Məhkəmə qərarları › İş №2-1(120)-193/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-193/2020

02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-193/2020 02.03.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-272A (kod ********) nömrəli şəhadətnamədən Cavabdeh1 adının çıxarılmasının cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair JN-272A (kod ********) nömrəli şəhadətnamədən Cavabdeh1 adının çıxarılmasının cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2-1(086)- 2614/2019 saylı qərardadı ilə Cavabdeh1 Taleh qızının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvlərinin sayı 10 nəfərdən ibarətdir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə ailə üzvlərinə 0,54 ha torpaq sahəsi ayrılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair 06 dekabr 2005-ci il tarixdə şəhadətnamə almışdır. Hal-hazırda həmin torpaq sahəsindən istifadə edir. Həmin şəhadətnaməni alarkən iş üzrə üçüncü şəxs Cavabdeh1 adı səhvən göstərilmişdir ki, onun barəsində qeyd şəhadətnamədən çıxarılmalıdır. Belə ki, üçüncü şəxs Cavabdeh1 onun oğlu X5 ilə 2002-ci il tarixdə rəsmi nigaha daxil olmuşlarsa, şəhadətnamədə Cavabdeh1 adı necə qeyd oluna bilərdi. Daha sonra Cavabdeh1 onun adına torpaq sahəsi ayrılarkən öz ata evində olmuşdur, daha doğrusu onun ailə üzvü deyildir. Hazırda oğlu X9 ilə Cavabdeh1 arasında mülki mübahisə davam etməkdədir. Digər bir tərəfdən Cavabdeh1 (keçmiş gəlinim) Ağcabədi rayon Məhkəməsində ona, həyat yoldaşına və oğlu X3 qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsinin bölünməsinə dair iddia qaldırmış, birinci instansiya məhkəməsi X4 tələbini mövcud Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə müəyyən edilmiş, 0,54 ha torpaq sahəsindən ona düşən 0,09 ha torpaq ayıraraq ona məxsus olduğuna dair qətnamə qəbul olunmuşdur. Hazırda mübahisə Şirvan Apelyasiya Məhkəməsinin baxışındadır. Halbuki, məsələnin yəni mübahisənin obyektiv həll edilməsi üçün, inzibati orqanın verdiyi şəhadətnamədəki üçüncü şəxsin adı və soyadı çıxarılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı JN-272A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən Cavabdeh1 adının çıxarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs Cavabdeh1 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin və üçüncü şəxs Cavabdeh1 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 oktyabr 2019-cu il tarixli, 681 nömrəli arayışından görünür ki, X1 rayonu, Təzəkənd kəndində yaşayır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 25 oktyabr 2019-cu il tarixli, **********71 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Ağcabədi rayonu Təzəkənd kəndində yerləşən 6 nəfərlə ümumbirgə mülkiyyətinizdə olan 0.54 ha həyətyanı torpaq sahəsinə aid JN 272A nömrəli şəhadətnamədə adları qeyd edilənlərdən Cavabdeh1 adının çıxarılması barədə müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN 272A nömrəli torpağa mülkiyyət hüquna dair şəhadətnamə əsasında Cavabdeh1 həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alındığından həmin şəxsin adının çıxarılması Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə edilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı 21 noyabr 2019-cu il tarixli, **********89 nömrəli məktubuna əlavə olunmuş Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı protokolundan çıxarışdan görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyası tərəfindən rayonunun M.Ə.Sabir adına İstehsalat kooperativində 100 hektar taxıl toxumçuluğu təsərrüfatı yaradılması ilə əlaqədar olaraq Yerli İslahat komissiyasının qərarının təsdiq edilməsi, Təzəkənd kəndində paylanmış 374 (tərtib edilmiş siyahı və kodlar üzrə əlavə edilir) dövlət aktı öz qüvvəsini itirmiş hesab edilməsi, həmçinin bələdiyyə fondunun yerinin dəyişilməsi ilə əlaqədar layihədə yaranmış qismən dəyişiklikləri nəzərə alaraq komputer mərkəzində yenidən hazırlanması Dövlət Torpaq Komitəsindən xahiş edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı 21 noyabr 2019-cu il tarixli, **********89 nömrəli məktubuna əlavə olunmuş Ağcabədi rayonunun Təzəkənd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid xx.xx.2002-ci il tarixli cədvəldən görünür ki, 335 nömrəli dövlət aktına əsasən, xəritə nömrəsi 272 olan 0,16 ha torpaq sahəsi cədvəl üzrə İddiaçı və onun ailə üzvləri X6, X2, Cavabdeh1 Muxtar qızının, X7 və Cavabdeh1 adı qeyd edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 13 noyabr 2019-cu il tarixli, **********06 nömrəli məktubuna əlavə olunmuş siyahıdan görünür ki, xəritə nömrəsi 272 olan 0,16 ha torpaq sahəsi cədvəl üzrə İddiaçı və onun ailə üzvləri X6, X2, Cavabdeh1 Muxtar qızının, X7 və Cavabdeh1 adı qeyd edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 13 noyabr 2019-cu il tarixli, **********06 nömrəli məktubuna əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-272A, kod 60807028 nömrəli şəhadətnamədən və torpaq sahəsinin plan çizgi və qaiməsindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə 0.54 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X10, X3, Cavabdeh1 Muxtar qızına, X11 və Cavabdeh1 verilmiş və həmin torpaq sahəsinin qaiməsi və plan çizgi sənədləri tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-272A (kod ********) nömrəli şəhadətnaməAğcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı qərarı və həmin komissiya tərəfindən 15 mart 2002-ci il tarixində təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər şəhadətnamənin verilməsi üçün hüquqmüəyyənedici sənədlər hesab olunur. Həmin sənədlərdə (15 mart 2002-ci il tarixində təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəldə və adlı siyahıda) üçüncü şəxs Cavabdeh1 adı qeyd edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini o vaxt əsaslı və ya bunun əksi olaraq cavabdeh inzibati orqanın hərəkətlərini o zaman qanunsuz hesab edə bilərdi ki, şəhadətnamənin tərtib edilməsinə əsas olan sənədlərdə üçüncü şəxsin adı qeyd olunmasın. Lakin yuxarıda sadalanan sübutlardan göründüyü kimi JN-272A (kod ********) nömrəli şəhadətnamənin tərtib edilməsinə əsas olan sənədlərdə mülkiyyətçilər sırasında iddiaçı ilə yanaşı üçüncü şəxsin adı da qeyd edilmişdir. Başqa sözlə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-272A (kod ********) nömrəli şəhadətnamə ilkin hüquqmüəyyənedici sənədlərə uyğun düzgün və qanuni şəkildə tərtib edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qeydiyyat aparan orqan kimi cavabdeh inzibati orqan iddiaçının JN-272A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən Cavabdeh1 adının çıxarılması tələbi ilə bağlı ilkin müraciətindən imtina edərkən haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı JN-272A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən Cavabdeh1 adının çıxarılmasının cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-272A (kod ********) nömrəli şəhadətnamədən Cavabdeh1 adının çıxarılmasının cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar