Məhkəmə qərarları › İş №2-1(120)-1900/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1900/2025

05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1900/2025 05.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü ildə Saatlı rayonunun Hacıqasımlı kəndində doğulmuşdur. Ailəlidir, məhkumluğu yoxdur, orta təhsillidir. 1992-ci ildə Saatlı rayonu, Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. xx.xx.1992-ci ildə N saylı hərbi hissəyə göndərilmişdir. xx.xx.1996-cı ildə Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində xx.xx.1992-xx.xx.1993-cü il tarixlərdə Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Xidmət müddəti 1992-1996-cı illəri əhatə edir. O, hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqan müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın 3-25-4/2-7755/2024 saylı xx.xx.2024-cü il tarixli iddia tələbinə dair yazılı münasibətində (etirazda) göstərilmişdir ki, Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-25-2/2-Q-121xx-xx/2024 nömrəli arxiv sənədlərindən iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığı və sonuncu barəsində döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumatlar aşkar olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.1973-cü ildə doğulmuşdur. ünvan 1i ünvanında qeydiyyatdadır. AO seriyalı, ******* №-li Hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı barəsində xx.xx.2005-ci il tarixdə Saatlı rayon Hərbi Komissarlığı tərəfindən hərbi hissənin verdiyi N saylı arayış ( hərbi bilet əvəzi) əsasında hərbi bilet tərtib edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsinin 3-43-49/2-1753/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş İddiaçı qeydiyyat kartasının təsdiq olunmuş surətindən müəyyən olunur ki, sonuncu may 1992-ci il tarixdən iyun 1996-cı il tarixədək N №-li hərbi hissədə sürücü vəzifəsində xidmət etmişdir. Müdafiə Nazirliyinin 141 saylı xx.xx.1996-cı il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin: 3395 №-li, xx.xx.2024-cü il tarixli və 3-25-29/2-322/2025 saylı, xx.xx.2025-ci il tarixli eyni məzmunlu cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1992-ci il tarixdə Saatlı RHK-dan təcili həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmrilə (Əsas § -1, səh-30, sıra -15, əmrdə vəzifəsi yazılmamışdır) xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmış, “sıravi” hərbi rütbəsi verilərək təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 41 №-li əmrində ( əsas §-20, sıra-3, əmrdə atasının adı, hərbi rütbəsi yazılmamışdır) təsərrüfat işlərinin yerinə yetirilməsi üçün seçilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 197 №-li əmrində ( Əsas §-3, səh-6, əmrdə hərbi rütbəsi “kiçik -çavuş” yazılmış, adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə qeyd edilmişdir) Mühafizə və xidmət bölüyünün hərbi qulluqçusu, kiçik çavuşu «Х.Г.Гулиев» ailə vəziyyəti ilə əlaqədar olaraq, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, 5 (beş) günlük qısamüddətli məzuniyyətə buraxılaraq, xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 328 №-li əmrinə ( əsas §-4; səh 64, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “sıravi” yazılmış, əmr rus əlifbası ilə qeyd edilmişdir) Mühafizə və təminat bölüyünün hərbi qulluqçusu, sıravi «Х.Г.Гулиев» xx.xx.1993-cü il tarixdən Teleqrafiya mərkəzinə keçirilərək, xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 67 №-li əmrində ( əsas §-4, səh-65, sıra 2, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “sıravi” yazılmış əmr rus əlifbası ilə qeyd edilmişdir) sıravi «Х.Г.Гулиев» ТГЦ ПУС-da “sürücü-elektrik” vəzifəsinə dəyişdirilməsi barədə məlumat vardır. 502-№-li hərbi hissə komandirinin, xx.xx.1994-cü il tarixli 131 №-li əmrində əsas §-4, səh-45, sıra-2, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “sıravi” yazılmış əmr rus əlifbası ilə qeyd edilmişdir) ТГЦ ПУС-un hərbi qulluqçusu, sıravi «Х.Г.Гулиев»in qarnizoun hauptvaxtına göndərilərək xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmrində ( əsas §-11, səh-74, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır hərbi rütbəsi “sıravi” yazılmış, əmr rus əlifbası ilə qeyd edilmişdir) ТГЦ ПУС-un hərbi qulluqçusu, sıravi «Х.Г.Гулиев»in qarnizon hauptvaxtından qayıtmış hesab edilərək xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 272 №-li əmrində ( əsas:§-1.8, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi, “Sıravi” yazılmış, əmr rus əlifbası ilə qeyd edilmişdir) ТГЦ ПУС-un hərbi qulluqçusu, sıravi «Х.Г.Гулиев»in xx.xx.1994-cü il tarixdən Zəngişalıdan ezamiyyətdən qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlaması və xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 275 №-li əmrində § 2.2, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “sıravi” yazılmış, əmr rus əlifbası ilə qeyd edilmişdir) hərbi hissədən qaçanları qeyri qaytarmaq üçün xx.xx.1994-cü il tarixdən xx.xx.21994-cü il tarixədək Saatlı, Sabirabad, Lənkəran rayonlarına ezamiyyətə göndərilən ТГЦ ПУС-un hərbi qulluqçularının siyahısında, sıravi «Х.Г.Гулиев»in adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 278 №-li əmrində ( əsas: § 1.7, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “sıravi yazılmış, əmr rus əlifbası ilə qeyd edilmişdir) xx.xx.1994-cü il tarixdən Saatlı, Sabirabad, Lənkəran rayonlarından, ezamiyyətdən qayıtmış hesab edilrək, xidməti vəzifəsinin icrasına başlamış, xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulmuş ТГЦ ПУС-un hərbi qulluqçularının siyagısında, sıravi «Х.Г.Гулиев»in adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N №-li əmrində ( əsas §-4, səh-55, sıra-3, əmrdə hərbi rütbəsi “kiçik çavuş” yazılmış, adı və atasının adı tam yazılmamışdır) Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 141 №-li əmrinə əsasən, SRQ TLQM-in elektrik-akkumulyatorçusu, kiçik çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata təxris olunduğundan Azərbaycan Respublikası Silahlı Qüvvələri aıralarından ehtiyata təxris olunduğundan xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün saatlı RHK-na göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında ( əsas: kitab: xx.xx.1996-xx.xx.1997, səh-15, sıra-4) xx.xx.1992-ci il tarixdə Saatlı RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətin siyahısına və ehtiyata tərxis edilməklə komandirin xx.xx.1996-cı il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır. 3-25-29/2-656/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 1994-1996-cı il tarixli əmrlərində N №-li hərbi hissənin döyüş şəraitində hesab edilməsi barədə məlumat aşkar olunmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-25-2/2-Q-119xx.xx/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-1935 nömrəli arayışına əsasən xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətdə olmadığına görə ona “müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Tətbiq edilən hüquq. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;( Maddə 3.) Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir ( Maddə 7). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (Maddə 3) “Hərbi vəzifə və hərbi xidmət” Azərbaycan Respublikasının Qanunu: Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır (Maddə 37). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. Məhkəmə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Göründüyü kimi, müharibə veteranı statusunun əldə edilməsi üçün aşağıda qeyd olunan dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır:

1. şəxsin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması

2. bunun müvafiq sənədlərdə- yəni, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərdə əks edilməsidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı 12 may 1992-ci il tarixdən 24 iyun 1996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən iddiaçının xidmət etdiyi hərbi hissənin döyüşən hərbi hissə olduğu müəyyən edilmir. Belə ki, Müdafiə Nazirliyinin 3-25-29/2-656/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 1994- 1996-cı il tarixli əmrlərində N №-li hərbi hissənin döyüş şəraitində hesab edilməsi barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin 3-25-29/2-322/2025 saylı xx.xx.2025-ci il tarixli məktubunun 2ci səhifəsinin 5-ci abzasında N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 272 №-li əmrində ( əsas:§-1.8, əmrdə adı və atasının adı tqam yazılmamışdır, hərbi rütbəsi, “Sıravi” yazılmış, əmr rus əlifbası ilə qeyd edilmişdir) ТГЦ ПУС-un hərbi qulluqçusu, sıravi «Х.Г.Гулиев»in xx.xx.1994-cü il tarixdən Zəngişalıdan ezamiyyətdən qayıtmış hesab edilərək, xidməti vəzifəsinin icrasına başlaması və xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat olduğu müyyən olunsa həmin dövr döyüş əməliyyatlarının bitdiyi dövrə təsadüf edir. Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci tarixli Qərarında göstərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

İddiaçının hərbi xidmət keçdiyi hərbi hissənin döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından və sonuncunun döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi təsdiq edilmədiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətdə olması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada iddiaçının döyüşlərdə iştirak edən hərbi hissənin tərkibində xidmət etməməsi onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar