Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1905/2025 11.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsinə qarşı “Azərittifaq Salyan rayon Kooperativlər Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti, 99 ünvanında yerləşən mağaza binasının 1-ci mərtəbəsinin X3 barədə xx.xx.2021-ci il tarixli, 61 saylı qərarın və 2-ci mərtəbəsinin X1 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarın və alqı-satqı müqavilələrinin ləğv olunması və həmin mağaza binasının ona satılmasının cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsinə qarşı “Azərittifaq Salyan rayon Kooperativlər Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti, 99 ünvanında yerləşən mağaza binasının 1-ci mərtəbəsinin X3 barədə xx.xx.2021-ci il tarixli, 61 saylı qərarın və 2-ci mərtəbəsinin X1 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarın və alqı-satqı müqavilələrinin ləğv olunması və həmin mağaza binasının ona satılmasının cavabdehlərin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə iddianın mümkünlüyü əsaslarının yoxlanılmasını zəruri saymışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadətlə döyüşərək şəhid olmuşdur. O, şəhid ailəsi olaraq dövlət və qeyri-dövlət qurumlarına müraciət edərək Azərittifaqın Saylan rayon kooperativlər cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti, 22 ünvanında yerləşən ticarət obyektinin onun icarəsinə verilməsini xahiş etmişdir, bununla bağlı Cavabdeh1 İdarə heyətirinin sədrinin müavini F.İ.İsmayılov Salyan rayon kooperativ cəmiyətinin idarə heyətinin sədri Elşad İsmayılova xx.xx.2021-ci il tarixli məktub ünvanlayaraq Salyan şəhəri, H.Əliyev prospekti, 22 ünvanında yerləşən ticarət obyektinin onun icarəsinə verilməsini tapşırmışdır. Buna baxmayaraq cavabdeh təşkilat qanunsuz olaraq həmin mağazanın 1-ci mərtəbəsini X5 xx.xx.2021-ci il tarixdə, 2ci mərtəbəsini isə xx.xx.2022-ci il tarixdə X2. O, şəhid ailəsidir və dövlətimiz tərəfindən onlar üçün müəyyən güzəştlər tətbiq olunmuşdur. O, hər hansı quruma mağaza ilə bağlı müraciət etmişsə, üstünlük hüququ onda olmalı və başqa şəxslərə yox, ona həmin obyekt icarəyə verilməlidir. Lakin cavabdeh təşkilat qanunsuz olaraq həmin mağazanı başqa şəxslərə satmışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mümkünlük iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı, 3-cü şəxs və cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçı, 3-cü şəxs və cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia tələbinin əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxış edir. Belə ki, iş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-3548/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaqa) qarşı “Salyan rayon kooperativ Cəmiyyətinin balansında olan Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsinin X3 barədə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının xx.xx.2021-ci il tarixli, 61 saylı qərarının və Salyan şəhəri, H.Əliyev prospekti 99 ünvanında yerləşən 22 ticarət sahəsinin X1 barədə xx.xx.2022-ci il tarixli, 62 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin qərardad ilə iddia tələbi mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-181/2024 nömrəli qərardadından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3548/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3548/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın mümkün hesab edilməməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Belə olan halda hazırki iddianın mümkün sayılmaması üçün əsas yaranmışdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Eyni zamanda, qeyd olunur ki, məhkəmə, həmçinin hazırkı iş üzrə İPM-nin 13-cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya 14 yanvar 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək hallar, mümkünsüzlük şərtləri, yəni məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqdan sonra eyni tərəflər arasında eyni əsas və eyni predmetlə bağlı iddia tələbinə yenidən baxılmasının mümkünsüz olduğu izah edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1905/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1905/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver