Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1896/2024 28.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 541-K nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinə “öz arzusu ilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 28 fevral 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 541-K nömrəli əmrinin ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinə “öz istəyilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 541-K nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinə “öz arzusu ilə” xitam verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Mualicə müəssisəsinin 5-ci Vərəm şöbəsinin həkim-ftiziatrı vəzifəsində t/x leytenantı olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.2023-cü il tarixində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən “öz arzusu ilə” işdən çıxarılmağı üçün ərizə vermişdir. Ərizəsinə cavab olaraq ona cavab məktubunda göstərilmişdir ki, ədliyyə orqanlarında xidmətə qəbul olunarkən öz üzərinə 10 təqvim ili müddətinə işləmək öhdəliyi götürmüş və bu səbəbdən də işdən çıxmaq istəyilə bağlı müraciəti nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 541-K nömrəli əmri ilə intizam tənbehi alaraq ədliyyə orqanlarından xaric edilmiş və müdafiə nazirinin sərəncamına qaytarılmışdır. Hesab edir ki, heç bir intizam pozuntusuna yol vermədiyi halda ədliyyə orqanlarından xaric olmaq istəyinin intizam pozuntusu kimi qəbul edilməsi və bunun nəticəsində də ona intizam tənbehi verərək ədliyyə orqanlarından xaric etmək qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 541- K nömrəli intizam tənbehi əmri ləğv edilməli və ədliyyə orqanlarında öz istəyilə xaric olunmağına dair yeni əmr verilməlidir. Bundan əlavə cavabdehin cavab məktubunda göstərdiyi ədliyyə orqanlarında xidmətə qəbul olunarkən öz üzərinə 10 təqvim ili müddətinə işləmək öhdəliyi götürməyilə bağlı mülahizələri də tamamilə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının 24 mart 2000-ci il tarixli Qanununu ilə ratifikasiya edilmiş “İcbari əməyin ləğv edilməsi haqqında” 105 saylı Cenevrə Konvensiyasına əsasən, Konvensiyasını ratifikasiya edən hər bir Üzvü icbari və ya məcburi əməyi ləğv etməyi və onun hər hansı bir formasına müraciət etməməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində göstərilir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Həmin maddəyə əsasən, heç kəs zorla işlədilə bilməz, əmək müqavilələri sərbəst bağlanılır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Eləcə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinin birinci hissəsinə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən işçinin əsas hüquqlarından biri də əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etməkdir. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçisinin qulluq keçməsinə “öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə” xitam verilir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Həmçinin, 43-cü maddənin 3-cü hissəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Beləliklə, onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 6.2-ci bəndində qeyd edilmiş “ədliyyə orqanlarında 10 təqvim ili fasiləsiz işləmək” öhdəliyi yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə zidd olduğundan həmin bənd əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində qeyd edilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində qeyd edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Eyni zamanda “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 14-cü maddəsinə görə ayrıseçkiliyin qadağan olunması bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Hazırkı situasiyada aydındır ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, onun ədliyyə orqanlarından xaric edilməyilə bağlı əlverişsiz inzibati akt qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-20/2-54/2024 nömrəli məktubuna əlavə edilmiş iddiaya qarşı etirazında bildirilmişdir ki, İddiaçı Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddiasını əsassız sayır və təmin olunmamasını xahiş edirlər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2009-cu il tarixli 130s saylı sərəncamına əsasən ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulunun hədləri təsdiq edilmiş, kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi üzrə bakalavr pilləsinə qəbul olacaq 90 nəfər tələbədən 20 nəfəri Ədliyyə Nazirliyinin tibb xidmətinin tələbatı üçün müəyyən edilmişdir. Bundan sonrakı illər müəyyən yazışmalar aparılaraq penitensiar xidmətin tibbi kadrlara olan ehtiyacı ilə bağlı həmin təhsil müəssisəsindən qəbul həyata keçirilmişdir. Kursant İddiaçı də penitensiar müəssisələrdə işləmək üçün dövlət sifarişi əsasında 2021-ci ildə təhsilini bitirərək müdafiə nazirinin şəxsi heyət üzrə 2021-ci il 25 iyun tarixli məxfi əmri ilə zabit hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətini davam etdirmək üçün ədliyyə nazirinin sərəncamına göndərilmişdir. İmtiyazlı əsaslarla tibb təhsili aldığı və ədliyyə nazirinin sərəncamına ezam edilmiş həqiqi hərbi xidmət zabiti olduğu üçün onunla baş idarə arasında müvafiq müqavilə bağlanılmış, o cümlədən İddiaçı 10 il ədliyyə orqanlarında işləmək öhdəliyini üzərinə götürmüşdür. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında’’ Qanunun 41.0.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə uyğun olaraq kadr zabit heyətindən olan şəxslər öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. O, müvafiq əmrlə xx.xx.2021-ci il tarixdə ədliyyə orqanlarında daimi qulluğa qəbul olunmuşdur. Hərbi qulluqçu kimi ədliyyə nazirinin sərəncamına ezam olunması nəzərə alınaraq, İxtisaslaşdırılmış müalicə müəssisəsinin tibb xidməti V vərəm şöbəsinin həkimftiziatrı vəzifəsinə müsahibədən kənar təyin edilmişdir. Baş idarədə hərbi qulluq nəzərdə tutulmadığından ona müdafiə naziri tərəfindən verilən rütbəyə uyğun tibb xidməti leytenantı xüsusi rütbəsi verilmişdir. Vəzifədə irəli çəkilərək xx.xx.2022-ci il tarixdən həmin şöbənin böyük həkim-ftiziatrı vəzifəsinə keçirilmişdir. Penitensiar müəssisələrdə mövcud vəziyyətlə bağlı həkim-mütəxəssislərə ciddi ehtiyac olduğu nəzərə alınaraq İddiaçı qulluq keçməsinə xitam verilməsi barədə etdiyi müraciətinə “məsələyə hazırda baxılmasının mümkün olmadığı” məzmunlu cavab verilmiş, lakin o, qanunvericiliyin tələblərini və onunla bağlanılmış müqavilə şərtlərini, o cümlədən üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozaraq xəstə məhkumlara kömək etməyə borclu olduğu halda işə gəlməyərək digər əməkdaşların işini çətinləşdirmiş, iş yükünün artmasına və ümumilikdə qurumda iş ahənginin pozulmasına səbəb olmuşdur. Əmək intizamını və etik davranış qaydalarının tələblərini pozduğuna görə xx.xx.2023-cü il tarixli əmrlə ona şiddətli töhmət verilmişdir. Lakin o, intizam tənbehindən lazımi nəticə çıxarmayaraq qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməmiş və xidməti intizamı kobud və mütəmadi pozduğuna görə xx.xx.2023-cü il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı qulluğa qəbul edilərkən ilk dövrdə özünü müsbət tərəfdən göstərmişdir. Lakin sonradan xidməti intizamsızlığa başlamış, iş yerinə gəlməmiş, üzərinə düşən vəzifəni yerinə yetirməkdən yayınmışdır. Qeyd edilməlidir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 34.3-cü maddəsinə görə hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidmətini davam etdirmək üçün qanunvericiliyə uyğun olaraq başqa qurumlara və əksinə ezam oluna bilərlər. İddiaçı ezam edilməsi barədə müdafiə nazirinin əmrində də məhz həmin maddəyə istinad edilmişdir. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 77-ci maddəsinin altıncı hissəsinə uyğun olaraq mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların vəzifəyə təyin edilməsini və xidmət üzrə yer dəyişməsini həmin hərbi qulluqçuların ezamiyyətinin məqsədinə müvafiq olaraq mülki idarə, müəssisə və təşkilat rəhbərləri həyata keçirirlər. Yuxarıda qeyd edildiyi kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə uyğun olaraq kadr zabit heyətindən olan şəxslər öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və s.) tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. İddiaçı hərbi və şəxsi işindən görünür ki, o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamışdır və həqiqi hərbi xidmətdə hesab olunduğu üçün və onun həqiqi hərbi xidmət müddəti 10 ildən az olduğundan və ehtiyata buraxılması üçün əsaslar mövcud olmadığından ədliyyə orqanlarından xaric edilərək Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 74-cü maddəsinə görə vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrinin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məlumat üçün bildirirlər ki, İddiaçı Azərbaycan Tibb Universitetinə daxil olduğu 2015-ci ildə keçid balı təxminən ödənişsiz 600-dən, ödənişli 450-dən yuxarı olduğu halda o, fakültəyə 440 balla qəbul olunaraq ödənişsiz əsaslarla təhsil almışdır. Həmin dövrdə isə təhsil haqqı 3000 (üç min) manat təşkil etmişdir. Qeyd olunanlara baxmayaraq o, əsassız iddialar qaldırmaqla dövlət tərəfindən onun təhsili üçün çəkilən xərcləri və güzəştləri də heçə saymış olur. Nəzərə alınmalıdır ki, hərbi tibb fakültəsi hərbi qulluqçu hazırladığından və kursantların həqiqi hərbi xidmətində hesab edildiyi üçün İddiaçı müddətli həqiqi xidmət keçməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edirlər ki, İddiaçı hərəkətləri dövlətin yaratdığı imkanlardan suiistifadə edərək ədalətsiz qaydada tibb təhsili almaq üçün güzəştdən istifadə etmək, habelə müddətli hərbi xidmətdən və zabitlərin həqiqi hərbi xidmətindən yayınmaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 2009-cu il tarixli 130s saylı sərəncamına əsasən ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulunun hədləri təsdiq edilmiş, kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Azərbaycan Tibb Universitenin hərbi tibb fakültəsi üzrə bakalavr pilləsinə qəbul olacaq 90 nəfər tələbədən 20 nəfəri Ədliyyə Nazirliyinin tibb xidmətinin tələbatı üçün müəyyən edilmiş, nazirliyin penitensiar xidmətin tibbi kadrlara olan ehtiyacı ilə bağlı 20 nəfərin, o cümlədən İddiaçı həmin təhsil müəssisəsinə qəbulu həyata keçirilmiş, İddiaçı penitensiar müəssisələrdə işləmək üçün dövlət sifarişi əsasında və dövlət büdcəsi hesabına Azərbaycan Tibb Universitenin hərbi tibb fakültəsində bakalavr pilləsində təhsil almış, 2021-ci ildə təhsilini bitirərək müdafiə nazirinin şəxsi heyət üzrə 2021-ci il 25 iyun tarixli əmri ilə zabit hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətini davam etdirmək üçün Ədliyyə Nazirliyinin sərəncamına göndərilmişdir. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli müqavilədən və həmin tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi X2 şəxsində Ədliyyə Nazirliyi ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanılmış, ədliyyə nazirinin xx.xx.2021-ci il tarixli, 427-K nömrəli əmri ilə Feyziyev X1 müalicə müəssisəsinin tibb xidməti V vərəm şöbəsinin həkim-fiziatrı vəzifəsinə təyin edilmiş və o, hərbi rütbəsi nəzərə alınmaqla tibb xidməti leytenantı xüsusi rütbəsində hesab olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 01 avqust 2022-ci il tarixli, 42-k nömrəli əmrindən görünür ki, tibb xidməti leytenantı Feyziyev X1 müalicə müəssisəsinin tibb xidməti V vərəm şöbəsinin həkimfiziatrı vəzifəsindən azad olunub, həmin şöbənin böyük həkim-fiziatrı vəzifəsinə təyin edilmişdir. İş materiallarından, o cümlədən işdə olan Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin iddiaçıya ünvanladığı məktubun məzmunundan müəyyən olunur ki, İddiaçı xx.xx.2023 tarixində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xx.xx.2023-cü il tarixdən öz arzusu ilə xitam verilməsini xahiş etmiş, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin cavab məktubunda isə onunla bağlanmış əmək müqaviləsinə əsasən ədliyyə orqanlarında 10 təqvim ili müddətində işləmək barədə öhdəlik götürdüyü, bununla əlaqədar mövcud qanunvericilik nəzərə alınaraq məsələyə baxılmasının imkan xaricində olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 06 sentyabr 2023-cü il tarixli, 45-k nömrəli əmrindən görünür ki, İxtisaslaşdırılmış müalicə müəssisəsi tibb xidmətinin V vərəm şöbəsinin böyük həkimfiziatrı İddiaçı rəsmiləşdirmə olmadan “Ədliyyə orqanları işçilərinin etik davranış Qqaydaları”nı pozaraq xx.xx.2023-cü il tarixdən işə çıxmadığı, dəfələrlə aparılmış izahedici söhbətlərin heç bir nəticə vermədiyi nəzərə alınaraq “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10, 31.1.3 və 32.1-ci maddələrini, Ədliyyə Nazirliyi üzrə xx.xx.2008-ci il tarixli, 8-T saylı əmrin tələblərini rəhbər tutaraq İxtisaslaşdırılmış müalicə müəssisəsi tibb xidmətinin V vərəm şöbəsinin böyük həkimfiziatrı, tibb xidməti leytenantı İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə şiddətli töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 27 oktyabr 2023-cü il tarixli, 541-k nömrəli əmrindən görünür ki, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin 2021-ci il məzunu, Müdafiə Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin sərəncamına ezam olunmuş, tibb xidmətinin cəzaçəkmə müəssisəsinin əməkdaşı İddiaçı qulluğa qəbul zamanı üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyərək uzun müddət üzrsüz səbəbdən işə çıxmamış, bununla bağlı tətbiq olunmuş intizam tənbehindən də lazımi nəticə çıxarmayaraq xidməti intizamı kobud pozmaqda davam etmiş, göstərilənlərə əsasən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, 31.1.8-ci, 31.5-ci, 32.1-ci və 40.1.11-ci maddələrinin, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərinə uyğun olaraq İxtisaslaşdırılmış müalicə müəssisəsi tibb xidmətinin V vərəm şöbəsinin böyük həkim-fiziatrı, tibb xidməti leytenantı İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına qaytarılmışdır. Beləliklə, iş materiallarına əsasən İddiaçı dövlət sifarişi əsasında və dövlət vəsaiti hesabına Azərbaycan Tibb Universitenin hərbi tibb fakültəsində təhsilini bitirmiş, müdafiə nazirinin şəxsi heyət üzrə 2021-ci il 25 iyun tarixli əmri ilə ona zabit hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətini davam etdirmək üçün Ədliyyə Nazirliyinin sərəncamına göndərilmiş, Ədliyyə Nazirliyi ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış, ədliyyə nazirinin xx.xx.2021-ci il tarixli, 427-K nömrəli əmri ilə Feyziyev X1 müalicə müəssisəsinin tibb xidməti V vərəm şöbəsinin həkim-fiziatrı vəzifəsinə təyin edilmiş və o, hərbi rütbəsi nəzərə alınmaqla tibb xidməti leytenantı xüsusi rütbəsində hesab olunmuş, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 01 avqust 2022-ci il tarixli, 42-k nömrəli əmri ilə İxtisaslaşdırılmış müalicə müəssisəsinin tibb xidməti V vərəm şöbəsinin həkim-fiziatrı vəzifəsindən azad olunaraq həmin şöbənin böyük həkim-fiziatrı vəzifəsinə təyin edilmiş, xx.xx.2023 tarixdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad olunmasını və ədliyyə orqanlarında qulluq keçməsinə xx.xx.2023-cü il tarixdən öz arzusu ilə xitam verilməsini xahiş etmiş, onunla bağlanmış əmək müqaviləsinə əsasən ədliyyə orqanlarında 10 təqvim ili müddətində işləmək barədə öhdəlik götürdüyü, bununla əlaqədar məsələyə baxılmasının imkan xaricində olduğu ona bildirilmiş, buna baxmayaraq, rəsmiləşdirmə olmadan xx.xx.2023-cü il tarixdən işə çıxmamış, dəfələrlə aparılmış izahedici söhbətlər heç bir nəticə vermədiyindən xx.xx.2023cü il tarixli əmrlə ona şiddətli töhmət verilmiş, tətbiq olunmuş intizam tənbehindən lazımi nəticə çıxarmayaraq üzrlü səbəb olmadan işə çıxmamağına davam etmiş, nəticədə Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 541-k nömrəli əmri ilə o və daha iki əməkdaş ədliyyə orqanlarından xaric edilərək Müdafiə Nazirliyinin sərəncamına qaytarılmışdır. İddiaçı həmin əmrin ona aid hissədə ləğv edilməsini və onunla bağlanmış əmək müqaviləsinə “öz arzusu ilə xitam verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.2023 tarixdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad olunmasını və ədliyyə orqanlarında qulluq keçməsinə xx.xx.2023-cü il tarixdən öz arzusu ilə xitam verilməsini xahiş etsə də, iş materiallarında olan Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 06 sentyabr 2023-cü il tarixli, 45k nömrəli və Ədliyyə Nazirliyinin mübahisələndirilən 27 oktyabr 2023-cü il tarixli, 541-k nömrəli əmrlərinin dispozisiyasına əsasən İddiaçı rəsmiləşdirmə və heç bir üzürlü səbəb olmadan xx.xx.2023-cü il tarixdən etibarən 2 ay 7 gün (xx.xx.2023-xx.xx.2023) işə çıxmamış, bununla əlaqədar ona xx.xx.2023-cü il tarixli əmrlə şiddətli töhmət verilmiş, lakin tətbiq olunmuş intizam tənbehindən sonra da daha 1 ay 21 gün (xx.xx.2023-xx.xx.2023) üzrlü səbəb olmadan işə çıxmamağına davam etmişdir. İddiaçı üzrlü səbəb olmadan işə çıxmaması faktını nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında verdiyi izahatlarında təkzib etməmiş, habelə ümumilikdə 3 ay 28 gün müddətində işə çıxmamasının üzrlü səbəblərlə bağlı olmasını təsdiq edən hər hansı bir dəlil-sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın “Ədliyyə işçilərinin xidməti davranışı”nın təsbit olunduğu 4-cü bəndinə əsasən ədliyyə işçisi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır (4.1.). Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur (4.2.). “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun Ədliyyə orqanları işçilərinin əsas vəzifələri təsbit olunmuş 10-cu maddəsinə əsasən Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: - rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli (10.0.2.); - başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli (10.0.3.); - etik davranış və intizam qaydalarına əməl etməlidirlər (10.0.11. ). “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “İntizam məsuliyyətinin növləri” təsbit olunmuş 31-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər (31.1.): - şiddətli töhmət (31.1.3.); - ədliyyə orqanlarından xaric etmə (31.1.8.). Qeyd olunduğu kimi, iddiaçı heç bir üzürlü səbəb olmadan xx.xx.2023-cü il tarixdən etibarən 2 ay 7 gün işə çıxmamış, bu ciddi qanun pozuntusuna görə ona xx.xx.2023-cü il tarixli, 45-k nömrəli əmrlə şiddətli töhmət verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsinə əsasən bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Qeyd olunduğu kimi, İddiaçı rəsmiləşdirmə və heç bir üzürlü səbəb olmadan 2 ay 7 gün işə çıxmaması ilə əlaqədar ona xx.xx.2023-cü il tarixli, 45-k nömrəli əmrlə şiddətli töhmət verilməsinə baxmayaraq, tətbiq olunmuş intizam tənbehindən sonra da daha 1 ay 21 gün (ümumilikdə 3 ay 28 gün) üzrlü səbəb olmadan işə çıxmamağına davam etmiş, nəticədə qanunla müəyyən edilmiş əsas vəzifəsini yerinə yetirməyərək xidməti intizamı kobud şəkildə və mütəmadi pozduğuna görə Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 541-k nömrəli əmri ilə o, ədliyyə orqanlarından xaric edilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası”nın təsbit edildiyi 32-ci maddəsinə əsasən intizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir (32.1.). İddia ərizəsində 27 oktyabr 2023-cü il tarixli, 541-k nömrəli əmr qəbul edilərkən cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci və 61.2-ci maddələrinin tələblərinin yerinə yetirilmədiyi bildirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 06 sentyabr 2023-cü il tarixli, 45-k nömrəli və Ədliyyə Nazirliyinin mübahisələndirilən 27 oktyabr 2023-cü il tarixli, 541-k nömrəli əmrlərinin dispozisiyasından görünür ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci və 61.2-ci tələbləri cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərin tədqiqi göstərir ki, istər Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 06 sentyabr 2023-cü il tarixli, 45-k nömrəli, istərsə də Ədliyyə Nazirliyinin mübahisələndirilən 27 oktyabr 2023-cü il tarixli, 541-k nömrəli əmrləri qanunvericiliyin tələblərinə tam riayət edilməklə verilmişdir. Bundan başqa, Ədliyyə Nazirliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 6.2-ci bəndinə əsasən İddiaçı öz üzərinə ədliyyə orqanlarında 10 təqvim ili müddətində fasiləsiz işləmək öhdəliyi götürmüş olsa da, cəmi 1 il 10 ay 10 gün işlədikdən sonra tutduğu vəzifədən azad olunması və ədliyyə orqanlarında qulluq keçməsinə xx.xx.2023-cü il tarixdən öz arzusu ilə xitam verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Halbuki, iş materiallarından göründüyü kimi, İddiaçı tibb xidməti leytenantı rütbəsinə malik hərbi qulluqçudur və “Hərbi vəzifə və hərbi xidmət haqqında’’ Qanunun 41.0.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə uyğun olaraq kadr zabit heyətindən olan şəxslər öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etdikdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Bundan əlavə, iddia ərizəsində tələbə verilən hüquqi tövsifdən görünür ki, iddiaçı mübahisələndirdiyi 27 oktyabr 2023-cü il tarixli, 541-k nömrəli əmrin ona aid hissədə ləğv edilməsinin hüquqi əsası kimi əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddələrinin tələblərinə istinad etmişdir. Lakin qeyd olunduğu kimi, iş materiallarına əsasən müdafiə nazirinin şəxsi heyət üzrə 2021-ci il 25 iyun tarixli əmri ilə İddiaçı zabit hərbi rütbəsi verilmiş, ədliyyə nazirinin xx.xx.2021-ci il tarixli, 427-K nömrəli əmri ilə o, hərbi rütbəsi nəzərə alınmaqla tibb xidməti leytenantı xüsusi rütbəsində hesab olunmuşdur. Göründüyü kimi, İddiaçı hərbi qulluqçudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu Məcəllənin tələbləri hərbi qulluqçulara şamil edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Ədliyyə Nazirliyinin 27 oktyabr 2023-cü il tarixli, 541-k nömrəli əmrinin “İxtisaslaşdırılmış müalicə müəssisəsi tibb xidmətinin V vərəm şöbəsinin böyük həkim-fiziatrı, tibb xidməti leytenantı İddiaçı aid hissədə ləğv edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun, “Ədliyyə orqanları işçilərinin etik davranış Qqaydaları”nın, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “27 oktyabr 2023-cü il tarixli, 541-k nömrəli əmrin ona aid hissədə” ləğv edilməsinə dair tələbi əsaslı deyil. İddiaçının tələbinin digər, yəni “onunla bağlanmış əmək müqaviləsinə “öz arzusu ilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın qeyd olunan hissəsi birinci hissənin (Ədliyyə Nazirliyinin 27 oktyabr 2023-cü il tarixli, 541-k nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi) həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə rədd edildiyindən məhkəmə hesab edir ki, iddianın qalan hissəsi də rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 541-K nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinə “öz arzusu ilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 541-K nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinə “öz arzusu ilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1896/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1896/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver