Məhkəmə qərarları › İş №2-1(120)-189/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-189/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-189/2021 05.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X28 Şəxsinin 8 saylı Regional Ərazi filialının nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X28 Şəxsinin 8 saylı Regional Ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə xx xxxxx 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X28 şəxsin Masallı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1998-ci ildən hal-hazıra qədər İ qrup əlil X15 və İİ qrup əlil X7 qulluq etdiyi illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il təvəllüdlüdür. O, uzun müddət istehsalatın müxtəlif sahələrində işləmişdir. O, 1998-ci ildən hal-hazıra qədər İ qrup əlil X15 və qəyyumluğuna verilmiş İİ qrup əlil X7 qulluq etmişdir. Buna dair Masallı Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq arayış verilmişdir. O, ərizə ilə Dövlət Sosial Müdafiə X28 şəxsin Masallı rayon filialına yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmişdir. Həmin şöbənin xx.xx.2020-ci il tarixli cavab məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1-ci hissəsinə əsasən iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi və İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, qulluq edilməsi müddəti sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daxil edildiyi əsas gətirilərək ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Dövlət Sosial Müdafiə X28 şəxsin Masallı rayon filialı tərəfindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməklə «Əmək pensiyaları haqqında» Qanunun sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən bəhs edən 21-ci maddəsini pozmuş olur. Belə ki, həmin qanunda qeyd edilir ki, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göstərilənlərə əsaslanaraq, onun 1998-ci ildən hal-hazıra qədər İ qrup əlil X15 və İİ qrup əlil X7 qulluq etdiyi illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə X28 şəxsin Masallı rayon filialı Dövlət Sosial Müdafiə X28 Şəxsinin 8 saylı Regional Ərazi filialı ilə əvəz olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 imtinanın əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 211/1 nömrəli Arxiv arayışından görünür ki, sabiq K.Marks adına sovxozun 1980, 1981, 1982-ci illərə aid əmr kitabları arxivə verilməmiş, İddiaçı işə girmə əmri tapılmamış, lakin 1983-cü ilin yanvar ayından əmək haqqı almağa başlamışdır (sovxozun fəhlə və qullquçularının siyahısı kitabında xx.xx.1982-ci il tarixli, 325 saylı əmrlə işə girməsi barədə məlumat var). xx.xx.1983-cü il tarixli, 38/5-1 saylı əmrlə 1983-cü ildə işləmək üçün sovxozun 1 saylı Çayçılıq briqadasının 2-ci manqasına fəhlə təyin edilmiş, xx.xx.1990-cı il tarixli, 178/1 saylı əmrlə 9 saylı Çayçılıq briqadasından azad edilərək 12 saylı Çayçılıq briqadasına keçirilmişdir. İşdən çıxma əmri tapılmamış (xx.xx.1994-cü ilə kimi olan əmrlərə baxıldı, sonrakı dövrün əmr kitabları arxivə verilməyib), lakin 1994-cü ilin yanvar ayında Şahbaz Səfərovun briqadasının tərkibində son əmək haqqı almışdır (xx.xx.1993-cü il tarixli, 167/5- 1 saylı əmrlə sonuncu dəfə növbəti əmək məzuniyyətinə buraxılıb, xx.xx.1993-cü il tarixli, 175/2-1 saylı əmrlə növbəti əmək məzuniyyətinin müddəti qurtardığı üçün öz işinin icrasına qaytarılmışdır). İşdə olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 211 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən yanvar 1994-cü il tarixədək Masallı rayonunun “K.Marks” adına sovxozunda işləmiş, əmək haqqı almışdır. İşdə olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 211/1 nömrəli arxiv arayışından görünür ki, Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “3 saylı X2 İdarəsi”nin (İTKİ-3, UPTK-3) sənədləri, o cümlədən idarənin əmr kitabları və onların qeydiyyat kitabları, əmək kitabçaları və onların qeydiyyat kitabçaları, əmək haqqı hesablaşma cədvəlləri və onlara uyğun olan şəxsi hesab kitabları Masallı Rayon Dövlət Arxivinə təhvil verilməyib. İş materiallarına əlavə olunmuş İddiaçı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1981-ci il tarixədək Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “3 saylı X2 İdarəsi”ndə işləmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Dövlət Sosial Müdafiə X28 şəxsin Masallı rayon filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qadınlara yaşa görə (xx.xx.2020-ci il tarixədək 61 yaş 6 ay) əmək pensiyası azı 25 il sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə 2019-cu il yanvarın 1-dən etibarən müəyyən edilmiş yaş həddinə çatmış (qadınlar üçün xx.xx.2020-ci il tarixə 61 yaş 6 ay) sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1dək olan sığorta stajı 25 il hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq xx xxxxxx 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi və İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, qulluq edilməsi müddəti sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daxil edildiyi üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İşdə olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli, 243 saylı Sərancamından görünür ki, qismən fəaliyyət qabiliyyəti olan xx.xx.1963-cü il təvəllüdlü X11 və xx.xx.1967-ci təvəllüdlü X3 rayon Ərkivan qəsəbə sakini İddiaçı qəyyumluğuna verilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə X28 şəxsinin 8 saylı Regional Ərazi filialının xx xxxxxx 2021-ci il tarixli, **********2 saylı arayışından görünür ki, Masallı rayonu Ərkivan qəsəbə sakini X1 Sosial Müdafiə X28 şəxsinin 8 saylı Regional Ərazi filialından xx.xx.2004-cü il tarixdən İ (birinci) dərəcə əlil kimi 207,55 (iki yüz yeddi manat əlli beş qəpik) manat müddətsiz əmək pensiyası, xx.xx.2019-cu il tarixdən 130,00 (bir yüz otuz) manat müddətsiz Prezident təqaüdü alır. İddiaçı bacısı İddiaçı ona qulluq etdiyi üçün xx.xx.2019-cu il tarixdən 50,00 (əlli) manat müddətsiz Prezident təqaüdü alır. Masallı rayonu Ərkivan qəsəbə sakini X5 Sosial Müdafiə X28 şəxsinin 8 saylı Regional Ərazi filialından xx.xx.1999-cu il tarixdən İİ (ikinci) dərəcə əlil kimi 233,20 (iki yüz otuz üç manat iyirmi qəpik) manat müddətsiz əmək pensiyası alır. İşdə olan “Ölüm haqqında Akt qeydi”ndən görünür ki, 1934-cü il təvəllüdlü X10 xx.xx.1998-ci ildə ölmüşdür. İşdə olan “Ölüm haqqında Akt qeydi”ndən görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X13 xx.xx.2014-cü ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, **********1 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron X8 Altsistemindən məlum olur ki, X21 xx.xx.2002-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və “Oliqofreniya, tez-tez baş verən qıcolma tutmaları ilə. Anadangəlmə lal-karlıq” diaqnozu ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Həmçinin ‘Əlillik Altsistemi’ndən məlum olur ki, X11 xx.xx.2011 -ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və “Şızofreniya paranoid forma. Dərin psixi qüsur halı.” diaqnozu ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qeyd olunan şəxslərə ilkin əlillik təyinatının hansı tarixdə aparılması barədə “Əlillik Altsistemi”ndə məlumat aşkar edilməmişdir. İşdə olan və Masallı rayon İHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabiq Cahangirovun, DSMF-nun 8 saylı Regional Ərazi Filialının pensiya təminatı şöbəsinin müdiri Kamil Nurullayevin, Ərkivan qəsəbə sakinləri X16, X4 və İddiaçı iştirakı ilə xx xxxx 2021-ci il tarixdə Ərkivan qəsəbə İƏD üzrə nümayəndəliyində tərtib olunmuş Aktdan görünür ki, İİ qrup əlil X14 və İ qrup əlil X6 yaşadıqları evə baxış keçirilmiş, araşdırma zamanı qonşuların- Dəyyanov Fariz və Cahangirov Cahangirin dediklərinə görə İddiaçı hal-hazırda və 1998-ci ildən bəri qardaşı Vasif Cabbarov və bacısı Nazmiyyə Cabbarovaya qulluq etdiyi müəyyən olunmuşdur. Həmin Akt DSMF-nun 8 saylı Regional Ərazi Filialının pensiya təminatı şöbəsinin müdiri Kamil Nurullayev tərəfindən imzalanmamışdır. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx xxxxxx 1958-ci ildə doğulmuşdur. Onun 61 yaşı xx xxxxxx 2019-cu il tarixdə tamam olmuşdur. Qanunun 7-ci maddəsinin Qeyd hissəsi nəzərə alınarsa, iddiaçının 2019-cu ilin iyulun 1-dən 2020-ci ilin iyulun 1-dək olan dövr (bu dövr daxilində iddiaçının 61 yaşı tamam olduğuna görə) üzrə 6 aylıq yaş 61 yaşa əlavə edilməklə, 61 yaş 6 aydan, yəni xx xxxx 2020-ci ildən iddiaçının pensiya hüququ yaranmışdır. Göründüyü kimi, iddiaçının 61,6 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən qadınların yaşa görə əmək pensiyası hüququ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaranır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 61,6 yaşı xx.xx.2020-ci il tarixdə tamam olsa da, yaşa görə əmək pensiyası təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmiş, eyni zamanda 25 il sosial sığorta stajına malik olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1983-cü il tarixdən yanvar 1994-cü il tarixədək Masallı rayonunun “K.Marks” adına sovxozunda işləyərək əmək haqqı almış və onun həmin müddətdə 9 il 8 ay sosial sığorta stajı vardır. Eləcə də o, xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “3 saylı X2 İdarəsi”ndə (İTKİ-3, UPTK-3) işləmiş, həmçinin o, Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli, 243 saylı Sərancamına əsasən, qismən fəaliyyət qabiliyyəti olan xx.xx.1963-cü il təvəllüdlü X6 və xx.xx.1967-ci təvəllüdlü Cabbarov Vasif Cavad oğlunun qəyyumu təyin edilmişdir. 1992-ci il tarixdə qəbul edilmiş (hazırda qüvvədən düşmüş) “X9 haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin j bəndinə əsasən, İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslərin əmək pensiyası almaq hüququ vardır. 67-ci madəsinin d) bəndinə əsasən, İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 10-cu bəndinə əsasən, İ qrup əlilə, 16 yaşa qədər əlil uşağa, 75 yaşa çatmış qocalara xidmət dövrü xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktına əsasən müəyyən olunur. Əlillikdə olmanın (İ qrup əlillər və əlil uşaqlar üçün) və yaşı (qocalar və əlil uşaqlar üçün) təsdiq edilən sənədlər. Xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələri, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən sosial təminat şöbəsi tərəfindən tərtib olunur. Yaşı təsdiqedici sənəd kiim pasportdan çıxarış, doğum şəhadətnaməsi, mənzil idarələrinin, yerli icra hakimiyyəti orqanlarının arayışları və s. qəbul edilə bilər. xx.xx.2006-cı il tarixdən qüvvədə olan Əmək Pensiyaları haqqında Qanunun 21.2.4cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (70 yaşına çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək bə Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələrindən, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, qulluq göstərilən şəxsin və sair məlumatlara əsasən Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinin işçiləri tərəfindən tərtib olunur. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, birinci qrup şəxslərə qulluq dövrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydaya əsasən hesablanan müddət kimi sığorta stajına daxil edilir. Həmin qaydaların tələblərinə görə isə, qulluq edən şəxslər bir halda dairəsi müəyyən edilmiş qohumlar olmalı, digər halda isə qanunvericiliyə uyğun qaydada qəyyum təyin edilməlidirlər. Həmin şəxlər tərəfindən qulluq müddəti digər şərtlərin yerinə yetirilməsi əsası ilə, o cümlədən sosial təminat şöbələri tərəfindən tərtib edilmiş müayinə aktı təqdim edildiyi halda sosial sığorta stajına daxil edilə bilər. İddiaçı iddia edir ki, o, 1998-ci ildən hal-hazıra qədər İİ qrup əlil X15 və İ qrup əlil X7 qulluq etmişdir. Odur ki, həmin illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır. Məhkəmə qeyd edir ki, qanunverciliyə əsasən yalnız İ qrup əlilə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Odur ki, iddiaçının 1998-ci il tarixdən İ qrup əlil bacısı X7 qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının İ qrup əlil bacısı X7 qulluq etməsi iş materialları ilə öz təsdiqini qismən tapır. Belə ki, iddiaçı Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli, 243 saylı Sərancamına əsasən, qismən fəaliyyət qabiliyyəti olan xx.xx.1963-cü il təvəllüdlü X6 və xx.xx.1967-ci təvəllüdlü X14 qəyyumu təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının İ qrup əlil bacısı X7 1998-ci il tarixdən qulluq etməsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada sübut təqdim edilmədiyindən, onun İ qrup əlil bacısına qulluq etdiyi müddət qəyyum təyin edildiyi müddət, yəni xx.xx.2011-ci il tarix götürülməli və həmin tarixdən pensiya yaşı tamam olduğu xx.xx.2020-ci il tarixədək müddət isə 8 il 5 ay 18 gün təşkil edir ki, hətta iddiaçının xx.xx.1983-cü il tarixdən yanvar 1994-cü il tarixədək Masallı rayonunun “K.Marks” adına sovxozunda sovxozunda işlədiyi müddət (9 il 8 ay), xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “3 saylı X2 İdarəsi”ndə (İTKİ-3, UPTK-3) işlədiyi müddət (5 il 23 gün) nəzərə alınsa belə, onun ümumilikdə 23 il 2 ay 11 gün sosial sığorta stajı vardır ki, bu qanunla tələb olunan 25 il sosial sığorta stajından azdır. Məhkəmə xx xxxx 2021-ci il tarixdə Ərkivan qəsəbə İƏD üzrə nümayəndəliyində Masallı rayon İHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabiq Cahangirovun, DSMF-nun 8 saylı Regional Ərazi Filialının pensiya təminatı şöbəsinin müdiri Kamil Nurullayevin, Ərkivan qəsəbə sakinləri X16, X4 və İddiaçı iştirakı ilə tərtib olunmuş Aktı isə mötəbər sübut kimi qəbul etmir. Belə ki, birincisi mövcud qanunvericiliyin tələbinə əsasən Xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələri, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən sosial təminat şöbəsi tərəfindən tərtib olunmalıdır. Lakin hazırki Akt isə Masallı rayon İHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib olunmuş, həmçinin sosial təminat şöbəsinin nümayəndəsi həmin Aktla razılaşmadığı üçün Akta imza etməkdən imtina etmişdir. Odur ki, məhkəmə iddiaçının İ qrup əlil bacısı X7 qulluq etdiyi müddətin 1998-ci il tarixdən deyil, bacısına qəyyum təyin edildiyi müddətdən, yəni xx.xx.2011-ci il tarixdən götürülməsini daha düzgün hesab edir. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X28 Şəxsinin 8 saylı Regional Ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar