Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1936/2022 05.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cavabdeh (Fövqəladə Hallar Nazirliyi TTNDA Baş Dövlət Tikinti X2 Tikinti Müfəttişliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Cavabdeh(Fövqəladə Hallar Nazirliyi TTNDA Baş Dövlət Tikinti X2 Tikinti Müfəttişliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən özbaşına inşa etdiyi 2 mərtəbəli qeyri-yaşayış binasının sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddiaçının Cavabdeh tərəfindən subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutların məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 hüququ təsdiq edən sənədlər təqdim etməmiş, iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh, üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi TTNDA Baş Dövlət Tikinti X2 Tikinti Müfəttişliyinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə mövcud iddia ərizəsi üzrə tələbə münasibət bildirməyi zəruri hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Belə ki,işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən özbaşına inşa etdiyi 2 mərtəbəli qeyri-yaşayış binasının sökülməsini tələb edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən, mülkiyyətdə olan torpaq sahəsində- hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Torpaq Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Odur ki, qüvvədə olan maddi hüquq normasının tələbinə görə, bu cür obyektlərin inşa olunması üçün icazə tələb olunmadığından, həmin işçi layihəsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. Həmin Məcəllənin 13.1-cü maddəsinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilməsini nəzərdə tutduğundan və həmin Məcəllənin 58.1 -ci maddəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsində maddi hüquq normasının tələbinə müvafiq qaydada tikinti işləri aparmaq onun qanunla qorunan hüququ olduğu üçün, apellyasiya instansiyası məhkəməsinin hazırkı qərardadı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 8-2/2015 saylı, xx.xx.2015-ci il tarixli məktubunda göstərilir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli Qanuna əsasən müəyyən istisnalar nəzərə alınmaqla “Şəhərsalma və Tikinti Məcəlləsi” 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur. Beləliklə, Məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsi ilə özbaşına tikilinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı müraciət etmə hüququ Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin deyil, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aiddir. Başqa sözlə desək, hazırki mübahisə üzrə Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin hər hansı bir subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cavabdeh (Fövqəladə Hallar Nazirliyi TTNDA Baş Dövlət Tikinti X2 Tikinti Müfəttişliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şivan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan k, 3) apellyasiya şikayəti verilə bilər. Hakim : Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1936/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1936/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver