-nin məhsul şəxsləri onun əkin sahəsi ilə bağlı sənədlərini EKTİS-ə daxil etməməsi onun hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. İddiaçı fermer 5,46 hektar sahədə pambıq əkmiş, həmin sahədə pambıq əkilməsi ilə əlaqədar 12 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin Salyan Pİ və TM" filialı ilə 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 229 nömrəli müqavilə bağlamış və göstərilən sahədən 33 ton 690 kq. xam pambıq yığaraq məntəqəyə təhvil verdiyi halda tədarükçü tərəfindən sənədlərin EKTİS-ə daxil edilməməsi səbəb ilə qanunla müəyyən edilmiş ona verilməli olan subsidiyi məbləğindən məhrum edilməməlidr. Cavabdeh orqanın imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli iddiaçıya 2022-2023-cü ilin əkin mövsümü üçün ödənilməli olan 6401 (altı min dörd yüz bir) manat subsidiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçıya 2022-2023-cü ilin əkin mövsümü üçün ödənilməli olan 6401 (altı min dörd yüz bir) manat subsidiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar