Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1923/2025 06.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “əsassız hesablanmış vergi borcunun ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “əsassız hesablanmış vergi borcunun ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ona əsassız hesablanmış vergi borcunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsindən göndərilmiş bildirişdən ona məlum olub ki, məhkəmənin icraatında ona qarşı e-2-2(115)-1969/2024 saylı iş vardır. Göndərilmiş iddia ərizəsindən göstərilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi İdarəsi məhkəməyə ərizə verərək 7642.9 manat o cümlədən vergilər üzrə 5598,6 manat, faizlər üzrə 2043,49 manat, ümumilikdə 7642,09 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilir: İddiaçı dövlət büdcəsinə 7642.9 manat, o cümlədən vergilər üzrə 5598,6 manat, faizlər üzrə 2043,49 manat olmaqla ümumilikdə 7642,09 manat borcludur. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********968500 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tarixdə vergi borcu barədə bildiriş göndərilməmişdir. O, Kəlbəcər rayonunun Narınclar kəndindən məcburi köçkün düşüb faktiki Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi ev 11, mənzil 31-də yaşayır. İddiaçı tərəfindən iddia ərizəsində göstərildiyi xx.xx.2024-cü il tarixli məktub-bildiriş ona gəlməmişdir. Müraciətinə əsasən əraziyə xidmət edən Azərpoçt MMC-nin 1 saylı Poçt Filialının xx.xx.2024-cü il tarixli 1092 nömrəli məktubunda göstərilir ki, Vergilər İdarəsi tərəfindən yaşadığını ünvan üzrə adına xx.xx.2024-cü il tarixdə sifarişli məktub daxil olmuşdur. Həmin məktub xx.xx.2024-cü il tarixdə sizə çatdırılmışdır. Ona başqa bildiriş göndərilməsi aşkar edilməmişdir. Bildirir ki, onun dövlətə iddia ərizəsində qeyd edilən məbləğdə borcu yoxdur. Digər tərəfdən Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə də iddia müddəti üç ildir; Onun barəsində heç bir icra sənədi yoxdur, borc barədə ona heç bir məlumat verilməyib. Cavabdeh təşkilat ona vergi borcu olması barədə sənəd verməkdən boyun qaçırır. O, 30 ildir ki, həmin “Aydoğan” şirkətini təsis etmişdir. xx.xx.2021-ci il tarixdə nümayəndəsinin iştirakı ilə şirkətin nizamnamə kapitalı satılıb. Müqavilə Beyləqan rayon 1 saylı notariat kontorunda təsdiq edilərkən şirkətin vergi borcu olması müəyyən edilməmiş, vergi borcu olması barədə nə ona, nə də nümayəndəsinə məlumat verilməmişdir. Halbuki notariat əməliyyatı zamanı vergi borcu olsaydı, notarius bu əməliyyatı aparmazdı. Onun 88 yaşı var, Ağr xəstə olduğundan ötən müddətdə vergi borcu yaranmasına səbəb ola biləcək əməliyyat apara bilməmişdir. O, ağır xəstəliyi ilə bağlı ildə bir dəfə Türkiyəyə müalicəyə gedir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması səhhətinə çox ağır zərbə vurar. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin vəsatəti: Cavabdeh inzibati orqan vəsatətini onunla əsaslandırmıdır ki, İddiaçı (VÖEN: **********) cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı Şirvan inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək vergi borcunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, hazırki iş üzrə Dövlət Vergi Xidməti əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi ilə əvəz edilməlidir. Bildirir ki, iş üzrə cavabdeh kimi göstərilmiş 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya hər-hansı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması aparılmamışdır. Belə ki, uçot baza məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi Qarabağ Ərazi Vergilər Baş idarəsində qeydiyyatdadır. Ərazi aidiyyətinə uyğun olaraq vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması və ya mübahisələndirilən borc məbləğini silmək Qarabağ Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı iddiası üzrə Dövlət Vergi Xidmətinin əsl cavabdeh Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə təeəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması və qərardad qəbul edilməsini mümkün saydı. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlara əsasən “AYDOĞAN” X2 (VÖEN **********) 8 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına və vergi uçotuna alınmışdır. Qeydiyyatda olduğu vergi orqanı 8 saylı Ərazi Vergilər İdarəsidir. Hazırda qanuni təmsilçi fünksiyasına malik olan direktor vəzifəsində X1r (FİN 2JSC0WY). Cəmiyyətin vergi borcu yoxdur. Cəmiyyət barədə hər hansı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı (VÖEN: **********) Şərqi Zəngəzur Ərazi Vergilər idarəsində qeydiyyatda olmaqla, xx.xx.2025-ci il tarixə vergilər üzrə 5598,60 manat əsas, 2043,49 manat əsas borca görə hesablanmış faiz borcu mövcuddur. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan ərizəçi Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə xüsusi icraat qaydasında işin icraatı Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı ona əsassız hesablanmış vergi borcunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə həll edilənədək dayandırlımışdır. Vergi Xidməti Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) xx.xx.2014-cü il tarixli **********247900 nömrəli “Fiziki şəxsin qeydiyyatı” haqqında ərizəsinə əsasən vergi orqanında ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. Eyni zamanda, vergi ödəyicisinin xx.xx.2024-cü il tarixdə təqdim olunmuş **********342700 nömrəli “Fiziki şəxsin fəaliyyətini dayandırma” ərizəsinə əsasən fəaliyyəti xx.xx.2024-cü il tarixdən xx.xx.2054-cü il tarixədək dayandırılmışdır. Hal-hazırda vergi ödəyicisi Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsində qeydiyyatdadır və fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vergi ödəyicisinin ərizə ilə vergi orqanına müraciəti əsasında qeydə alınmış digər bir uçot vahidi (ƏDV məqsədləri üçün qeydiyyatı, təsərrüfat subyekti (obyekti), Bank hesab(lar)ı və s.) mövcud deyildir. Əlavə olaraq bildiririk ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixinə 5598,60 manat əsas, 2043,49 manat faiz üzrə ödənilməmiş vergi borcu var. Ödəyicinin Dövlət torpaq sahələrinin icarəsi, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə ödənilməmiş borcu yoxdur. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, cavabdehin vəsatətini və ona əlavə edilmiş sənədləri araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarından müəyyən olunur ki, iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona əsassız hesablanmış vergi borcunun ləğv edilməsindən ibarətdir. Lakin iddiaçı tərəfindən iddia tələbi düzgün cavabdehə qarşı irəli sürülməmişdir. Belə ki, məhkəmə araşdırma nəticəsində müəyyən edir ki, İddiaçı (VÖEN: **********) fərdi sahibkar kimi 2014-cü il tarixdən Şərqi Zəngəzur Ərazi Vergilər idarəsində qeydiyyatdadır və şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixinə 5598,60 manat əsas, 2043,49 manat faiz üzrə ödənilməmiş vergi borcu var. Həmçinin mövcud hal iddiaçı tərəfindən iddia ərizəsində də qeyd olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə verilmiş iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin iddiaçının barəsində hüquqlarının pozulması və ya ona qarşı hər hansı vergi borcunun hesablaması müəyyən edilmir. Beləliklə də, Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi hazırki tələb üzrə cavabdeh ola bilməz. Cavabdehin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsi barədə 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən də məhkəməyə vəsatət təqdim edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubları ilə cavabdehi düzgün cavabdehlə əvəz etmək təklif olunmuş, iddiaçı məktubları xəbərnaməyə imza etməklə qəbul etsə də, onun tərəfindən hüquqi yardım məktublarına münasibət bildirilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırlır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı hüquqi marağına uyğun olan tələblə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinə qarşı yenidən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün hesab edilməsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1923/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1923/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver