Məhkəmə qərarları › İş №2-1(120)-1874/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1874/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1874/2024 22.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçının qanuni nümayəndəsinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “vahid aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti və digər müavinətlərin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(112)-13087/2023 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan, iddiaçının qanuni nümayəndəsinin vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “vahid aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1980-cı ildə Füzuli rayonu Dədəli kəndində anadan olmuş, həmin rayon işğal edildikdən sonra Bakı şəhərində məskunlaşmışdır. Aidiyyəti dövlət orqanı tərəfindən ona məcburi köçkün statusu verilmişdir. Eyni zamanda rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan uşaqları olmuşdur. Müraciət müəllifi qeyd etmişdir ki, o, və digər ailə üzvləri qanunla müəyyən edimiş və məcbri köçkünlər üçün nəzərdə tutulmuş təminatlardan istifadə etsə də, xx.xx.2012-ci il təvəllüdlü qızı İddiaçı bu cür təminatdan məhrum olmuşdur Belə ki, onun üç uşağı var, xx.xx.2005-ci il təvəllüdlü Yusif Məmmədov və xx.xx.2007-ci il təvəllüdlü Yamil Məmmədov yemək xərci müavinəti asla da, hər hansı əsas göstərilmədən Aylin Məmmdova həmin təminatdan kənarda qalmışdır. Bu onun qanunla qorunan sosial təminant hüququnun pozulmasına gətirib çıxarmışdır. Bu əsasla iddiaçı Qanuni nümayəndə cavabdeh inzibati orqana müraciət edərək İddiaçı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti və digər müavinətlərin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ancaq cavabdeh inzibati orqan həmin əsaslı və qanuni müraciəti təmin etmək əvəzinə baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon icra Hakimiyyətinə göndərmişdir. Füzuli RlH-nin 24 iyul 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, siz məcburi köçkün kimi vahid aylıq müavinət alırsınız. Laki sizin arvadınızın məcburi köçkün statusu olmadığı üçün birgə nikahınızdan xx.xx.2012-ci il tarixdə doğulan qızınız İddiaçı Təlimatın 2.6-cı bəndinə əsasən vahid aylıq müavinət almır. Müraciət hazırki iş üzrə cavabdeh inzibati orqana ünvalansa da imtina məktubu (cavabdehin göstərişi əsasında) RİH tərəfindən verilmişdir. Nəzərə alsaq ki, müavinətin təyin edilməsi üzrə məsul orqan məhz cavabdeh inzibati orqan olduğundan və həmin orqan tərəfindən ərizənin icrasında birbaşa imtina edilmədiyindən, cavabdehin hərəkətləri İnzibati icraat haqqında qanunun tələblərinə uyğun hesab edilə bilməz. Konkret olaraq isə həmin müraciətin icrasından imtina edilməsi, yəni Aylin Məməmədovanın aylıq yemək xərci alan şəxslərin siyahısına əlavə edilməməsi də qanunsuz olmaqla, ona münasibətdə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında AR Qanunun 4 və 5-ci maddələrində məcburi köçkünlər üçün sosial təminatın növləri təsbit edilmişdir. İddiaçı yemək xərci müavinətinin təyin edilməsindən imtina edilərkən Təlimatın 2.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Əvvəla, imtina məktubunda istinad olunan Təlimatın 2-ci bəndi tamamilə başqa məsələləri tənzimləyir. Bu məsələ isə Təlimatın 4-cü bəndi ilə tənzimlənir. Həmin təlimatın yemək xərci üçün aylıq müavinətin verilməli olduğu şəxslərin siyahısında valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara (bənd 4.3) müəddəası mövcuddur ki, hətta təlimatın göstərişləri nəzərə alınsa belə, aylıq müavinətin verilməsindən imtina olunması qanunsuz olmuşdur. Başqa sözlə, ataları məcburi köçkün olan uşağın “aylıq müavinəti” almaq hüququ olsa da, bu əsassız olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur...Sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Beləliklə, iddiaçının digər iki uşağı aylıq müavinət aldığı halda, İddiaçı münasibətdə həmin hüquqdan istifadənin məhdudlaşdırılmasının hər hansı qanuni əsası olmadığından, bu onun sosial təminat hüququnu pozmaqla dövlət tərəfindən təmin edilən güzəştdən əsassız olaraq məhrum olmasına gətirib çıxarmışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı vahid aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. Cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2012-ci il təvəllüdlü İddiaçı (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarın) mövcud Təlimatın 2.6cı (valdeyinlərindən biri “məcburi köçkün” statusuna malik olmuyan uşaqlara) bəndinə əsasən vahid aylıq müavinət almır. Əlavə olaraq məlumat üçün bildiririk ki, rayon sakinlərinə vahid aylıq müavinətin verilməsi və yaxudda bərpa olunması prosesində Rayon İcra Hakimiyyəti və inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən vətəndaşların bütün hüquqi sənədlərini hazırlayıb Azərbaycan Respublikası Qaçınların və X2 üzrə Dövlət Komitəsinin müvafiq Komissiyasına göndərilir. Müvafiq Komissiyada vətəndaşa vahid aylıq müavinətin verilib-verilməməsi barədə qərar qəbul edilir. İddiaçı vahid aylıq müavinətin ödənilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə Şirvan İnzibati Məhkəməsinin icraatında olan işin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsinin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1980-cı il tarixdə Füzuli rayonunun Dədəli kəndində doğulmuşdur və yaşayış yeri üzrə Füzuli rayonu, Dədəli kəndində qeydiyyatdadır. İşdə olan AA seriyalı 310456 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə Füzuli rayonunu 1993-cü ildə tərk etmişdir, Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və yaşayış yeri üzrə Füzuli rayonu, Dədəli kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 6 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli, 2246 nömrəli arayışından görünür ki, Qanuni nümayəndə həqiqətən Levanovski küçəsi 4 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Füzuli rayonu məcburi köçkün kimi müvəqqəti qeydə alınıb. İşdə olan Cavabdeh başçısının aparatının xx.xx.2023-cü il tarixli, 5-43/2-2128/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Qanuni nümayəndə qızı İddiaçı vahid aylıq müavinətin .erilməsi üçün Azərbaycan Respublikası Qaçıqnların və X2 üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciəti baxılması üçün Rayon İcra Hakimiyyətinə də göndərilmişdir. R. Məmmədovun müraciəti araşdırılmışdır. Müəyyən edilmişdir ki, R X5 ilə xx.xx.2005-ci ildə nikaha girmişdir. X3 xx.xx.1977- cı ildə Saatlı rayonunda anadan olmuşdur. O, 1993-cü ildən sonra nikaha girdiyi və məcburi «öçkün statusu olmadığına görə həmin nikahdan doğulan xx.xx.2012-ci il təvəllüdlü İddiaçı vahid aylıq müavinətinin verilməsi üçün onun adının adlı siyahıya salınması mövcud təlimatın 2.6.-cı (valideynlərdən biri “məcburi köçkün statusuna malik olmayan uşaqlara) bəndinə əsasən mümkün olmamışdır. İşdə olan Cavabdeh başçısının Dədəli kənd inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-43/2-236-2023 nömrəli arayışının surətindən görünür ki, Qanuni nümayəndə məcburi köçkün kimi vahid aylıq müavinət alır. Lakin Qanuni nümayəndə arvadının məcburi köçkün statusu olmadığı üçün birgə nigahdan xx.xx.2012-ci il tarixdə doğulan qızı İddiaçı Təlimatın 2.6-cı bəndinə əsasən vahid aylıq müavinət almır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-860/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkündür. Qanuni nümayəndə Bakı şəhəri, Xətai rayonunda müvəqqəti qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki məskunlaşıb yaşayırlar. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2-290/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü Qanuni nümayəndə (AZE ********), Qanuni nümayəndə övladları, 2005-ci il təvəllüdlü Yusif Məmmədov və 2007-ci il təvəllüdlü X8 kənd daimi pasport qeydiyyatındadırlar və məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinəti alırlar. xx.xx.2012-ci il təvəllüdlü İddiaçı (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarın) mövcud Təlimatın 2.6-cı (valdeyinlərindən biri “məcburi köçkün” statusuna malik olmuyan uşaqlara) bəndinə əsasən vahid aylıq müavinət almır. İşdə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-8-10/2- 1204/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş 2024-cü il 31 may tarixli 3-36/2-187/2024 nömrəli məktubunda Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşelli kəndlərindən, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar, Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Aşağı Yağlıvənd, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dilağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndlərindən olan məcburi köçkünlər artıq 1994-cü ildə və ondan sonrakı illərdə yaşadıqları yerlərə qayıtdıqlarına, eləcə də kənd sakinlərinin faktiki olaraq orada yaşadıqları və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş vermədiyinə görə, 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən onların məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı bildirilir. Adları çəkilən yaşayış məntəqələrindən olan şəxslərin məcburi köçkün statusunun və sosial müdafiə tədbirlərinin verilməsi predmetli iddialarına baxılarkən qanunvericiliyin qeyd olunan tələblərinin diqqətdə saxlanılması tövsiyə edilir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: - Hamı qanun və məhkəmə qarşısında bərabərdir. - Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. - Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. - Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: - “Məcburi köçkün” statusuna malik olub respublika ərazisində olan şəxslərə; - Ər və ya arvaddan biri “məcburi köçkün” statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; - Faktiki nikahdan doğulmuş, “məcburi köçkün” statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); - Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara; “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 5-ci bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: - Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla); - Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; - Müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; - Həbsdə olan məcburi köçkünlərə; - “Məcburi köçkün” statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; - "Məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); - Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən “məcburi köçkün” statusu olan şəxslərə; - Səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2- ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçının hazırkı iddiasının mahiyyəti (hüquqi marağı) pozulmuş hüquqlarının bərpa olunmasıdır. İddiaçının atasının hazırda məcburi köçkün statusunda olması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Cavabdeh başçısının aparatının xx.xx.2023-cü il tarixli, 5-43/2-2128/2023 nömrəli məktubunda Qanuni nümayəndə qızı İddiaçı vahid aylıq müavinətin verilməsi üçün Azərbaycan Respublikası Qaçıqnların və X2 üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciəti baxılması üçün Rayon İcra Hakimiyyətinə də göndərilmişdir. R. Məmmədovun müraciəti araşdırılmışdır. Müəyyən edilmişdir ki, R X5 ilə xx.xx.2005-ci ildə nikaha girmişdir. X3 xx.xx.1977- cı ildə Saatlı rayonunda anadan olmuşdur. O, 1993-cü ildən sonra nikaha girdiyi və məcburi «öçkün statusu olmadığına görə həmin nikahdan doğulan xx.xx.2012-ci il təvəllüdlü İddiaçı vahid aylıq müavinətinin verilməsi üçün onun adının adlı siyahıya salınması mövcud təlimatın 2.6.-cı (valideynlərdən biri “məcburi köçkün statusuna malik olmayan uşaqlara) bəndinə əsasən mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85- 86). Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Qanuni nümayəndə (iddiaçının atası) məcburi köçkün statusu olmuş və onu təsdiq edən AA № 310456 seriya nömrəli vəsiqə iş materiallarına əlavə edilmişdir. Belə ki, Qanuni nümayəndə (iddiaçının atası) məcburi köçkün vəsiqəsi Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2014-cü il qərarına əsasən verilmişdir. İddiaçının doğulduğu anda ona aylıq müavinətin verilməsi, onun valideyinlərindən birinin (hazırki halda Qanuni nümayəndə) məcburi köçkün statusuna malik olması göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusuna malik olması bir çox əsaslar ilə təsdiq olunur. Belə ki, Qanuni nümayəndə (iddiaçının atası) məcburi köçkün vəsiqəsi Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2014-cü il qərarına əsasən verilmişdir. Belə olan halda cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1084/2021 saylı, 2-1(102)-1645/2021 saylı, 2-1(102)-616/2023 saylı, 2- 1(102)-863/2023 saylı qərarlarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə və ya qanunvericilikdə qeyd edilməyən hallara istinad etməklə iddiaçıya aylıq müavinətin verilməməsi iddiaçının konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz hesab olunmalı və İddiaçı vahid aylıq müavinətin ödənilməsi öhdəliyi cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı vahid aylıq müavinətin ödənilməsi öhdəliyi cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar