Məhkəmə qərarları › İş №2-1(120)-1925/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1925/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1925/2024 07.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “məcburi köçkünlər üçün verilən müavinətlərin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “məcburi köçkünlər üçün verilən müavinətlərin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia onunla əsaslandırılmışdır ki, onlar Füzuli rayonundan məcburi köçkündürlər, İddiaçı1 xx.xx.1952-ci ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olmuş, 1993-cü ildə Füzuli rayonu rayonu işğal edildikdən sonra doğma yurd-yuvasını tərk etməli olmuşdur. Həmin vaxtdan Bakı şəhərində məskunlaşmışdır. Onun həyat yoldaşı X3 Azərbaycan Respublikası Qaçqınıların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş məcburi köçkün statusu verən vəsiqəsi vardır. Hər ikimisi İİ qrup əlildirlər. Onların hər ikisinə də məcburi köçkünlər üçün olan sosial müavinət verilirdi. Lakin 2017-ci ildə onlara verilən müavinət dayandırılmışdır. Azərbaycan Respublikası Qaçqınıların və X4 üzrə Dövlət Komitəsinə müraciət etdikdən sonra onlara verilən müavinət bərpa edilmişdir. Beləki 2023-cü ilin sentyabr ayında onlar müavinətləri yenə dayandırılmışdır. Bunla bağlı Azərbaycan Respublikası Milli X1 qəbulu və Müraciətləri ilə iş Şöbəsinə müraciət etmişlər, Azərbaycan Respublikası Milli X1 qəbulu və Müraciətləri ilə İş Şöbəsi tərəfindən X3 müraciəti xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Qaçqınıların və X4 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Daha sonra isə X3 müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmiş məktub baxılmaq üçün Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aparatına göndərilmişdir. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli cavab məktubunda isə ona bildirildi ki, Azərbaycan Respublikası Qaçqınıların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aparatına göndərilmiş mülkiyyətində kupçalı evi olan şəxslər siyahısında İddiaçı1 da adı var. Bu səbəblə də onlara verilən sosial müavinət Dədəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Halbuki həmin mənzil 10 il əvvəl əldə edilmişdir və 10 ildir ki, müavinət alırlar. Həmin müavinət məcburi köçkün olan ailə kimi yemək xərcləri və kommunal üçün nəzərdə tutulmuş olsa da onların müavinətinin verilməsi bu səbəblə dayandırılmışdır. Məhkəməyə müraciət etməkdə məqsədləri Füzuli rayonu məcburi köçkünü olaraq müavinətin yenidən bərpa edilməsi ilə bağlıdır. Çünki Füzuli rayonunun işğal edilməmiş ərazilərində yaşayan sakinlərin müavinət almalarına rəğmən, Bakı şəhərində yaşayan məcburi köçkün olaraq mülkiyyətində mənzil olduğu üçün onlar məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinəti ala bilmirlər. Həmçinin qəsəbələrdə məskunlaşan və evlə təmin olunan məcburi köçkünlər də müavinəti alırlar. Lakin onların özlərinə məxsus bir evin olduğu üçün müavinətləri dayandırılmışdır. Qeyd edilənləri nəzərə alaraq məcburi köçkünlər üçün verilən müavinətlərin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, İddiaçı1 və arvadı Xurşud Həmzəyevə məcburi köçkün kimi vahid aylıq müavinət almışlar. Lakin, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə göndərilən adlarına kupçalı mənzil olan vətəndaşların siyahısında İddiaçı1 adına ev olduğu qeyd olunmuşdur. Buna görədə İddiaçı1 və arvadı Xurşud Həmzəyevaya verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1-ci (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) bəndinə əsasən Dədəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 avqust 2017-ci il tarixdən dayandırılmışdır. İddiaçı1 və arvadı Xurşud Həmzəyevanın vahid aylıq müavinətlərinin bərpa olunması üçün müvafiq sənədləri 01 aprel 2018-ci il və 01 dekabr 2018-ci il tarixlərdə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Sosial təminat və kommunal xidmətlər şöbəsinə göndərilmişdir. Həmin sənədlərə sözügedən şöbədə baxılmışdır və 01 dekabr 2018-ci il tarixdə İddiaçı1 və arvadı Xurşud Həmzəyevanın vahid aylıq müavinətləri bərpa edilmişdir. Lakin sonradan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən kupçalı mənzil olan məcburi köçkünlərin adları aşkar edilmişdir. Həmin məcburi köçkünlərin adlı siyahısı müəyyən edilərək, vahid aylıq müavinətlərinin dayanması üçün 3-36-3/2-379/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli məktubu və 1 (bir) ədəd cd disk qoşması ilə birgə (məktubu əlavə olunur) Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı1 adlarına kupçalı mənzil olan vətəndaşların siyahısında adına ev olduğu təkrar qeyd olunmuşdur. Buna görədə İddiaçı1 və arvadı Xurşud Həmzəyevaya verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1 -ci (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) bəndinə əsasən Dədəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2023-cü il tarixdən dayandırılmışdır. Əlavə olaraq məlumat üçün bildiririk ki, rayon sakinlərinə vahid aylıq müavinətin verilməsi və yaxudda bərpa olunması prosesində Rayon İcra Hakimiyyəti və inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən vətəndaşların bütün hüquqi sənədlərini hazırlayıb Azərbaycan Respublikası Qaçınların və X4 üzrə Dövlət Komitəsinin müvafiq Komissiyasına göndərilir. Müvafiq Komissiyada vətəndaşa vahid aylıq müavinətin verilib- verilməməsi barədə qərar qəbul edilir. İddiaçı1 və ailə üzvlərinin “2023-cü il tarixdən dayandırılmış vahid aylıq müavinətlərinin onlara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə işin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Başqa sözlə, iddia mümkün olsa da, lakin əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1952-ci il tarixdə Füzuli rayonunun İşıqlı kəndində anadan olmuş, Füzuli rayonu, İşıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1954-cü il tarixdə Qazaxısta, Bostandıx rayonunda anadan olmuş, Füzuli rayonu, İşıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.2016-cı il tarixli, 361606 nömrəli məcburi köçkün vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür. İşdə olan xx.xx.2016-cı il tarixli, 361607 nömrəli məcburi köçkün vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür. İşdə olan xx.xx.2000-ci il tarixli, 235467 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ikinci dərəcəli gözdən əlildir. İşdə olan xx.xx.2000-ci il tarixli, 235472 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, X8 ikinci dərəcəli ümumi əlildir. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti başçısının aparatının İddiaçı1 ünvanladığı xx.xx.2023cü il tarixli, 5-43/2-H-18-6/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, onun vahid aylıq müavinətinin 01 sentyabr 2023-cü il tarixdən dayandırılmamasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış, baxılmaq üçün Rayon İcra Hakimiyyətinə göndərilmiş müraciətiniz Dədəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə araşdırılmışdır. Müəyyən edilmişdir ki, məcburi köçkün kimi vahid aylıq müavinət almışlar. Lakin, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə göndərilən adlarına kupçalı mənzil olan vətəndaşların siyahısında onun həyat yoldaşı İddiaçı1 adına ev olduğu qeyd olunmuşdur. Ona görədə verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1-ci ci (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) bəndinə əsasən Dədəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2023-cü il tarixdən dayandırılmışdır. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti başçısının aparatının İddiaçı2 ünvanladığı xx.xx.2023cü il tarixli, 5-43/2-H-66-073/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, onun vahid aylıq müavinətinin 01 sentyabr 2023-cü il tarixdən dayandırılmamasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış, baxılmaq üçün Rayon İcra Hakimiyyətinə göndərilmiş müraciətiniz Dədəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə araşdırılmışdır. Müəyyən edilmişdir ki, məcburi köçkün kimi vahid aylıq müavinət almışlar. Lakin, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə göndərilən adlarına kupçalı mənzil olan vətəndaşların siyahısında onun həyat yoldaşı İddiaçı1 adına ev olduğu qeyd olunmuşdur. Ona görədə verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1-ci ci (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) bəndinə əsasən Dədəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2023-cü il tarixdən dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-859/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 və X2 rayonundan məcburi köçkündürlər. İddiaçı1 və X7 Bakı şəhəri, Xətai rayonunda müvəqqəti qeydiyyatda olmaqla, ünvan 3 ünvanında faktiki məskunlaşıb yaşayırlar. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-4664/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı1 (xx.xx.1952-ci il təvəllüdlü) adına ünvan 4 ünvanında yerləşən 8 nömrəli mənzil qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində istifadədə olan 0.60636 ha torpaq sahəsində yerləşən 56 nömrəli, 9 mərtəbəli binada, 30.14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 1032 nömrəli reyestr kitabının 92942 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993-cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. 3.3-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir. 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayır təsdiq edir və Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: - “Məcburi köçkün” statusuna malik olub respublika ərazisində olan şəxslərə; - Ər və ya arvaddan biri “məcburi köçkün” statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; - Faktiki nikahdan doğulmuş, “məcburi köçkün” statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); - Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara; “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 5-ci bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: - Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla); - Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; - Müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; - Həbsdə olan məcburi köçkünlərə; - “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; - “Məcburi köçkün” statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); - Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən “məcburi köçkün” statusu olan şəxslərə; - Səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85- 86). Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3- 36-3/2-859/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 və X2 rayonundan məcburi köçkündürlər. İddiaçı1 və X7 Bakı şəhəri, Xətai rayonunda müvəqqəti qeydiyyatda olmaqla, ünvan 3 ünvanında faktiki məskunlaşıb yaşayırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-4664/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı1 (xx.xx.1952-ci il təvəllüdlü) adına ünvan 4 ünvanında yerləşən 8 nömrəli mənzil qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində istifadədə olan 0.60636 ha torpaq sahəsində yerləşən 56 nömrəli, 9 mərtəbəli binada, 30.14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 1032 nömrəli reyestr kitabının 92942 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 adına Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində istifadədə olan 0.60636 ha torpaq sahəsində yerləşən 56 nömrəli, 9 mərtəbəli binada, 30.14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil qeydiyyata alınmışdır. Məhkəmənin qənaətinə məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinin tələbinə müvafiq olaraq iddiaçılara vahid aylıq müavinət ödənilməməlidir. Başqa sözlə, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “məcburi köçkünlər üçün verilən müavinətlərin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar