Məhkəmə qərarları › İş №2-1(120)-188/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-188/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-188/2022 26.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 1 saylı X10 filialının nümayəndəsi X1 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 1 saylı X10 filialına qarşı 03.01.1983-01.01.2006-cı illərdə Kürdəmir-Avtonəqliyyat ASC-də (Kürdəmir Avtonəqliyyat müəssisəsi) işlədiyi illəri sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə 26 yanvar 2022-ci il tarixdə, Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 12 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 09.06.2021-ci il tarixli, **********6 saylı imtina məktubu verilərək, iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyindən, əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(120)-1355/2021 nömrəli qərardadı ilə iddia tələbinə “03.01.1983-01.01.2006-cı illərdə Kürdəmir- Avtonəqliyyat ASC-də (Kürdəmir Avtonəqliyyat müəssisəsi) işlədiyi illəri sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsini əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının və onun tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Kürdəmir rayon Dövlət Arxivinin 03 avqust 2021-ci il tarixli, 89 nömrəli məktubunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin 02.08.2021-ci il tarixli, **********308500 nömrəli məktubunun, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsinin 04.08.2021-ci il tarixli, 92 nömrəli məktubunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 04.08.2021-ci il tarixli, **********15 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 12 saylı regional ərazi filialının 08.10.2021-ci il tarixli, **********3 nömrəli məktubunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 1 saylı X10 filialının 13 yanvar 2022-ci il tarixli, **********8 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. 01 iyun 2021-ci ildə 65 yaşı tamam olmuşdur və həmin tarixdən onun pensiya hüququ yaranmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (13.05.1977-25.11.2006-cı illər) ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövrü və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrlərinin cəmi 25 ildən çox (30 il 8 ay) olduğu müəyyən olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 03.01.1983-01.01.2006-cı illərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında olan digər dövrləri və hərbi xidmət dövrü) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (03.01.1983-01.01.2006-cı illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 03.01.1983-cı il tarixdən 01.01.2006-cı il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 13.05.1977-ci ildən əmək fəaliyyətinə başlamış, 25.11.2006-cı il tarixədək müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmişdir, o cümlədən 03.01.1983-25.11.2006-cı illərdə Kürdəmir- Avtonəqliyyat ASC-də (Kürdəmir Avtonəqliyyat müəssisəsi) işləmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 12 saylı regional ərazi filialının İddiaçı ünvanladığı 09.06.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərə baxış keçirilərkən onun 03.01.1983-ci il tarixdən 25.11.2006-ci il tarixədək "xxxx" ASC-də (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. "xxxx" ASC-nin hal hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr ümumi əmək stajınıza daxil edilməmişdir. Eyni zamanda əmək kitabçasında onun işdən çıxmağı 25.11.2006-cı il tarixlərində qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.6-cı maddəsinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Həmin dövurlərdə (01.01.2006 - 25.11.2006) onun qeydə alınmış pensiya kapitalı yoxdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci məddəsində göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasında əmək fəaliyyətinin xarakterindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlardan əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Bu səbəbdən də ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin 02.08.2021-ci il tarixli, **********308500 nömrəli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 23.07.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə yük avtomobil nəqliyyatlarının fəaliyyəti növü üzrə qeydiyyatdan keçmiş, fəaliyyət göstərdiyi dövr ərzində dövlət büdcəsinə 10945,73 manat ödəniş etmişdir. Vergi ödəyicisi 25.04.2019-cu il tarixdən fəaliyyətini dayandərmışdır. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin 03 avqust 2021-ci il tarixli, 89 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon "xxxx" ASC-nin (Kürdəmir "xxxx" müəssisəsi) şəxsi heyyətə dair sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyi bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsinin 04.08.2021-ci il tarixli, 92 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC hüquqi şəxslərin reyestri üzrə 1996-cı ildən Kürdəmir rayonunda qeydiyyatdadır və hal-hazırda fəaliyyət göstərmir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 04.08.2021-ci il tarixli, **********15 nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş “Azəravtonəqliyyat” X5 rayonu, Atakişili kəndində yerləşən Kürdəmir Avtonəqliyyat müəssisəsinin bazasında "xxxx" ASC yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmlərinin 100 (yüz) faizinin özəlləşdirilməsi 14.11.2006-cı ildə başa çatmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 12 saylı regional ərazi filialının 02.08.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1 maddəsinə əsasən sığortaolunanın 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı olacağı təqdirdə sığortaolunanlara avtomatlaşdırılmış qayda da yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin həmin dövrdə (01.01.2006-01.07.2018) iddiaçının pensiya kapitalı yoxdur. Vətəndaş ərizəsilə birlikdə şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletinin surətlərini təqdim etmişdir. İddiaçı əmək kitabçasından işdən çıxmağı 25.11.2006cı il tarixində qeyd olunmuşdur, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.6. maddəsinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Həmin dövrlərdə (01.01.2006-25.11.2006) vətəndaşın qeydə alınmış pensiya kapitalı yoxdur. İddiaçı 26.11.1974-02.12.1976 -ci illərdə hərbi xidmət dövrü (2 il ) və əmək kitabçasında qeyd olunan 13.05.1977 - 07.05.1979 , 01.08.1979 - 01.01.1980 , 23.04.1980- 23.101982, 03.01.1983 - 31.12.2005-ci illərdə (28 il 8 ay) işləməsini nəzərə alsaq 31.12.2005-ci il tarixədək 30 il 8 ay stajı sığorta stajı hesablanmışdır. Buradan görünür ki, vətəndaşın bütün sosial sığorta stajı nəzərə alınsa ona yaşa görə əmək pensiyası hesablamaq mümkündür. Lakin qeyd edir ki, vətədaşın əmək kitabçasında qeyd olunan 03.01.1983- 25.11.2006-ci illər mübahisəlidir. Belə ki, iddiaçı X2 03.01.1983-ci il tarixdən 25.11.2006-ci il tarixədək "xxxx" ASC-də (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Bildiririk ki, "xxxx" ASC-nin hal hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr əmək kitabçasında qeyd olunsada ümumi əmək stajına daxil edilməmişdir. Qeyd edilən illəri ((03.01.1983 - 12.31.2005 -ci illər (22 il 11 ay )) nəzərə almadıqda İddiaçı 7 il 9 ay sığorta stajı qalır. Bu səbəblərdən də vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filalının 16.11.2021-ci il tarixli, **********8 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 13.05.1977-ci il tarixdən 25.07.1979-cu il tarixədək “Aztelekom”da, 01.08.1979-cu il tarixdən 01.01.1980-ci il tarixədək “Avtobaza”da, 23.04.1980-ci il tarixdən 23.10.1982-ci il tarixədək “SMU-1” trestində, 03.01.1983-cü il tarixdən 25.11.2006-cı il tarixədək “Kürdəmir Avtobaza"da işlədiyini və əmək haqqı aldığını qeyd etmişdir. Bundan əlavə, iddia ərizəsində yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 12 saylı regional ərazi filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu, yəni 03.01.1983-cü il tarixdən 25.11.2006-cı il tarixədək “Kürdəmir Avtobaza”nın arxiv sənədləri Dövlət arxivinə verilmədiyi və 25 ildən az əmək stajı olduğunu əsas gətirərək yasa görə əmək pensiyasını təyin etməyin mümkün olmamasını qeyd etmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. İddiaçının əmək faəlivvəti ilə məşğul olduğunu iddia etdiyi “Kürdəmir Avtobaza”nın heç bir sənədi Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. İddiaçının əmək kitabçasında müvafiq qeydlər olsada, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə öz təsdiqini tapmır. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. X12 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Nəzərə alsaq ki, İddiaçı əmək kitabçasında işdən çıxma tarixi 25.11.2006-cı il tarixə təsadüf edir, şəxsin 01.01.2006-25.11.2006-cı il tarixlərində Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqı ödəməli idi. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyil. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsasən sığortaolunanın yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, sığortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir. Odur ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 2000-ci ildək "xxxx" ASC-də (keçmiş adı Kürdəmir Avtonəqliyyat müəssisəsi) çalışmışdır. İşlədiyi illərdə İddiaçı onunla birlikdə Kürdəmir-Avtonəqliyyat” ASC-də işləmişdir. İş materiallarında olan və məhkəmənin müvafiq sorğusuna cavab olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 1 saylı X10 filialının 05.10.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş Kürdəmir rayon Atakişili kənd sakini 17.06.1955-ci il təvəllüdlü X6 17.06.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Ə.Əzimov 20.07.1976-cı il tarixdən 29.08.2000-cı il tarixədək "xxxx" ASC-də işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Vətəndaşa pensiya hesablanarkən həmin dövür Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 04.09.2019-cu il tarixli 2-1(086) -2008/2019 saylı qərarı ilə sığorta sajı kimi nəzərə alınıb hesablanmışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə müvafiq əmrlərlə işə daxil olmuş və işdən xaric olmuş sadəcə olaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan və məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisənin ("xxxx" ASC-nin (keçmiş Kürdəmir Avtonəqliyyat müəssisəsi)) mövcudluğu və fəaliyyəti vaxtilə digər şəxslərə pensiya təyin edilərkən araşdırılmış və həmin müəssisədə işləyən işçilərin həmin müəssisədəki əmək fəaliyyəti sığorta stajı kimi qəbul edilərək, əmək pensiyası təyin edilmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 03.01.1983-cı il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi iş illəri ("xxxx" ASC-dəki (keçmiş Kürdəmir Avtonəqliyyat müəssisəsi) iş illəri) “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının 03.01.1983-cı il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini və arxiv sənədlərinin saxlanıldığı ünvanının məlum olmamasını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 03.01.1983-cı il tarixdən 01.01.2006-cı il tarixədək ("xxxx" ASC-dəki (keçmiş Kürdəmir Avtonəqliyyat müəssisəsi) iş illəri) işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu iş materiallarında olan sənədlər ilə təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin arxivə təhvil verilməməsi və yaxud həmin sənədlərin saxlandığı yerin hazırda məlum olmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin 03 avqust 2021-ci il tarixli, 89 nömrəli məktubudan görünür ki, Kürdəmir rayon "xxxx" ASC-nin (Kürdəmir "xxxx" müəssisəsi) şəxsi heyyətə dair sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud həmin sənədlərin saxlandığı yerin hazırda məlum olmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.03.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı 03.01.1983-01.01.2006-cı illərdə Kürdəmir-Avtonəqliyyat ASC-də (Kürdəmir Avtonəqliyyat müəssisəsi) işlədiyi illəri sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 1 saylı X10 filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı 03.01.1983-01.01.2006-cı illərdə Kürdəmir-Avtonəqliyyat ASC-də (Kürdəmir Avtonəqliyyat müəssisəsi) işlədiyi illəri sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 1 saylı X10 filialının üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar