Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1898/2025 11.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1974-cü il tarixdə barəsində tərtib olunmuş 212 saylı doğum haqqında bərpa akt qeydində uşaq qrafasında doğum tarixinin xx.xx.1968-ci il tarixdən xx.xx.1964-cü il tarixə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1974-cü il tarixdə barəsində tərtib olunmuş 212 saylı doğum haqqında bərpa akt qeydində uşaq qrafasında doğum tarixinin xx.xx.1968-ci il tarixdən xx.xx.1964-cü il tarixə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1964-cü il tarixdə Laçın rayonu Dambulaq kəndində doğulmuş, şəxsiyyət vəsiqəsi, hərbi biletində də doğum tarixi həmin il göstərilmişdir. Lakin müəyyən sənədləşmə işləri aparılarkən müəyyən olunmuşdur ki. barəsində xx.xx.1974-cü il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 212 saylı doğum haqqında bərpa akt qeydində uşaq qrafasında doğum tarixi xx.xx.1968-ci il kimi qeyd edilmişdir. Sənədlərdə uyğunsuzluq olduğuna görə öz hüquqlarını həyata keçirməklə bağlı müəyyən sənədləşmə işləri aparmaqdan ona imtina olunur. Qeyd edilən ziddiyyətlərin aradan qaldırılması üçün ərizə ilə cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsi 09 oktyabr 2024-cü il tarixdə rəsmi məktubla ona bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları»nın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verənin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Təqdim olunmuş sənədlərdə uyğunsuzluq və ziddiyət olduğundan xx.xx.1974-cü il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində tərtib olunmuş 212 saylı doğum haqqında bərpa akt qeydində uşaq qrafasında doğum tarixinin “xx.xx.1968-ci il” tarixdən '‘xx.xx.1964-cü il” tarixə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh təşkilat qeyd edilən vəziyyəti bilə-bilə ona əsassız şəkildə imtina etmişdir. Hesab edir ki, Laçın rayon Qeydiyyat Şöbəsinin doğum akt qeydində düzəlişin edilməsi ilə bağlı müraciətini təmin etməməsi onun qanunvericilikdə müəyyən olunmuş hüquqlarını məhdudlaşdırır. Qeyd edilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: xx.xx.1974-cü il tarixli, İİİ-ЖГ 261371 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. xx.xx.1989-cu il tarixli, H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı SSR Silahlı qüvvələrində müddətli hərbi xidmətdə olmuşdur. Laçın rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.1974-cü il tarixdə Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 212 saylı doğum haqqında bərpa akt qeydinin uşaq qrafasında doğum tarixi “xx.xx.1968-ci”il təqdim olunan digər sənədlərdə isə doğum tarixi “xx.xx.1964-cü”il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1 -ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Bununla bağlı izah edirik ki, təqdim olunan sənədlərlə doğum haqqında akt qeydində uyğuynsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1974-cü il tarixdə Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 212 saylı doğum haqqında bərpa akt qeydinin uşaq qrafasında doğum tarixinə “xx.xx.1968-ci il” tarixdən “xx.xx.1964-cü il” tarixə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağabəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 177 nömrəli məktubunda qeyd edilmişdir ki, Laçın rayonu Dambulaq kənd sakini İddiaçı ondan ötəri ki, o həqiqətən Ağcabədi rayonu Ağabəyli kənd ərazisində müvəqqəti məskunlaşıb və yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14002 nömrəli məktubunda qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü, Ağcabədi rayonu, Xocakənd kəndində yaşayan İddiaçı arxiv məlumatına görə xx.xx.1993-xx.xx.1993-cü il tarixdə yuxarıda adı göstərilən xəstəxanada məcburi müalicədə olub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı verilmiş AZE seriyalı 05252241 nömrəli 4EW4B7Z fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər DİN-in müvafiq əmrinə əsasən 2011-ci ildə yandırma yolu ilə məhv edilmişdir. Orta Təhsil haqqında xx.xx.1981-ci il tarixli, AИ № 544815 nömrəli atestatdan görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı Laçın rayon Şəlvə kənd orta məktəbini 1981ci ildə bitirmişdir. xx.xx.1974-cü il tarixli, 212 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Laçın rayonunda anadan olmuş, atası X5, anası X1r. xx.xx.1984-cü il tarixli, 26 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X3 xx.xx.1984-cü il tarixdə Laçın rayonunda anadan olmuş, atası İddiaçı, anası X2r. Tətbiq olunan hüquq normaları: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın: preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1968-ci il tarixdən xx.xx.1964-cü il tarixə dəyişdirilməsi və doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasından ibarətdir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan xx.xx.1989-cu il tarixli, H3 № ******* nömrəli hərbi biletin, AZE seriyalı 05252241 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı təvəllüdü 1964 kimi qeyd edilmişdir. Həmçinin Orta Təhsil haqqında xx.xx.1981-ci il tarixli, AИ № 544815 nömrəli atestatdan görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı Laçın rayon Şəlvə kənd orta məktəbin tam kursunu 1981-ci il tarixdə bitirmişdir. İddiaçının 1981-ci il tarixdə orta məktəbi bitirdiyini nəzərə alsaq onun 1968-ci ildə doğulması ağlabatan hesab edilə bilməz. Beləliklə də, məhkəmə iş materiallarında olan bütün sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı doğum tarixi 1964-cü il olmuşdur və səhvən doğum akt qeydində 1968-ci il kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı İddiaçı doğum akt qeydində doğum tarixinin “xx.xx.1968-ci il tarixdən xx.xx.1964-cü il tarixə” dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, doğum akt qeydində dəyişiklik edilməsi üçün iddiaçının kifayət qədər əsasları vardır və İddiaçı doğumu haqqında tərtib edilmiş xx.xx.1974-cü il tarixli 212 saylı akt qeydində doğum tarixinin xx.xx.1968-ci il tarixdən xx.xx.1964-cü il tarixə dəyişdirilməsi (düzəliş edilməsi) öhdəliyi cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci , 69-cu , 75ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı doğumu haqqında tərtib edilmiş xx.xx.1974-cü il tarixli 212 saylı akt qeydində doğum tarixinin xx.xx.1968-ci il tarixdən xx.xx.1964-cü il tarixə dəyişdirilməsi (düzəliş edilməsi) öhdəliyi cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1898/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1898/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver