Məhkəmə qərarları › İş №2-1(120)-1909/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1909/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1909/2022 01.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 01 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsi tərəfindən səfərbərlik sərancamına əsasən 30 oktyabr 2020-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. ******* nömrəli hərbi biletindən göründüyü kimi, o, N dekabr 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 dekabr 2020-ci il tarixli, 274 nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Müharibə dövründə N və N nömrəli hərbi hissələrdə hərbi xidmət keçmişdir. Həm də hərbi biletdən göründüyü kimi Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin 24 may 2022-ci il tarixli, 4/3-5383 nömrəli məktubla müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin verdiyi cavab ədalətsiz və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş notariat qaydasında təsdiqlənmiş SX № ******* saylı hərbi biletinin müharibə dövründə hərbi xidmət keçmək bölməsindən məlum olur ki, o, hərbi hissənin Qərargah rəisinin N oktyabr 2020-ci il tarixli, 34 nömrəli əmri ilə N saylı hərbi hissənin siyahısına daxil olmuş və hərbi hissənin Qərargah rəisinin N noyabr 2020-ci il tarixli, 38 nömrəli əmri ilə N saylı hərbi hissənin siyahısından çıxarılmışdır. Hərbi biletin həmin bölməsindən məlum olur ki, o, hərbi hissənin qərargah rəsinin N noyabr 2020-ci il tarixli, 38 nömrəli əmri ilə N saylı hərbi hissənin siyahısına daxil olmuş və hərbi hissənin qərargah rəsinin N dekabr 2020-ci il tarixli, 100 nömrəli əmri ilə N saylı hərbi hissənin siyahısından çıxarılmışdır. Hərbi biletin həmin bölməsindən məlum olur ki, o, Vətən müharibəsində iştirak etmişdir. SX № ******* saylı hərbi biletində müəyyən edilən məlumatlar inandırıcı məlumatlar kimi qəbul edilməlidir və onun 30 oktyabr 2020-N dekabr 2020-ci il dövrdə döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatlar kimi qiymətləndirilməlidir. Beləliklə də, ona veteranı adı və vəsiqəsi verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qanunvericiliyin qeyd olunan tələbləri və hərbi biletin sübutlarla müəyyən edilən halları birmənalı olaraq onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi tərəfindən ona müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina olunması onun qanunla qorunan hüquqlarını pozmuş olur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı, iddia ərizəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli, 4/3-9553 nömrəli məktubundan görünür ki, “Azərbaycan Ordusunun Vətən Müharibəsi dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” müdafiə nazirinin 04 mart 2021-ci il tarixli 062 nömrəli əmrinə əsasən N və N nömrəli hərbi hissələr döyüs əməliyyatlarında istirak etməmisdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2- 1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-5563 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır, Müdafiə Nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-4722 nömrəli Arxiv Arayışından görünür ki, N və N nömrəli hərbi hissələrin 2020-ci il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə təhvil verilmədiyindən İddiaçı xidməti və həmin dövrdə 261, N nömrəli hərbi hissələrin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə araşdırma apara bilmirlər. İş materillarında olan Füzuli rayon Polis Şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, N0-1N48-1222 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materaillarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 915 nömrəli məktubuna əlavə edilmiş qeydiyyat kartasının kserosurətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. İddiaçıya məxsus SX № ******* nömrəli hərbi biletdə onun xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci ilədək N nömrəli hərbi hissənin tərkibində, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci ilədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçdiyi, həmçinin N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci ilədək N nömrəli hərbi hissənin tərkibində, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci ilədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmiş, lakin onun xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının adına olan SX № ******* nömrəli hərbi biletdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etdiyi qeyd olunsa da, həmin qeydlər arxiv sənədləri ilə təsdiqini tapmır. Bundan əlavə, iddiaçı məhkəmə iclasında verdiyi izahatında xx.xx.2020-ci il tarixdə səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağırıldığını, xx.xx.2020-ci il tarixdən Mingəçevir şəhərində yerləşən 261 (özünün deməsinə görə 708) saylı hissənin tərkibində hərbi xidmət keçdiyini, xx.xx.2020-ci il tarixdən isə Ağdam rayonu ərazisində yerləşən 281 (özünün deməsinə görə 190) saylı hərbi hissəyə göndərildiyini, xx.xx.2020-ci il tarixədək həmin hərbi hissədə hərbi xidmət keçdiyini, xx.xx.2020-ci il tarixdə isə tərxis olunduğunu bildirmişdir. Bu da iddiaçının döyüş əməliyyatlarında iştirak etməməsinin sübutudur. Bundan başqa iddiaçı xidmət etdiyini iddia etdiyi N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyibdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xidmət etdiyini iddia etdiyi N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmədiyindən, o, qanunvericiliyin tələbi baxımından Müharibə Veteranı deyildir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldiir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar