Məhkəmə qərarları › İş №2-1(120)-1926/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1926/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1926/2025 11.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 və İddiaçı5 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “akt əsasında pay torpağı əvəzi kimi verilmiş və hazırda istifadələrində olan 1,25 ha torpaq sahəsi üzərində müıkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəməninbinasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, akt əsasında pay torpağı əvəzi kimi verilmiş və hazırda istifadələrində olan 1,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçılara xx.xx.2025-ci il tarixli məktubla “hüquqi yardım” təqdim edilmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Digər iddiaçılar və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçılar İddiaçı2, İddiaçı3, X1 və İddiaçı5 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “akt əsasında pay torpağı əvəzi kimi verilmiş və hazırda istifadələrində olan 1,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət ərizəsini və (və ya) imtina məktubunu təqdim edilməmişdir. Həmçinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubla göstərmişdir ki, qeyd olunan məsələyə baxılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələblərinə əsasən sözügedən torpaq sahəsinə dair təqdim olunmuş hüquqmüəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə İmişli regional “Asan Xidmət” mərkəzində daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı bölməsinə müraciət edəcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Daşınmaz əmiakia dair nəzərdə tutulan ödəmələrlə bağlı yaranan münasibətlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunları, Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli Qərarı və digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və kənarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlar nəzərə alındığında baxılan iş üzrə yoxlanılmalı olan ilkin mümkünlük şərti iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun olub-olmamasıdır. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Hazırkı iş materiallarına təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçılar tərəfindən xx.xx.2008-ci il tarixli akt təqdim edilmişdir, torpaq sahələri üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin, başqasına keçməsi, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün tələb olunan hüquqmüəyyənedici sənədlərdən heç birini təqdim etməmişdir, mübahisəli torpaq sahəsinin onlara məxsus olmasına dair sübutlar təqdim etməmişdir. Belə ki, Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aşağıdakılar göstərilmişdir: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin s i y a h ı s ı :

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İddiaçı1 mübahisəli torpaq sahəsi üzrə müvafiq aktdan başqa heç bir sənədinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, baxılan mübahisəyə münasibətdə iddiaçının mübahisəli torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddiaçının subyektiv hüququnun olmaması, qeyd edilən torpaq sahəsinə dair qərarın qəbulunu cavabdehdən tələb etmək imkanını istisna edir. Başqa sözlə, iddiaçının hüquqmüəyyənedici sənəd olmadan torpaq sahəsindən istifadə faktına istinad etməsi onun həmin torpaq sahəsi ilə bağlı tələb hüququnun mövcud olması və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıması kimi qəbul edilə bilməz. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə iddiaçıların hər hansı bir subyektiv hüququ yaranmamışdır. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə, həmçinin iddiaçının tələblərinin hər biri cavabdehə münasibətdə ayrılıqda müəyyən edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Beləliklə, Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. İddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz (inzibati mübahisə mövcud deyildir). Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə baxılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda ilkin olaraq cavabdeh orqana müraciətin ünvanlanması və (və ya) cavabdeh orqanın imtina məktubu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, X2 və İddiaçı5 hazırkı tələblə cavabdeh inzibati orqandan akt əsasında pay torpağı əvəzi kimi verilmiş və hazırda istifadələrində olan 1,25 ha torpaq sahəsi üzərində müıkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyini cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulmasını tələb edir. Lakin iş materiallarından görünür ki, iddiaçının cavabdeh olaraq göstərdiyi inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə ünvanlanmış müraciəti yoxdur. İş üzrə məhkəmə icraatı çərçivəsində digər iddiaçılara cavabdehə müraciət məktubunun və (və ya) müraciətə cavab məktubunun təqdim edilməsi tələb edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, eyni zamanda bu faktla bağlı məhkəmə araşdırması zamanı hər hansı hal aşkar edilməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır, həmin qərarın 10.1-ci bəndinə əsasən isə bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandİrdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq,Məhkəmə qərara aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 və İddiaçı5 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “akt əsasında pay torpağı əvəzi kimi verilmiş və hazırda istifadələrində olan 1,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar