Məhkəmə qərarları › İş №2-1(120)-191/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-191/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-191/2023 18.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2-1(120)-546/2022 nömrəli qərardadı ilə “Saatlı rayon Mərkəzi Xəstəxanası” X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, xəstədir. 52 yaşı var. Saatlı rayonu Mərkəzi Xəstəxanasında və digər xəstəxanalarda müalicə kursu keçmişdir. Ona "Qarışıq astma, Bronxial astma. İAF, qarışıq tip, ağır gedişli nəzarət olunmayan kəsginləşmələr" diaqnozu qoyulmuşdur. Bundan əlavə ağırlaşma halında "Xroniki respirator çatışmamazlıq, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə TÇ İİ dərəcə" diaqnozu qoyulmuşdur."Ürəyin hipertenziv xəstəliyi, Arteriya hipertenziya İİ mərhələdə, yüksək risk", "Səndələmə, təsdiqlənmiş spazm ilə müşayət olunan stenokardiya ÜİX, gərginlik stenokardiyası f/sinif' diaqnozları ilə digər yanaşı xəstəlikləri də mövcuddur. Xəstəliklərinə görə mütəmadi müalicə kursu keçir. İİ qrup əlildir. Ona pensiya təyin edilmişdir. Lakin əsassız olaraq 2021-ci ildən etibarən pensiya dayandırılıb. Özünü idarə edə bilmir. Müddət ötdükcə xəstəliyi ağırlaşır. 2008-ci ildən Saatlı rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və həmin tarixdən də xroniki olaraq xəstəlikləri başlayıb. Maddi vəziyyəti çox ağırdır. Müalicə almağa maddi imkanı yoxdur. Ümidi pensiyaya idi, lakin onu da dayandırıblar. O xx.xx.2018-ci ildən-08 fevral 2018-ci ilə qədər və xx.xx.2018ci ildən-xx.xx.2018-ci ilə qədər "Saatlı rayon Mərkəzi Xəstəxanası" X4, xx.xx.2019-cu ildən-xx.xx.2019-cu ilə qədər və xx.xx.2021- ci ildən-xx.xx.2021-ci ilə qədər "Akademik M.Ə.Mirqasımov adma Respublika Kliniki Xəstəxanası" X4, xx.xx.2018-ci ildənxx.xx.2018-ci ilə qədər, xx.xx.2019-cu ildən-xx.xx.2019-cu ilə qədər və həmçinin xx.xx.2019-cu ildən-xx.xx.2019-cu ilə qədər X3 Xəstəlikləri İnstitunda stasionar müalicə kursları keçmişdir. Ümumiyyətlə 2008-ci ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Müalicə və xəstəlikləri barədə müvafiq sənədləri iddia ərizəsinə əlavə etmişdir. Səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur.Tibb müəssisəsi tərəfindən 18 may 2021-ci il tarixdə 0309003AAN2C saylı göndəriş və 15 iyul 2021-ci ildə 0309003AAPS7 saylı göndəriş Tibbi Sosial Ekspert Komissiyasına verilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi təyin edilmir. Ona qarşı haqqsızlıq olduğunu hesab edir. 6 aydır ki, müraciət etmədiyi səhiyyə müəssisəsi qalmayıb. Lakin müraciətlərinin heç bir müsbət nəticəsi yoxdur.“Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0309003AAPS7 saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina qərarı verilmişdir. Qeydiyyatda olduğu səhiyyə müəssisəsində prosedur qaydalar barədə məlumatlar var. 2008-ci ildən bəri mütəmadi olaraq müalicə kursu keçir. Yuxarıda hansı xəstəxanalarda müalicə kursu keçdiyini qeyd etmişdir. Hüquqlarının bərpa olunmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, iddiaçı Saatlı rayon sakini İddiaçı əlillik vəziyyəti barədə 16 noyabr 2021-ci il tarixli 2-1(120)-692/2021 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır.İddiaçı əlillik vəziyyəti xx.xx.2011 -ci ildə ilkin qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.Şəxsin əlillik vəziyyəti xx.xx.2014 və xx.xx.2015-ci illərdə təkrar qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır.Sonrakı dövrdə İddiaçı “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixdən “Əlillik” altsistemi tərəfindən 5(beş) il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır.Şəxsin əlillik vəziyyəti sonuncu dəfə Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AAN2C nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və ixtisaslaşdırılmış stasionar müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya növbəti əlillik müddətinin təyinatından imtina edilmiş, buna səbəb kimi müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1969-cu ildə Saatlı rayonunda anadan olmuş və Saatlı rayonu Nərimanov kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X1” X2 verdikləri xx.xx.2022-ci il tarixli, T273/2022 saylı rəydə göstərilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişdə qeyd edilən “J45.8-qarışıq astma, bronxial astma, İAF qarışıq tip, ağır gedişli nəzarət olunmayan kəskinləşmələrlə; Ağırlaşma: J96.1- xronıkı respirator çatmamazlıq, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə TÇ İİ dər. Yanaşı xəstəliklər: İ11-ürəyin hipertenziv xəstəliyi, arterialhıpertenzıya İİ mərhələ, yüksək risk. İ20.1-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardıya, ÜİX, gərginlik stenokardiyası f\sinif’ diaqnozu şəxsin stasionarlarda müayinə və müalicələri zamanı aparılmış kliniki, laboratorınstrumental və funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, xəstəliyin dinamikası, müalicə tədbirləri düzgün aparıldığından günü proqnoz qənaətbəxş olmuşdur. Hazırda əsas xəstəliyin ağırlaşmaları əlillik təyinatına əsas vermir. Əsas xəstəliyə görə ixtisaslaşmış müalicənin davam etdirilməsi fonunda şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar müəyyən edilərsə əlillik təyinatına baxıla bilər. Bu səbəbdən də hazırda ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının meyarlarını aid etmək mümkün olmadı. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri xx.xx.2023-cü il tarixli, 1053 saylı rəydə göstərilmişdir ki, 1-4. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, onda “Qarışıq astma, bronxial astma, İAF, qarışıq tip, ağır gedişli nəzarət olunmayan kəskinləşmələrlə; xroniki respirator çatmamazlıq, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə TÇ İİ dər. İİİ-ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ mərhələ, yüksək risk, spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, gərginlik stenokardiyası. Sol mədəciyin İ tip diastolik disfunksiyası” müəyyən edilmişdir.Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 verdiyi xx.xx.2022-ci il tarixli, T273/2022 saylı rəyi ilə xx.xx.2023-cü il tarixli, 1053 saylı rəyi arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2022-ci il tarixli, T273/2022 saylı rəyində “Hazırda əsas xəstəliyin ağırlaşmaları əlillik təyinatına əsas vermir. Əsas xəstəliyə görə ixtisaslaşmış müalicənin davam etdirilməsi fonunda şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar müəyyən edilərsə əlillik təyinatına baxıla bilər.” qeyd olunsa da, xx.xx.2023-cü il tarixli, 1053 saylı rəyi ilə İddiaçı İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, onda “Qarışıq astma, bronxial astma, İAF, qarışıq tip, ağır gedişli nəzarət olunmayan kəskinləşmələrlə; xroniki respirator çatmamazlıq, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu ilə TÇ İİ dər. İİİürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ mərhələ, yüksək risk, spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, gərginlik stenokardiyası. Sol mədəciyin İ tip diastolik disfunksiyası” müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2023-cü il tarixli, 852 saylı rəyində İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliklərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1-ci “Tənəffüs sistemi orqanlarının xəstəlikləri” bölməsinin 1.1-ci “Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri” yarımbölməsinin (1.1.2.astma-qarışıq astma- J45) və “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci “2. Qan dövranı sisteminin xəstəlikləri” bölməsinin 2.1-ci “Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər- İ10-İ15.0” və 2.2 “Ürəyin işemik xəstəliyi” və s. yarımbölməsini əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. Həmçinin, İddiaçı “ümumi xəstəlik” səbəbindən xx.xx.2011-ci il tarixdə aparılmış ilkin müayinə nəticəsində 1 il müddətinə ikinci dərəcəli əlilliyin təyin olunması, xx.xx.2014-cü il tarixdə “ümumi xəstəlik” səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlilliyin verilməsi, xx.xx.2015-ci il tarixdə “ümumi xəstəlik” səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlilliyin verilməsi, xx.xx.2016-cı il tarixdə “Əlillik” altsistemi tərəfindən “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə ikinci dərəcə əlilliyin uzadılması, Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AAN2C nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirmə aparılaraq ixtisaslamış müalicə müddəti yetərli olmadığından, “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina olunması göstərir ki, iddiaçının əlilliyin qiymətləndirilməsi ilə bağlı ziddiyyətlər mövcuddur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, nəticə etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar