Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1898/2022 05.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi x1 katibliyi ilə, İddiaçı cavabdeh Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və digər cavabdeh Kontakt Home təşkilatından əmlakların və ya dəyərinin alınıb mənə verilməsi” barədə iddia tələbinə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və digər cavabdeh Kontakt Home təşkilatından əmlakların və ya dəyərinin alınıb mənə verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 49.1-ci maddəsinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər: işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçılarını dəvət etmək, hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə tələb edən müəyyən halların izah olunması üçün müddət təyin etmək, zəruri sənədləri (arayışları, məlumatları) toplamaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, proses iştirakçılarının şəxsən məhkəməyə gəlmələrinə dair sərəncam vermək, şahidləri və ekspertləri dəvət etmək. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(120)-1898/2022 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. İddiaçı işin hаllаrı və mübаhisənin vəziyyəti ilə bаğlı məsələlərin müzаkirəsi üçün 05 avqust 2022-ci il tarixdə, saat 12.45-də məhkəməyə dəvət оlunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan xəbərnamədən müəyyən olunur ki, keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi və yardım məktubu iddiaçı tərəfindən alınmışdır. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə İddiaçı iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-1140/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı Ağali qızının "xxxx" MMC-yə cəmi 1308 manat borcunun olduğu müəyyən edilmişdir. İş materiallarında olan inkasso sərəncamlarına əsasən İddiaçı Ağali qızının "xxxx" MMC-yə olan borcunun əmək haqqından tutulduğu müəyyən edilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən Azərbaycan Respublikası məhkəmələrinin qərarları, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları, məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçının tələbi mahiyyətinə görə Masallı rayon Məhkəməsinin 2(050)-1140/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə onun əmək haqqına yönəldilmiş tutmanın (pul vəsaitinin alınmasının) dayandırılması, yəni icra işi üzrə icraatın dayandırılması barədədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat müvafiq (Qanunun 19.1.1 – 19.1.7-ci maddələrində göstəriıən) vaxtlara qədər dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar yerinə yetirdiyi vəzifələrdəndir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzlbati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi Masallı Rayon Məhkəməsinin tərəfindən verilmiş icra vərəqəsinin icrası ilə bağlı yaranmışdır. Ona görə də, həmin qətnamənin icrası gedişində cavabdehin hərəkətlərinin qanuni və qanunsuz olması da inzibati məhkəmənin yox, qətnaməni qəbul edən və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aiddir. Belə olan halda, İddiaçı hazırkı tələb ilə bağlı inzibati məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. İddiaçılar isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, hazırkı iddianı qaldırmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı məktub ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edilərsə, qəbul olunmayan elan edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1898/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1898/2022
05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver