Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1936/2025 26.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv olunması və əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv olunması və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Agentliyin tibbisosial ekspert komissiyasının onun barəsində olan qərarının ona aid hissədə ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi və ona “Azərbaycan Respublikasına ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar” səbəbindən Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6 “Üzvi mənşəli emosional-labil (astenik) pozuntusu” diaqnozu üzrə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, X5- Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarının ləğv edilməsi və İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən “Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6 “Üzvi mənşəli emosional-labil (astenik) pozuntusu” diaqnozu üzrə (orqanizim funksiyalarının hansı faizdə pozulması və əlillik müddəti müəyyən edilməklə) müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı iddianı və iddianın dəyişdirilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci ildə doğulmuşdur. xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılmışdır ( könüllü). Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.2020-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaralanaraq xəsarət almışdır. İlk tibbi yardım N nömrəli hərbi hissədə göstərilmişdir. xx.xx.2021-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində müayinə olunmuş və ona “Üzvi (barotravma) emosional labil pozuntu F06.6” diaqnozu təyin edilmişdir. O, SHXÇDX-nın Ağcabədi rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmiş, MN-nin BKH-nin torakoabdominal və nevroloqu ilə konsultasiya olunmuş, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixində Müdafiə Nazirliyinin MHP-da müayinə və müalicələrdə olmuşdur.Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 97 nömrəli qərarı ilə şəhadətləndirilərək “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu”, Barotravma (xx.xx.2020), hər iki təbil pərdəsinin quru perforasiyasının ikincili təbil pərdəsi ilə bərpa olunması, ikitərəfli xroniki koxler nevrit, ikitərəfli neyrosensor tip davamlı ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 5.5 ( beş tam onda beş) metr məsafədən eşidilməsi ilə.Partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz etməyən kor qəlpə yaralnmasından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi ( metal qəlpələr) diaqnozu qoyulmuş və həmin travmanın hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edilmişdir. Sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı olması, bir nəfər müşayiətçiyə ehtiyacı olduğu qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən ona əlillik təyinatı aparılmasından imtina edilmişdir. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilməklə, onlara iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.Məhkəmənin 2-1(120)- 5007/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Daha sonra xx.xx.2026-cı il tarixli 2-1(120)-1936/2025 saylı qərardadı ilə ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməsi barədə qərardad çıxarılmışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD-in xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular Üzvi (barotravma) emosional labil pozuntu.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh inzibati orqan “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərardan 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək məhkəmədən tərəflərindən təqdim olunmuş vəsatətin təmin edilərək iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllə: Maddə 33.Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd edilməlidir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İddiaçının tələbi onun əlilliyinin müəyyən edilməsi barədə inzibati aktın ləğv olunmasına, yəni əlilliyin bərpa olunmasına yönəlmişdir. Məhkəmə hazırkı iş üzrə iddianın növünə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia yox, məcburetmə növündə iddiadır. Bu zaman əlilliyin təyin olunmasından imtina barədə qəbul edilmiş qərar, iddiaçının müraciətindən imtina xarakteri daşımaqla, hazırkı növ iddianın mübahisələndirmə növündə olmasını istisna edir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-243/2024 saylı iş üzrə qəbul etmiş olduğu xx.xx.2024-cü il tarixli qərarında da qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb edir. İddia tələbinin travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi kimi ifadə olunmasına rəğmən, əslində iddiaçının hüquqi marağının məzmunu və mahiyyəti baxımından həmin tələbə dair iddia mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə bilməzdi. Bu həm də mübahisələndirmə haqqında iddianın predmeti baxımından da mümkün deyil. Belə ki, İPM-in 32.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddianın predmeti yalnız əlverişsiz inzibati aktlar ola bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati orqanın təşəbbüsü ilə qəbul edilmiş və maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır. İddiaçının hazırkı məzmunda tələbi isə hərbi xidmət zamanı aldığı xəsarətin və onun səbəbli əlaqəsinin müəyyən olunmasına yönəlmişdir. Başqa sözlə, iddiaçı hərbi xidmət zamanı aldığı xəsarətin və onun alınma şəraitinə uyğun səbəbli əlaqənin müəyyən olunması, konkret halda isə əvvəllər müəyyən olunmuş səbəbli əlaqənin dəyişdirilməsi, daha dəqiqi onun arzuladığı qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan iddiaçının tələbi ifadə tərzindən asılı olmayaraq onun hüquqi marağının məzmunu və çatmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlidir. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hərbi xidmət zamanı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə iddiaçı əslində sosial təminatını yaxşılaşdırmaq məqsədi güdür. Qeyd olunmalıdır ki, oxşar mövqe hazırkı iş üzrə də iddianın məcburetmə növündə iddia olmasına dəlalət edir. Bu səbəbdən də əlillik dərəcəsinin təyin edilməsindən imtina barədə qərarın ləğv edilməsi və əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə münasibətdə iddianın müddətlə bağlı mümkünlüyü məsələsi, məcburetmə növündə iddia üçün nəzərdə tutulmuş müddətlə bağlı qayda əsas götürülməklə qiymətləndirilməlidir. AR İPM-nin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir) 5.5-ci bəndində qeyd edilir ki, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.4-cü bəndində qeyd edilir ki, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İşin faktiki hallarından Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0001 nömrəli qərarı ilə İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbilə əlillik verilməsindən imtina edilmişdir. Sözügedən qərar xx.xx.2023-cü il tarixdə sistemə daxil edilsə də iddiaçıya məxsus 051 *** ** ** mobil nömrəyə xx.xx.2023-cü il tarixdə sms göndərilmişdir. Məhkəmənin müvafiq sorğusuna "xxxx" MMC-nin 31421 №-li, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 051 *** ** ** mobil operator nömrəsi X2 adına xx.xx.2016-cı il tarixdən hazırkı dövrədək qeydiyyatdadır. 051 *** ** ** mobil operator nömrəsi isə xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Aqin oğlunun adına xx.xx.2015-ci il tarixdən hazırkı dövrədək qeydiyyatdadır. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi qərar barəsində məlumatlı olsa da, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, əlilliyin müəyyən edilməsindən imtina edilməsi (“Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən) barədə xx.xx.2022-cü il tarixi qərarın iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilməsi barədə qərardan məlumatın mövcud olması aşkar surətdə məlumatının olduğunu təsdiqedici sənədlər mövcuddur ki, lakin iddiaçı cavabdehin qərarının ləğv olunması ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məcburetmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtinə əməl etməmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə məcburetmə haqqında iddia növünə də aiddir. Məcburetmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması ilə yanaşı iddia müddətinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesindigər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla (nümayəndəsi və vəkili) müzakirə aparmış, iddiaçının nümayəndəsi və vəkili müddətin hər hansı üzürlü səbəbdən buraxılmasına dair heç bir əsas göstərməmiş (ötürülmüş müddətin bərpasına dair ərizə təqdim etməmiş) əksinə bildirmişdir ki, 051 *** ** ** mobil operator nömrəsi iddiaçıya məxsus olduğu halda cavabdeh inzibati orqan tərəfindən qərarın səhvən 051 *** ** ** mobil nömrəyə göndərilməsini əsas gətirərək cavabdeh inzibati orqanın vəsatətinin rədd olunmasını xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə,
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
Hakim: Rəşidə Quliyeva