Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1884/2025 03.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh Mədud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi cavabdeh Fədək-Azərbaycan” Mədud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı cavabdehin xx.xx.2024-cü il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 8 973,66 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 70 000 manat məbləğində siyahıya alınmış əmlakın satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə yaranan 31 615.93 manat borcuna görə 70000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024 tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 8973.66 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh MMC tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim olunmamışdır. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmamış və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında etmədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. İşin halları: İş materiallarında olan; “Avtonəqliyyat vasitələrinin siyahıya təqdim edilməsi barədə” xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh MMC-nin (VÖEN:**********) xx.xx.2024-cü il tarixinə ümumilikdə 31 615,93 manat, o, cümlədən vergilər üzrə 22 626,29 manat, maliyyə sanksiyaları üzrə 40 manat, faizlər üzrə 8949,64 manat borcu var. DVX 5 saylı ƏVİ-nin “Əmlakın siyahıya alınması haqında” **********8 №-li xx.xx.2024-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, 5 saylı ƏVİ tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh MMC-yə məxsus əmlak siyahıya alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” **********8 №-li xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən Cavabdeh MMC-yə məxsus 70000 manat dəyərində 2022ci il buraxılış ili olan 24 BA-024 dövlət qeydiyyat nişanlı, JCB 3CX 14M 2WM markalı ekskavator əmlakı siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” xx.xx.2024-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən siyahıya alınmış əmlak məsul saxlama üçün Cavabdeh MMC-nin rəhbərinə təhvil verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3-22-1/2- 274/2025 saylı məktubunda qeyd olunmuşdur ki, Agentliyin daşınar əmlakının rəsmi reyestrinin elektron informasiya sistemində Cavabdeh MMC-nin (VÖEN:**********) mülkiyyətində olan AZ24BA-024 dövlət qeydiyyat nişanlı, JCB 3CX 14M 2WM markalı ekskavatorun həbsi və yüklülüyü qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. ... 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. ... Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. ... 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. ... Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh MMC vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində dövlət büdcəsinə yaranmış vergi və dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-nin (VÖEN **********) xx.xx.2024-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə 8973,66 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 70000 (yetmiş min) manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən həmin borc tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh MMC-nin (VÖEN **********) xx.xx.2024-cü il tarixə yaranmış borc məbləğindən Dövlət büdcəsinə olan 8 973 (səkkiz min doqquz yüz yetmiş üç) manat 66 (altmış altı) qəpik ödənilməmiş borcuna görə onun fəaliyyət göstərdiyi Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən təsərrüfat subyektində siyahıya alınmış 1 ədədinin qiyməti 70 000 manat dəyərində 2022-ci il buraxılış ili olan **-BA-*** dövlət qeydiyyat nişanlı, JCB 3CX 14M 2WM markalı ekskavator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə (VÖEN **********) qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.
Məhkəmə qərarları › İş №2-1(120)-1884/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1884/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver