Məhkəmə qərarları › İş №2-1(120)-19/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-19/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-19/2025 10.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 10 fevral 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli sərancamı və Torpaqayırma Komissiyasının eyni tarixli aktı ilə ona ayrılmış Masallı şəhərində yerləşən 400 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Masallı şəhər bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Torpaqayırma Komissiyası tərəfindən 22 iyun 1998-ci il tarixdə ona Masallı şəhərinin qabaq hissəsində boş istifadəsiz qalmış sahədən cənubdan və qərbdən boş sahə, şərqdən kanal və şimaldan Rüfət Rzayevin həyəti ilə həmsərhəd olan ərazidən 400 kv.metr torpaq sahəsi ayrılaraq təhkim edilmiş və bu barədə həmin tarixdə akt tərtib edilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərancamı ilə ona 400 kv.metr torpaq sahəsinin təhkim edilməsi və həmin torpaq sahəsində 60 kv.metr yaşayış sahəsi olan fərdi mənzil tikintisinə icazə verilməsi barədə 22 iyun 1998-ci il tarixli komissiyanın təsdiq edilməsi, Masallı şəhər inventarizasiya bürosuna 400 kv.metr torpaq sahəsinin adına keçirilməsinin tapşırılması qərara alınmışdır. Lakin torpaq sahəsinə dair hüquqları hazırki vaxtadək qeydiyyata alınmamışdır. Həmin torpaq üzərində hüquqlarının qeydiyyatı üçün DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərkən hüququnun qeydiyyatından imtina edilərək həmin torpağın ayrılması barədə sovxozun əmri, əmrin arxivdə olması barədə arxiv çıxarışı və torpaq sahəsinin sxemini əks etdirən təhkim aktının təqdim edilməməsi barədə 02 avqust 2021-ci il tarixli məktub verilmişdir. Lakin nəzərə alınmamışdır ki, torpaq ayrılması barədə əmr, təhkim aktı və əmrin arxivdə olması barədə arxiv çıxarışları vardır və bunları ərizəsinə əlavə etmişdir. O ki, qaldı bu sənədlərin məhz sovxoz tərəfindən verilməsinə, qeyd olunan torpaq ayrılan dövrdə artıq sovxoz yox idi və həmin dövrdə torpaq ayrılması Masallı rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətində olmaqla ərazi nümayəndələri də Başçı tərəfindən onlara verilmiş səlahiyyətləri icra etmişlər. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında ərazi nümayəndəliyinin sərancamı da nəzərdə tutulmuşdur. Bunlar isə cavabdehin hüququ qeydə almaqdan əsassız olaraq imtina etməsini göstərir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsaslanaraq, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli sərancamı və Torpaqayırma Komissiyasının eyni tarixli aktı ilə ona ayrılmış Masallı şəhərində yerləşən 400 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 gəlmiş, İddiaçı və üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan 22 iyun 1998-ci il tarixli ərizədən, səlahiyyətli şəxslərin imzaladıqları və möhürlə təsdiq olunmuş 22 iyun 1998-ci il tarixli aktdan və sərəncamdan, habelə xx.xx.2008-ci il tarixli, Ç352 nömrəli Masallı Rayon Dövlət Arxivinin çıxarışından müəyyən olunur ki, İddiaçı ərizə ilə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinə müraciət edərək, fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmiş, ailə vəziyyəti, özünə məxsus evi və torpaq sahəsi olmadığı nəzərə alınaraq Masallı şəhərinin qabaq hissəsində boş, istifadəsiz ərazidən ona 400 kv.m torpaq sahəsi ayrılıb təhkim edilmiş və həmin torpaq sahəsində 60 kv.m yaşayış sahəsi olan fərdi mənzil tikməsinə icazə verilmiş, bu barədə müvafiq akt tərtib olunmuş, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinin 22 iyun 1998-ci il tarixli 90 nömrəli sərəncamı ilə 22 iyun 1998-ci il tarixli akt təsdiq edilmişdir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********65 nömrəli və məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********70 nömrəli məktublarında aşağıdakılar bildirilmişdir: Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanlanmış 12 iyul 2021-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, torpaq sahəsinin ayrılması barədə sovxozun əmri, əmrin arxivdə olması barədə arxiv çıxarışı və torpaq sahəsinin sxemini əks etdirən təhkim aktı təqdim edilməmişdir. Məlumat üçün bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə daşınmaz əmlakın qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı müvafiq hüquqmüəyyənedici sənədləri (22 iyun 1998-ci il tarixli akt və sərəncam) əlavə etməklə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinin 22 iyun 1998-ci il tarixli, 90 nömrəli sərəncamı və 22 iyun 1998-ci il tarixli Aktla fərdi mənzil tikmək üçün ona ayrılmış və təhkim edilmiş 400 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəəlilabad Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan isə həmin torpaq sahəsinin ayrılması barədə sovxozun əmrinin, əmrin arxivdə olması barədə arxiv çıxarışının və torpaq sahəsinin sxemini əks etdirən təhkim aktının təqdim edilməməsini əsas gətirərək müraciətin təmin olunmasından, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Masallı şəhərində yerləşən, Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərancamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə iş üzrə xx.xx.2023-cü il tarixli, 10/3574 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2409/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamına əsasən Masallı şəhəri ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsinin məkan göstəricilərini əks etdirən hər hansı bir sənəd olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmamışdır. İddiaçı iddia etdiyi faktiki 0,04 ha (400 kv.m) olan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin torpaq sahəsinin 337 kv.m hissəsinin Torpaqların elektron kadastr uçotu inforasiya sistemi baza məlumatı materialında bələdiyyə mülkiyyəti kimi plana alınmış həyətyanı, qalan 63 kv.m hissəsi isə ümumi istifadəli torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə əlavə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamına əsasən Masallı şəhəri ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsinin 22 iyun 1998-ci il tarixli təhkim aktında qeyd olunan sərhədləri, yəni şimaldan - Rzayev Rüfətin həyəti, cənubdan – boş sahə, qərbdən - boş sahə və şərqdən – kanal olaraq göstərilən məkan göstəriciləri nəzərə alınmaqla həmin torpaq sahəsinin yeri müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə iş üzrə xx.xx.2024-cü il tarixli, 10/7807 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12.05.23 tarixli, 3-21-3-44/2-2409/2023 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: - Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamına əsasən Masallı şəhəri ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinin məkan göstəricilərini əks etdirən hər hansı bir sənəd olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək mümkün olmadı. İddiaçı iddia etdiyi faktiki 0,04 ha (400 kv.m) olan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İddiaçı iddia etdiyi fiziki sərhədsiz olan faktiki 0,04 ha (400 kv.m) torpaq sahəsinin 337 kv.m hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında bələdiyyə mülkiyyəti kimi plana alınmış həyətyanı, qalan 63 kv.m hissəsi isə ümumi istifadəli torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12.05.23 tarixli, 3-21-3-44/2-2409/2023 nömrəli mütəxəssis rəyinə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3574 nömrəli və xx.xx.2024-cü il tarixli, 10/7807 nömrəli ekspert rəylərinə əsasən, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamına əsasən Masallı şəhəri ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinin 337 kv.m hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında bələdiyyə mülkiyyəti kimi plana alınmış həyətyanı, qalan 63 kv.m hissəsi isə ümumi istifadədə olan torpaq sahələrinə aiddir. İş materialarında olan Masallı rayonu Masallı Bələdiyyəsinin 06 yanvar 2025-ci il tarixli, 03 nömrəli məktubunda İddiaçı iddia tələbinə etirazlarının olmadığı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamına əsasən Masallı şəhəri ərazisində ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinin ümumi istifadədə olan 63 kv.m hissəsi istisna olmaqla, qalan bələdiyyə mülkiyyətinə aid edilmiş 337 kv.m hissəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə “dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda” hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” Bundan başqa, məhkəmə hesab edir ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamına əsasən Masallı şəhəri ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinin 337 kv.m hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında bələdiyyə mülkiyyətində olan torpaqlara aid edilməsində, qeyd olunan torpaq sahəsinin ona ayrılmasında iddiaçı təqsirli olmadığından bunun məsuliyyətinin iddiaçının üzərinə qoyulması yolverilməzdir və İddiaçı ona fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 400 kv.m torpaq sahəsinin ümumi istifadədə olan 63 kv.m hissəsi istisna olmaqla, qalan 337 kv.m. hissəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş və həmin hissədə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsindən cavabdeh inzibati orqanın imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbit olunmuş hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikməsi üçün ona verilmiş 400 kv.m torpaq sahəsinin 337 kv.m. hissəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan 400 kv.m torpaq sahəsinin 337 kv.m hissəsi iddiaçıya qanunla müəyyən edilmiş bütün prosedur qaydalara əməl edilməklə və heç bir pozuntuya yol verilmədən ayrıldığından, sözügedən torpaq sahəsinin ayrılması barədə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamı qüvvədə olmaqla hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən iddiaçının ona verilmiş 400 kv.m torpaq sahəsinin 337 kv.m hissəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamı ilə fərdi yaşayış evi tikməsi üçün ayrılmış 400 kv.m torpaq sahəsinin ümumi istifadədə olan 63 kv.m hissəsi istisna olmaqla, qalan 337 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 150 (bir yüz əlli) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəliyinin 22 iyun 1998-ci il tarixli, 90 saylı sərəncamı ilə fərdi yaşayış evi tikməsi üçün ayrılmış 400 kv.m torpaq sahəsinin ümumi istifadədə olan 63 kv.m hissəsi istisna olmaqla, qalan 337 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar