Məhkəmə qərarları › İş №2-1(120)-1930/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1930/2024

14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1930/2024 14.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında əmək müqaviləsinə əsasən mülki işçi kimi xidmət etməyimi nəzərə almaqla müharibə veteranı fəxri adının və bununla bağlı vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı ərizə təqdim edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə yeməkxanaya qabyuyan vəzifəsinə təyin edilmiş, halhazırda da həmin hərbi hissədə əmək fəaliyyətinə davam edir. Ona veteranlıq adının verilməsi ilə bağlı müdafiə nazirliyinə rəsmi qaydada müraciət etsədə ona həmin müraciətinin əsasında xidmət etdiyi hərbi hissədən imtina məktubu verilmişdir. İmtina tam qanunsuzdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, müharibə veteran, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsassənamədə göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Fuzulı və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində doyuş əməliyyatlarında iştirak etmiş, yəni döyuş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyuş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığın və ya döyuş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim etdiyi halda), şəxsi işlər, ezamiyyət vərəqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə idiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edlməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuş, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2015-ci il tarixli, 42 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixindən əsgər yeməkxanasında qabyuyan vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 3382 nömrəli arayışından görünür ki, mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Füzuli, Xocavənd rayonları istiqamətində arxa cəbhədə maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 1323 nömrəli əmrindən çıxarışdan görünür ki, mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Füzuli, Xocavənd rayonları istiqamətində arxa cəbhədə maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-26713/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən X1 xx.xx.2022-ci il tarixindən proaktiv qaydada “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. İşdə olan Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2/2-5067 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatlarının keçirilməsi və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə X1 müharibə veteranı adı verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin qeyd hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi- psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkıbində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir. Əsasnaməyə görə, Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik hüququnun qorunması prinsipinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə imtina olunmuşdur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Məhkəmə tərəfindən müəyyən etdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 1323 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsində” Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hərbi qulluqçuların siyahısına mülki işçi İddiaçı qabyuyan kimi adı qeyd edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən İddiaçı barəsində verilmiş arayış – məlumatda verilmişdir ki, həmin məlumata əsasən iddiaçının döyüş əməliyyatlarına cəlb edilməsi barədə müvafiq əmrlərinin olması, həmin dövdə mülki şəxs qismində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməsi öz təsdiqini tapmışdır. Bundan başqa məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 3382 nömrəli arayışından görünür ki, mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Füzuli, Xocavənd rayonları istiqamətində arxa cəbhədə maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Həmçinin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq eyni hərbi hissədə eyni vəzifədə işləmiş digər şəxs – X1 müharibə veteranı adının verildiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində təqdim edilən arayışlara əsasən O.Həsənovaya “Müharibə veteranı” Adının verildiyi müəyyən edilmişdir. İnzibati orqan tərəfindən İddiaçı ərizəsi üzrə araşdırma aparılan zaman qeyd edilən halları nəzərə almamış, inzibati icraat tam aparılmamış, imtina üçün qeyd etdiyi səbəblər formal xarakter daşımış və nəticə olaraq iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının döyüş bölgəsinə ezam edilməsi məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yeməkxana xidmətinin göstərilməsi, maddi-texniki təminat üzrə taşırıqların yerinə yetirilməsi olmuşdur, iddiaçının döyüş bölgəsində hərbi qulluqçulara maddi-texniki təminat üzrə xidmət göstərməsi hazırkı iddianın təmini üçün əsasdır. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız əməliyyat təminatı kimi qəbul edilməsi düzgün deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən maddi-texniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına yeməkxana xidmətçisi məqsədi ilə göndərilməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar