Məhkəmə qərarları › İş №2-1(120)-1895/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1895/2025

29.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1895/2025 29.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın bərpa edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9, cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Kürdəmir rayon sakini Rövşən Allahyarovla ailə həyatı qurmuş və onların nikahından 6 uşaqları- 4 qızı, 2 oğlu anadan olmuşdur. O, ailə üzvləri ilə birlikdə Atakişili kəndində yaşayır. İşləmir, evdar qadındır. Həyat yoldaşı hərbi təqaüdçüdür. Ünvanlı yardım almaq üçün xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Onların ailəsinə, yəni ona və himayəsində olan 6 nəfər az yaşlı uşaqlarına 954.46 manat məbləğində ÜDSY təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri yaşadıqları Kürdəmir rayonunun Atakişili kəndində yerləşən həyətlərinə gələrək ÜDSY işinin təkrar müayinəsinin həyata keçirdiklərini bildirblər. O, buna razılıq verərək şərait yaratmışdır. Həmin vaxtı qaynı Qalib Allahyarov işlə əlaqədar Qarabağa getdiyi üçün ona məxsus «Mercedes -Vito 111» markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşını həyətlərində saxlamışdır. Qaynı Qalib Bakı şəhərində yaşadığı üçün o, işlə bağlı hər dəfə Qarabağa gedəndə avtomaşınını onların həyətində saxlayıb. Hazırda yaşadıqları həyət ata ocağıdır. Cavabdeh təşkilatın nümayəndələri həyətlərində olan qaynına məxsus avtomobili gördülər və avtomobilin sənədlərini istəyiblər. Yoldaşı qaynına məxsus avtomobilin sənədlərini onlara təqdim edib. Onlar avtomobilin texniki pasportunun şəkilini çəkdilər və onlara akta qol çəkdirərək heç bir problem olmayacağını bildiriblər. Cavabdehin sözünə inanıb aktı oxumadan akta imza etmişdir. Həmin ayın axrında onlara təyin olunmuş Ünvanlı Dövlət Sosial Yardım kəsilib. Ona və 6 nəfər uşağına yenidən ÜDSY təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi Aran regional filialına müraciət etmişdir. Cavabdeh təşkilatdan imtina gələrək bildirilmişdir ki, ailəsinə təyin edilmiş sosial yardımın dayandırılmasına səbəb ailəsinin istifadəsində nəqliyyat vasitəsinin olmasıdır. Ailəsinin sosial yardım almaq hüququ 1 il məhdudlaşdırılmışdır. O, müraciətində ətraflı olaraq bildirmişdir ki, həmin avtomobil onların ailəsinə məxsus deyil, qaynı Qalibə məxsusdur. Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialının hərəkətlərini qanunsuz hesab edir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazını onunla əsaslandırır ki, G.AHahyarova ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli **********488 nömrəli ərizə ilə VFMTAS-a müraciət etmişdir. Həmin müraciətə “Ünvanlı dövlət sosiai yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq baxılmış və Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış X4 nəticəsində ailəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 954.46 manat məbləğində sosiai yardım təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədi ilə Mərkəzi filal Tərəfindən xx.xx.2024-cü il tarixdə monitorinq aparılmış və ərizə bəyənnamədə qeyd olunmuş məlumatlarla uyğunsuzluq, yəni ailənin istifadəsində nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. Belə ki, yoxlamanın nəticələrinə dair monitorinq aktında İddiaçı həyətində “X30 111” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması, nəqliyyat vasitəsinin qaynına məxsus olması, təmsilçinin həyat yoldaşının həmin nəqliyyat vasitəsini şəxsi məqsədlər üçün istifadə etməsi qeyd edilmişdir. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X18 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1985-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Kürdəmir rayonunun Atakişili kəndidir. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli Ünvanlı Dövlət Sosial yardımın dayandırılması haqqında məktubda qeyd edilmişdir ki, Ailənizə təyin edilmiş ünvanlı dövlət sosial yardımının (ÜDSY) dayandırılması üə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (bundan sonra - Nazirlik) daxil olmuş xx.xx.2024-cü il tarixli və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) 1 saylı Mərkəzi Aran regional filialından daxil olmuş xx.xx.2024-cü il məktublarınıza Fondun X4 üzrə Mərkəzi Filialında (bundan sonra - Mərkəzi Filial) aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün qeyd edək ki, ailənizi təmsil edən şəxs qismində ÜDSY-nin alınması ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyiniz xx.xx.2023-cü il tarixli **********48801 nömrəli müraciətə əsasən ailənizə aylıq 954,46 manat məbləğində ÜDSY təyin edilmişdir. Qeyd edək ki, xx.xx.2024-cü il tarixində ərizə-bəyannamədə qeyd olunan ünvanda Mərkəzi Filial tərəfindən aparılmış ÜDSY işinin təkrar müayinəsi zamanı həyətyanı sahədə “Mercedes-Vito 111” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkarlanmış, həyat yoldaşınız X18 həmin nəqliyyat vasitəsini şəxsi məqsədləri üçün istifadə etdiyini bildirmiş və nəqliyyat vasitəsinə məxsus texniki passport təqdim edilmişdir. Aşkar olunan məlumatlar Mərkəzi Filialın əməkdaşları tərəfindən təkrar müayinə aktına əlavə edilmiş, aktda qeyd olunanlarla tanış olduqdan sonra məlumatla sizin və həyat yoldaşınızın imzası ilə təsdiq edilmişdir. Həmçinin qeyd edək ki, aparılan maddi-məişət şəraitinin təkrar müayinəsi video-çəkiliş vasitəsilə tərəfimizdən qeydə alınmışdır. Ailənizə təyin edilmiş sosial yardım xx.xx.2024-cü il tarixində ailənizin istifadəsində nəqliyyat vasitəsinin olması səbəbi ilə dayandırılmış və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənizin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Kürdəmir rayon İHB-nin Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 ailə tərkibi göstərilən kimidir; Arvadı İddiaçı, qızı X7, qızı X12, qızı X13, oğlu X15, oğlu X8 və qızı X6r. Ailənin X4 barədə məlumatdan görünür ki, İddiaçı yaşadığı Kürdəmir rayonu Atakişili kəndində yerləşən evdə xx.xx.2024-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinə keçirmişlər. Ailənin X4 barədə məlumatdan görünür ki, İddiaçı yaşadığı Kürdəmir rayonu Atakişili kəndində yerləşən evdə xx.xx.2024-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinə keçirmişlər. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 2-154644/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X9 adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. X1 məxsus “X30 111 CDİ” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2034-cü il tarixədək X9 istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Eyni zamanda bildirilir ki, İddiaçı adında, etibarnamə ilə istifadəsində və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0.5. aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 4. Sosial yardımın məqsədi və prinsipləri 4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; 4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur; 4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur. Maddə 5. Sosial yardımın maliyyə mənbəyi Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. 10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. 10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları: 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə)[1] yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) X14 Sistemi və ya Nazirliyin “e-sosial” internet portalında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq VEMTAS-a altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X14 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X10 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. ... Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşin araşdırılması nəticəsində müəyyən olunur ki, iddiaçının ailəsinə xx.xx.2024cü il tarixdən 1 il müddətinə, yəni xx.xx.2025-ci il tarixədək 954.46 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədi ilə Mərkəzi filial tərəfindən xx.xx.2024-cü il tarixdə monitorinq aparılmış və ərizə bəyənnamədə qeyd olunmuş məlumatlarla uyğunsuzluq, yəni ailənin istifadəsində nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. Belə ki, yoxlamanın nəticələrinə dair monitorinq aktında İddiaçı həyətində “X30 111” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması, nəqliyyat vasitəsinin qaynına məxsus olması, təmsilçinin həyat yoldaşının həmin nəqliyyat vasitəsini şəxsi məqsədlər üçün istifadə etməsi qeyd edilmişdir. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. Cavabdeh inzibati orqan tərəfindən verilən ünvanlı sosial yardımın dayandırılmasına səbəb olan hal kimi xx.xx.2024-cü il tarixdə aparılan monitorinq nəticəsində ərizə bəyənnamədə qeyd olunmuş məlumatlarla uyğunsuzluğun, yəni ailənin istifadəsində nəqliyyat vasitəsinin olması göstərilmişdir. Cavabdehin imtinasının əsasına münasibətdə məhkəmə diqqətə çatdırır ki, araşdırması zamanı qeyd edilən avtomobilin iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində və ya etibarnamə ilə istifadələrində olmadığı müəyyən edilir. Belə ki, iş materiallarında olan mötəbər sübut əhəmiyyəti daşıyan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən ünvanlı sosial yardım ərizəsi ilə bağlı inzibati orqana müraciət edilən zaman, ünvanlı sosial yardım təyin edilən zaman, eləcə də yardım dayandırılan vaxt nə İddiaçı, nə də ki, onunla birgə yaşayan ailə üzvlərinin mülkiyyətlərində və ya etibarnamə əsasında istifadələrində nəqliyyat vasitəsi qeydiyyatda olmamışdır. Eyni zamanda sübuta yetirilmişdir ki, **-SP-*** dövlət qeydiyyat nişanlı “X31 111 SDİ” markalı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən ünvan 2 ünvanda qeydiyyatda olan 13.05,1974-cü il təvəllüdlü X2 adında qeydiyyatdadır. Həmçinin **-SP-*** dövlət qeydiyyat nişanlı “X31 111 SDİ” markalı nəqliyyat vasitəsinin iddiaçının istifadəsində olduğunu təsdiq edən sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən imtina əsası sübuta yetirilmədiyindən təyin edilən ünvanlı sosial yardımın dayandırılması ilə bağlı inzibati orqanın hərəkətləri əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur və yuxarıda qeyd edilən qanunvericilik normalarına istinadən iddiaçı ailəsinə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi və ödənilməmiş məbləğin ödənilməsini də tələb etməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar