Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1916/2022 29.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalıоğlunun sədrliyi, X4 оğlunun katibliyi ilə, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı “xx.xx.1982-ci il tarixli, 147 nömrəli doğum haqqında akt qeydinə Laçın rayon Qeydiyyat şöbəsi tərəfindən edilmiş düzəlişin etibarsız hesab edilməsi, həmin akt qeydində soyadının “Məmmədov” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1982-ci il tarixli, 147 nömrəli doğum haqqında akt qeydinə Laçın rayon Qeydiyyat şöbəsi tərəfindən edilmiş düzəlişin etibarsız hesab edilməsi, həmin akt qeydində soyadının “Məmmədov” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, doğum haqqında akt qeydində soyadı “Məmmədov” olaraq qeyd edilmiş, lakin sonradan məlum olmayan səbəblərdən soyadı “Məmmədli” qeyd edilmişdir. Həmçinin iddiaçı barəsində tərtib edilmiş bütün digər sənədlərdə adı “Məmmədov” olaraq yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi, əlavə olaraq soyadın Məmmədovdan Məmmədliyə onların razılığı olmadan keçdiyini, lakin bütün sənədlərdə soyadın Məmmədov kimi qeyd edildiyi, bunun nəticəsində oğlunun işləri ilə bağlı sənədləşmə işində çətinliklər yarandığını bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı 05 mart 2022-ci il tarixli, 05/76-31/15 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1982-ci il tarixdə Laçın rayon qeydiyyat şöbəsində tərtib edilmiş 147 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyad sonluğuna Azərbaycan Respublikası Milli Məclisinin 02 fevral 1993-cü il tarixli, 495 saylı qərarına əsasən xx.xx.2003-cü il tarixdə “Məmmədov”dan “Məmmədli”yə dəyişiklik edildiyi qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirilməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.1982-ci il tarixli, 147 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə doğulması barədə qeydiyyat aparılmış, atası Nümayəndə, anası X3 qeyd edilmişdir. İddiaçının adı hissəsində məmmədov yazılmış üzərindən xətt çekilərək Məmmədli qeyd edilmişdir. - xx.xx.2017-ci il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Laçın şəhərində doğulması barədə qeydiyyat aparılmışdır. - xx.xx.2013-cü il tarixli, SX №0132803 nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə, Laçın rayonunda doğulması barədə qeydiyyat aparılmış. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2012-ci il tarixli, 006287 qeydiyyat nömrəli şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə həqiqətən Moldova Respublikasının Moldova X1 “İqtisadçı (bank və fond birjaları üzrə) bakalavr diplomu verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2012-ci il tarixli, 005591 qeydiyyat nömrəli şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2006-cı ildə həqiqətən Moldova Respublikasının Moldova X1 magistir diplomu verilmişdir. - Daxili İşlər Nazirliyi Laçın rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 3228 nömrəli məktubunda görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır, hazırda ünvan 3 ünvanında yaşayır və şəxsiyyət vəsiqəsini xx.xx.2014-cü il tarixdə, Nərimanov RPİ-nin Q və ŞVŞ-dən, sonuncu dəfə şəxsiyyət vəsiqəsini xx.xx.2017-ci il tarixdə 1-2 saylı “ASAN XİDMƏT” mərkəzindən almışdır. - xx.xx.2014-cü il tarixli, AZ-İN 961105 nömrəli X2 görünür ki, İddiaçı ilə Kazımlı Firuzə ilham qızı arasında olan nigahları rəsmiləşdirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1.Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3.Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4.Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 1.1.Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 4.1.Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 5.1.Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.2.Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3.Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4.Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.10.Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericiliyə görə, uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir və 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə uşağın soyad sonluğuna növbəti dəfə dəyişiklik kimi qiymət verilmiş və müraciətin təmin edilməsindən imtina edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, uşağın doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən, doğum haqqında şəhadətnaməsindən göründüyü kimi, uşağa “-ov” sonluqlu soyad ilkin doğum haqqında akt qeydi aparılarkən verilmiş, sonradan soyad sonluğunun dəyişdirilməsi ilə bağlı cavabdeh orqana müraciət olunmamış və cavabdeh orqan iddiaçının nəzərinə çatdırmadn və fikrini öyrənmədən soyad hissəsində “-li” kimi düzəliş etmişdir.. Cavabdeh inzibati orqanın da istinad etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “- oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq bildirir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt hazırda da qüvvədə olan Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “- yev” sonluqlu soyadların dəyişilməsi qaydası dispozitiv formada müəyyən edilmişdir. İstinad olunan normanı məhdudlaşdırıcı və imperativ norma kimi qəbul edilə bilməz. Həmçinin həmin Qərarda “- ov”, “- yev” sonluqlu soyadlara dəyişilməni qadağan edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasında yeni doğulan uşaqlara soyad verilərkən, valideynlərin soyadına uyğun olaraq “-ov”, “-yev” sonluqlu soyadların verilməsində hər hansı məhdududiyyət olmadığı halda, ilkin doğum haqqında akt qeydində digər sonluqlu və ya sonluqsuz ifadə formalarında olan soyadların sonluğunun (valideynlərin soyadına uyğun olaraq) “-ov” “-yev” olaraq dəyişdirilməsinə məhdudiyyətin tətbiq edilərək, “fərq qoyulması” ədalətli olmayan və qanunvericiliyə söykənməyən differensasiyanın aparılmasına gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Məhkəmə diqqətə çatdırır ki, həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də “İnzibati icraat haqqında” Qanunda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin hamılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrıseçkiliyə yol verilməməsini tələb edir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı soyadının sonluğunun dəyişdirilməsi hüququna malik olduğundan və qanunvericilikdə soyad sonluğunun “ov”a dəyişdirilməsini istisna edən hallar mövcud olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçıların tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı soyadın sonluğun “-li”dən “-ov”a dəyişdirilməsi öhdəliyi cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1982-ci il tarixli, 147 nömrəli doğum haqqında akt qeydinə iddiaçının (İddiaçı ilə bağlı) “Məmmədli” soyadından “Məmmədov” soyadına düzəliş edilməsi öhdəliyi cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1916/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1916/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver